Nadejda İsmayılova – 85

Danılmaz həqiqətdir ki, kinonun uğuru ssenaridən başlayır. Müxtəlif dövrləri əhatə edən hadisələr məhz ssenari müəlliflərinin yaradıcılığında əksini tapır, ekranlaşdırılır.

Azərbaycan kinosunda 50-yə yaxın (sənədli, bədii) filmdə ssenari müəllifi, redaktor kimi çalışan Nadejda İsmayılovanın düşüncələrinin süzgəcindən keçən məzmunlu ekran əsərləri də kinosevərlər tərəfindən maraqla qarşılanıb, rəğbətlə izlənilib. Çoxşaxəli yaradıcılığında peşəkarlıq nümayiş etdirən, müəllifi olduğu maraqlı verilişləri, publisistik proqramları ilə geniş tamaşaçı auditoriyasının sevgisini qazanan Nadejda İsmayılova 85 yaşını qeyd edir. Fürsətdən istifadə edib Nadejda xanımı yubiley yaşı münasibəti ilə təbrik edirik, cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.

Nadejda İsmayılova 14 yanvar 1938-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1962-ci ildə ADU-nun filologiya fakültəsini, 1968-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari və kinoşünaslıq fakültəsini bitirib. 1959-cu ildən etibarən Azərbaycan Televiziyasında əmək fəaliyyətinə başlayıb. Mənbələrin birində Nadejda xanımın həmin illərlə bağlı xatirələri diqqətimizi çəkir: “O vaxt universitetin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin üçüncü kursunda oxuyurdum. Əyani şöbədə. Oranın jurnalistika fakültəsinin rus bölməsi olmadığı üçün bu fakültəni seçmişdim. Dərsdən sonra televiziyaya gedirdim. Bir müddətdən sonra mənə dedilər ki, səni ştata götürmək istəyirik, amma gərək qiyabi şöbəyə keçəsən. Mən də razılaşdım. Ta 1996-cı ilə qədər Azərbaycan Televiziyasında çalışdım.”

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində işləyən istedadlı jurnalist televiziyadakı fəaliyyəti dövründə tamaşaçıların marağına səbəb olan “Dalğa”, “Həftə plyus”, “TV Kuryer” publisistik proqramlarının müəllifi və aparıcısı olub. Fərdi dəst-xətti və aktual mövzulara həssas yanaşma üslubuna görə diqqət çəkib, müəllif mövqeyindən çıxış edərək maarifləndirici, düşündürücü verilişlər ərsəyə gətirib.

Həmçinin Azərbaycan Televiziyasında ssenariləri əsasında “Arzu yolu ilə”, “Biz arzu edənlər nəslindənik”, “Azərbaycan xörəkləri”, “Meşədən evə”, “Gecə balıqçıları”, “Sirkin yeni mənzili”, “Üç üstəgəl milyon” və digər mövzu və məzmun baxımından maraq kəsb edən filmlər çəkilib.

Nadejda xanımın ssenariləri əsasında ərsəyə gələn Bakı haqqındakı filmlər Bakıya olan xüsusi sevgisini tərənnüm edir.  Şərqlə Qərb arasında körpü olan, qədim tarixlə zəngin Bakımızın yaxın-uzaq keçmişini əks etdirən filmlərdən “Bakı beş dəniz limanıdır” (Semyon Kuşnerlə birgə), “Bakıya xoş gəlmisiniz”, “Bakının mənzərələri”, “Bakı eliksiri” (Otto Dinaldla birgə) və digər ekran əsərləri tamaşaçıların Bakı haqqındakı təsəvvürünü dərinləşdirir, zənginləşdirir.

1975-ci ildən 1984-cü ilə qədər “Azərbaycanfilm” kinostudiyasında baş redaktor müavini vəzifəsində çalışan Nadejda İsmayılova burada bir neçə sənədli  (“Nabran” – Ruslan Şahmalıyevlə birgə və s.), bədii (“Asif, Vasif, Ağasif” və s.) filmin ssenarisini yazıb. Həmçinin bir sıra sənədli (“Yeddi gözəl”, “Unudulmuş qəhrəman” – Dinarə Gərəkməzli ilə birgə və s.), animasiya (“Qırmızılar, qaralar və başqaları”), bədii (“Ad günü”, “Bayquş gələndə…”, “Bir ailəlik bağ evi”, “Dantenin yubileyi”, “Qorxma, mən səninləyəm”, “Mezozoy əhvalatı”, “Park”, “Yol əhvalatı” və s.) filmlərin redaktoru olub. Ssenarisi əsasında 1980-ci ildə Gülbəniz Əzimzadənin quruluş verdiyi “Təkcə adanı özünlə apara bilməzsən” filmi 1980-ci ildə Kiyevdə keçirilən XI Respublika “Gənclik-80” kinofestivalında Ətraf mühitlə bağlı aktual mövzunun təcəssümünə görə münsiflər heyətinin Diplom və Prizini alıb və bir neçə mükafata layiq görülüb.

Jurnalist-publisist kimi fərdi yaradıcılıq üslubunu imza atdığı hər bir işində təsdiqləyən, çoxsaylı tamaşaçı sevgisi ilə əhatələnən Nadejda İsmayılova 1988-ci ildə Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülüb, 1990-cı ildə Azərbaycanın Əməkdar jurnalisti fəxri adını alıb.

Dövlət Film Fondu