Zeynəb Kazımova – 110

Azərbaycan kinosunun ibtidai mərhələsində, dirçəliş dövründə bu sənət ocağına üz tutan bilik və bacarığını kinomuzun inkişafına sərf edən ilk qadın rejissorlarımızdan biri də Zeynəb Kazımovadır. Bir sıra bədii və sənədli filmdə müxtəlif vəzifələrdə çalışan kinorejissorun anadan olmasının 110 illiyində (27.12.1912-25.09.1984) yaradıcılıq yoluna qısa nəzər salırıq.

Zeynəb Kazımova 27 dekabr 1912-ci ildə anadan olub. Hələ kiçik yaşlarından kinoya maraq göstərib. Sənətə olan sevgisinə görə də Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan kinostudiyasında işləməyə başlayıb (1935). Həmin ildə kinostudiyada istehsal olunan “Almaz” kinodramında komissiyanın üzvü rolunda çəkilib. Sözügedən filmdən sonra Aleksandr Popov və Qəmər Salamzadənin quruluş verdikləri “Dəcəl dəstə” (1937) filmində rejissor köməkçisi işləyib. 1940-cı ildə Bakı neftçilərinin həyatından bəhs edən “Yeni horizont” kinodramında, 1941-ci ildə isə Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətindən bəhs edən “Səbuhi” bioqrafik filmində montaj üzrə assistent kimi çalışıb. Sonrakı fəaliyyətində ardıcıl olaraq “Bir ailə”, “Arşın mal alan” (1945) filmlərində rejissor assistenti, “Fətəli xan”, “Bakının işıqları”, “Telefonçu qız” filmlərində ikinci rejissor işləyib, “Həyat öyrədir”, “Axırıncı namaz” qısametrajlı dramlarına və “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Dağ meşəsindən keçərkən” novellasına rejissor kimi quruluş verib. Sənədli kino rejissoru kimi tanınan Zeynəb Kazımova bu sahədə də fərqli və maraqlı mövzulara müraciət edib, o cümlədən “Akif Cəfərovun briqadası”, “Əzim Əzimzadə”, “Sevil Qazıyeva”, “Usta Aslan”, “İgidliyin əbədidir sənin”, “Muğan qızı”, “Sürəyya”, “Gəmilər tarlaya çıxır” və digər sənədli filmlər, kinojurnallar üçün bir sıra süjetlər çəkib.

Yaradıcılıq filmoqrafiyasına 30-dan çox film daxil olan Zeynəb xanımın bəxti onda gətirib ki, kinodakı fəaliyyəti dövründə görkəmli kinorejissorlardan Ağarza Quliyev, Rza Təhmasib, Yefim Dziqan, Qriqori Aleksandrov kimi kino biliciləri ilə çiyin-çiyinə çalışıb, yaradıcılığı boyu onlardan sənət sirlərini öyrənib. Sənətdəki fəaliyyəti yüksək qiymətləndirilib. Kinoda göstərdiyi xidmətlərə görə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Zəhmətkeşliyinə görə həmkarlarının, bacarığına görə ətrafdakıların hörmət və rəğbətini qazanan Zeynəb Kazımova müsbət fərdi cəhətlərinə görə həmişə sayılıb-seçilərdi.

Mənbələrin birində Zeynəb xanımın həyat yoldaşı, kinoaktyor, səs operatoru, Əməkdar mühəndis Ağahüseyn Kərimovun xatirələrinə rast gəlirik: “Zeynəb xanımın surəti həmişə gözlərim önündədir. Söhbətləri qulaqlarımda səslənir. Zeynəb xanımla “Səbuhi” filmində birgə işləyəndən sonra evlənmişdik. Onunla uzun illər dublyajda bir yerdə çalışmışıq. O, rejissor olub, mən isə səs operatoru. Zeynəb xanım çox işgüzar, özünə qarşı tələbkar, hər şeyin yerini bilən adam idi. İşdə də, evdə də səliqə-sahmanı çox sevərdi. Nəinki özünün, həm də həmkarlarının müvəffəqiyyətinə uşaq kimi sevinərdi.”

Bəli, Zeynəb Kazımovanın yaradıcılığı, əsasən də sənədli kinoda müraciət etdiyi vacib, gərəkli mövzular ətrafındakılar üçün olan narahatlığını və böyük sevgisini bir daha sübut edir.

Arzularını məsləyində gerçəkləşdirən, istəklərini əməllərində təsdiqləyən, düşüncələrini yaradıcılığına yansıdan sənət adamları məhz bu mənada xoşbəxtdirlər. Kinoda maraqlı və mənalı ömür yaşayan Zeynəb Kazımova da müsbət fərdi cəhətlərinə görə şəxsiyyətini, peşəkarlığına görə isə yaradıcılığını unudulmaz edib.

Dövlət Film Fondu