Əlihüseyn Hüseynov – 100

İnsan əməyi, zəhməti sayəsində tanınır, müsbət fərdi cəhətlərinə görə də sevilir. Azərbaycan kinosunda özünəməxsus dəst-xəttinə görə seçilən Əlihüseyn Hüseynov da xoş insani keyfiyyətlərinə görə ətrafındakıların, peşəkar yaradıcılığına görə isə kinosevərlərin sevgisini qazanıb, tanınıb. Kino ustasının anadan olmasının 100 illiyi münasibətilə yaradıcılıq yoluna qısa nəzər salaq.

Əlihüseyn Ələkbər oğlu Hüseynov 1922-ci il dekabrın 5-də Qubada anadan olub. Kinoya, fotoqrafiya sənətinə hələ orta məktəbdə oxuyarkən maraq göstərib. Ali kino təhsili almağı arzu etsə də, İkinci Dünya müharibəsinin başlaması dövrünün gəncləri kimi onun da arzularını ürəyində qoyub, istəklərini məhdudlaşdırıb. Belə ki, orta təhsilini bitirdikdən sonra o, könüllü olaraq cəbhəyə yollanıb. 47-ci mühəndis-istehkamçı batalyonunda qısa vaxt ərzində atıcılığı öyrənib. I Ukrayna cəbhəsində gedən döyüşlərdə iştirak edib, 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb. Uzun müalicədən sonra 1945-ci ildə ordudan tərxis olunub. Vətənə qayıdandan sonra Qubada Sənaye Kombinatında fotoqraf işləyib.

Sevdiyi peşə ilə məşğul olmasına baxmayaraq, kinoda çalışmaq həvəsi onu heç vaxt rahat buraxmayıb. Məqsədinə çatmaq arzusu ilə də 1948-ci ildə Moskvaya üz tutub, Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. Arzu ilə məqsəd üst-üstə düşəndə, iradə və əzmkarlıq istəklərini gerçəkləşdirməyə təkan verəndə istedad qabarıq şəkildə özünü büruzə verir. Əlihüseyn Hüseynov da institutu bitirdikdən sonra 1954-cü ildə Bakıya qayıdır və Bakı kinostudiyasında böyük həvəslə işə başlayır, operator assistenti vəzifəsində çalışır. İlk dəfə görkəmli kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Görüş” bədii filmində (1955) kinooperatorlardan Teyyub Axundov və Cavanşir Məmmədovun assistenti olur. Bir il sonra kinorejissor Ağarza Quliyevin çəkdiyi “Qara daşlar”  kinodramında (1956, quruluşçu operatorlar Xan Babayev, Əsgər İsmayılov) II operator kimi çalışmaqla peşəsini daha da püxtələşdirir. Sözügedən filmlərdən də göründüyü kimi görkəmli kino xadimləri ilə çiyin-çiyinə işləməsi Əlihüseyn Hüseynovun peşə təcrübəsini artırır, müxtəlif mövzularda sərbəst işləməsinə imkan yaradır.

Bakı kinostudiyası ilə yanaşı Azərbaycan Televiziyasında paralel olaraq çalışan  Əlihüseyn Hüseynov televiziyada “Mahnı qanadlarında” (1959, rejissor-operator), “Bizim opera” (1960, rejissor-ssenarist-operator), “Süd kombinatında” (1960, rejissor-ssenarist-operator), “Əminə Dilbazinin rəqsləri” (1961, rejissor-operator), “Konsert” (1961, operator), kinostudiyada “Pambığın suvarılması texnikası” (1960, rejissor-operator), “Çobanlar” (1961, rejissor-operator), “Bacarıqlı əllər” (1963, rejissor-operator) və digər sənədli filmləri çəkir.

1960-cı ildə “Aygün” bədii-televiziya filminə müstəqil operator kimi quruluş verməklə fərdi yaradıclıq üslubunu daha qabarıq şəkildə göstərir. Bu filmdən sonra “Cazibə qüvvəsi” (1964) kinoalmanaxında, o cümlədən almanaxın “Zirvə” novellasında quruluşçu operator kimi çalışır.

Operatorun kinodakı gərəkli mövqeyini yaradıcılığında təsdiqləyən Əlihüseyn Hüseynov “Qaraca qız” kinoalmanaxındakı (1966) “Liftçi qız” novellasındakı quruluşlarında da hadisələri kameranın gözü ilə mövzuya uyğun dəqiq müşayiət edir, obrazların daxili aləmlərini, düşüncə və hərəkətlərini tamaşaçıya həssaslıqla çatdırır.

“İstintaq davam edir” (1966) macəra filmində natura çəkilişləri, şəhər mənzərəsi, dənizin, bulvarın gözəllikləri mövzunun axıcılığına rəvac verir, rejissor fikrini təsdiqləyir və tamamlayır. Bundan başqa, operatorun müxtəlif rakurslu planlardan, çəkiliş metodundan bacarıqla istifadə etməsi hadisələrin məzmununu diktə edir, filmin ideyasının çatdırılmasına kömək edir, yaradıcılıq üslubunun zənginliyini bir daha təsdiqləyir.

Görkəmli kinorejissor Muxtar Dadaşov tərəfindən ektranlaşdırılan “Qanun naminə” kinodramında hiss və həyəcan dolu kadrlar kameranın müşayiətilə izlənilir. Personajların həyat mövqeyini, düşüncə və davranışlarını təsdiqləyən hərəkət və jestlər dəqiq prizmadan göstərilir, prototiplərin mimika cizgiləri operatorun həssas işində məqamında nəzərə çarpır, kadrların daxili dinamikası təmin edilir.

“Qanun naminə” kinodramı kinooperator Əlihüseyn Hüseynovun bədii kinoda sonuncu işidir. Bu filmdən sonra o, rejissor kimi “Azərbaycanfilm” kinostudiyasında 10-a yaxın sənədli film (“Qədim diyarın gəncliyi” (1974, “Azərbaycantelefilm”, həm də operator), “Mənim iki beşilliyim” (1975), “Naxçıvan-50” (1975), “Min bir xəzinə” (1976), “Bakı Sovet Azərbaycanının paytaxtıdır” (1977), “Komissarın ürəyi” (1978) və s.) çəkib, 1979-cu ildən quraşdırma çəkilişləri sexində kinooperator vəzifəsində çalışıb. Lakin səhhətində yaranan problemlərə görə 1982-ci ildə kinodan birdəfəlik uzaqlaşıb. Uzun sürən xəstəlikdən sonra 1987-ci il iyunun 4-də vəfat edib.

Dövlət Film Fondu