Rafiq Qəmbərov – 75

Azərbaycan kinosunda fərdi dəst-xəttinə, maraqlı və məzmunlu yaradıcılıq üslubuna görə seçilən istedadlı kinooperator, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı Rafiq Qəmbərovun 75 yaşı (31.12.1947) tamam olur. Fürsətdən istifadə edib çoxsaylı kinosevərələr və əməkdaşlarımız adından yubilyarı təbrik edir, cansağlığı, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Ömrünü sevib-seçdiyi kino sənətinə həsr edən Rafiq Qəmbərov 1966-1971-ci illərdə Ali kino məktəbinin məzunu olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. Sovet kinooperatoru, pedaqoq Leonid Kosmatovun emalatxanasını bitirib, kino ustasından sənətin sirlərini öyrənib. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonra isə “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərin operatoru kimi çalışıb, 40-a yaxın müxtəlif mövzulu film ekranlaşdırıb, bir neçə filmdə fotoqraf-rəssam kimi çalışıb. “Azərbaycanfilm” kinostudiyasında “Bakı haqqında 10 dəqiqə” (1970) qısametrajlı sənədli filmini ekranlaşdırdıqdan sonra ardıcıl olaraq bir sıra sənədli filmlər, “Mozalan” süjetləri çəkib, müxtəlif janrlı bədii filmlərə (operator kimi) quruluş verib.

Operatorun bədii kinoda debüt işi “Gilas ağacı” (1972) kinodramıdır. İkinci Dünya müharibəsi illərində uşaqların kədərli həyatından bəhs edən filmdə ekran hadisələrinin gərginliyini, insanların çətin, çıxılmaz vəziyyətini, böyüklərlə bərabər uşaqların düşüncə və psixologiyasını, ağrılı həyat şəraitini operatorun nəzərləri ilə izləyirik, həmin dövrün acınacaqlı vəziyyətinin şahidi oluruq.

Bu filmdən sonra “Bizim küçənin oğlanları” (1973), “1001-ci qastrol” (1974), “Vulkana doğru” (1977), “Dantenin yubileyi” (1978), “İstintaq” (1979), “Qəribə adam” (1979) və digər filmlərdə ekran hadisələrinin şərhini dolğun çatdıran operator müxtəlif rakurslu çəkilişləri ilə rejissorların ideyasının əksini dəqiq planlardan canlandırıb, hadisələrin real, inandırıcı təsir bağışlamasına zəmin yaradıb.

Bir ildə iki, bəzən üç film ərsəyə gətirən (“Azərbaycanın palçıq vulkanları”, “Çovqan oyunu”, “Lahıc” – hər biri: 1979, “Cəmşid Naxçıvanski”, “İstirahət gecəsi” – hər biri: 1982, “Fövqəladə hadisə”, “Rəngli yuxu” – hər biri: 1982 və s.) Rafiq Qəmbərov kino bilicisi peşəsinə məsuliyyətlə yanaşdığına, sənətinə bütün varlığı ilə sarıldığına görə böyük uğurlara imza atdı, kinosevərlər və həmkarları tərəfindən sevgi ilə əhatələndi.

Azərbaycan kinosuna məzmunlu ekran əsərləri bəxş etmiş tanınmış kinorejissorlardan Rasim Ocaqov, Əjdər İbrahimov, Tofiq İsmayılov, Gülbəniz Əzimzadə, Oqtay Mir-Qasım və digərləri ilə çiyin-çiyinə çalışan, maraqlı sənət nümunələri ərsəyə gətirən operatorun mövzulara fərdi yanaşma üslubu, müxtəlif planlı çəkiliş texnikasından məharətlə istifadə etmə bacarığı, obrazların həyat mövqeyini, psixologiyasını dəqiq prizmadan xarakterizə etməsi məntiqli təsvirlərin fonunda ədəbi əsərlərin ekranlaşdırılma səbəbini, mahiyyətini və tamaşaçı həyatındakı rolunu müəyyənləşdirib, filmlərin düşüncələrdə iz salmasına səbəb olub. Məhz bu mənada  filmlərin uğurlu ekran həllini tapmasında, maraqla izlənilməsində kino operatorlarının rolu böyükdür.

Hər bir işi ilə yaradıcılıq uğuruna imza atan Rafiq müəllim “Azərbaycanfilm” kinostudiyasındakı fəaliyyəti ilə paralel olaraq 1998-ci ildə Azərbaycan Fotoqrafları Birliyini yaradıb, 2007-ci ilə qədər bu təşkilata rəhbərlik edib. Həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, kinooperatorluq sənətinin  sirlərini gənc nəslə tədris edib.

İstedadlı kino xadiminin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib.  Kinoda göstərdiyi xidmətlərə görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, SSRİ Dövlət Mükafatı laureatıdır. 75 yaşlı kino xadiminə bir daha sənət uğurları,  tükənməz tamaşaçı sevgisi arzulayırıq.

Dövlət Film Fondu