Zaur Məhərrəmov – 85

Filmlər rejissorların təfəkkürünün məhsulu olsa da, müxtəlif mövzulu həyat hekayələrini kino operatorlarının nəzərləri ilə izləyirik. Azərbaycan kinosunda məzmunlu yaradıcılıq üslubuna görə seçilən, çoxsaylı tamaşaçı rəğbəti qazanan kinooperatorlarımızdan biri də Əməkdar incəsənət xadimi Zaur Məhərrəmovdur. “Azərbaycanfilm” kinostudiyasında 70-ə yaxın film ərsəyə gətirən operator yubiley (85) yaşını qeyd edir. Fürsətdən istifadə edib kino ictimaiyyəti və əməkdaşlarımız adından yubilyara cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

İnsan peşəsinin vurğunu olanda daha çox uğur əldə edir. Zaur Məhərrəmov da kinostudiyadakı fəaliyyəti boyunca peşəkarlıq nümayiş etdirib, cəmiyyət üçün gərəkli sənət nümunələri ərsəyə gətirib, istedad və bacarığına görə də tanınıb, sevilib. Yaradıcılığı boyu (operator kimi) 10-dan artıq bədii (“Mən mahnı qoşuram”, “Gözlə məni”, “Xatirələr sahili”, “Qızıl qaz” və s.), 50-dən çox sənədli (“Qobustan”, “Naxışların yaddaşı”, “Daşlar danışanda” və s.) film çəkib. Operator (“Azərbaycan haqqında etüd”, “Burada başlanmışdır” və s.), rejissor-operator (“Daş yaddaş”, “Əmbizlərin keşiyində”, “Azərbaycana səyahət” və s.), ssenarist kimi (“Soltan quşunun sorağında” (Toğrul Cuvarlı ilə birgə), “Əshabi-Kəhf” və s.) müxtəlif mövzulu sənədli filmlər ekranlaşdırıb. Filmləri bir çox beynəlxalq kinofestivallarda mükafatlar qazanıb.

Zaur Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda ziyalı ailəsində anadan olub. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında assistent kimi işləməyə başlayıb. 1957-1963-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq fakültəsində təhsil alıb. İnstitutu əla qiymətlərlə bitirərək yenidən  “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi fəaliyyətini davam etdirib.

İmza atdığı hər bir filmdə peşəkarlıq nümayiş etdirən Zaur Məhərrəmov ədəbi əsərlərə müəllif-operator mövqeyindən yanaşaraq ekran obrazlarının xarakterlərini, hadisələrin məzmununu ifadəli şəkildə təqdim edib, ekran hadisələrinin baxımlılığını artırıb.

Zaur Məhərrəmov bədii kinoda operator kimi ilk dəfə “Su ərizəsi” (1964) kinodramına quruluş verib. Film XX əsrin əvvəllərində Azərbaycan kəndlərinin birində baş verən hadisələrdən bəhs edir. İnsanların hüquqsuzluğundan, çar hökuməti məmurlarının laqeydliyindən danışan kinodramda operator insanların ağır, çətin həyat şəraitini, gərginliklə dolu yaşam tərzini müxtəlif üslublu çəkiliş vasitələrilə nəzərə çarpdırıb, yaxın keçmişə aid boz mühitin kədərli hekayəsini, faciəsini ustalıqla təsvir edib. Məhz bu mənada kinonun uğurunu həm də operatorların sənət bilgisi və istedadı təmin edir desək, yanılmarıq.

Bu filmdən sonra “Uşaqlığın son gecəsi” (1968, rejissor Arif Babayev) məhəbbət dramına quruluş verən operator yaradıcılıq imkanlarından daha geniş istifadə edərək filmin baş qəhrəmanları Rüstəm və Muradın simasında həyatını nizama salmağa, özünü tapmağa, cəmiyyətdəki rolunu müəyyənləşdirməyə çalışan gənclərin düşüncə və psixologiyasını incə ştrixlərlə xarakterizə edib, personajların davranış və düşüncələrini bəzən romantik-poetik, bəzənsə realist təsvirlərlə xarakterizə edib.

Kinonun mühüm missiyası xeyirlə şərin mübarizəsini əks etdirmək, xeyirin qalibiyyətini mühüm həyat faktı olaraq təsdiqləmək, filmlərin leytmotivinə çevirməkdir. Filmdə müsbət xarakterli gənclərin üstünlükləri, məqsədyönlü həyat amalının, ali fikirlərin qalib olması operatorun dəqiq mizanladığı prizmalardan realizə olunur, qəbul edilir.

Tanınmış kino rejissorları ilə çiyin-çiyinə işləyən operator “Xatirələr sahili”, “Qızıl qaz” kinodramlarında da sənət bilgisinin, bacarığının nəticəsi olaraq təsvirlə məzmun tamlığı fonunda dolğun yaradıcılıq təqdim edib.

Sənədli kino ilə paralel olaraq bədii kinoda fəaliyyətini uğurla davam etdirən Zaur Məhərrəmov çəkdiyi kadrları fərdi yaradıcılıq üslubuna uyğun ekranlaşdırır, yüksək keyfiyyətli, baxımlı ekran əsərlərini kino salnaməmizin qiymətli sənət inciləri sırasına daxil edir. “Ad günü”, “Mən mahnı qoşuram”, “Gözlə məni” və digər filmlər bu gün də uğurlu ekran taleyini yaşamaqdadır.

Görkəmli kinorejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun quruluş verdiyi “Dərviş Parisi partladır” kinokomediyası 40 ildən çoxdur ki, tamaşaçılar  tərəfindən maraqla izlənilir. Filmdə ustad sənətkar Arif Nərimanbəyovla birgə çalışan  Zaur Məhərrəmov kinokomediyada təqdim olunan natura və dekorasiya təsvirlərini maraqlı planlardan təsvir edir, detal və fon çəkilişlərini həssaslıqla ekranlaşdırır.

Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah” klassik komediyasının motivləri əsasında çəkilən filmdə XVIII əsrin ikinci yarısında Qarabağda cərəyan edən hadisələrdən bəhs edilir. Feodal Azərbaycanında hökm sürən ətalət və gerilik tənqid edilir, mütərəqqi meyillərin yaranmasından danışılır. Filmin baş qəhrəmanı Şahbaz bəyin simasında gənclərin biliklərə yiyələnməsi təbliğ olunur, yalnız və yalnız mütərəqqi düşüncəli insanların olduğu bir mühitdə cəhalət dolu düşüncələrdən xilas olmağın mümkünlüyü göstərilir. Bu və ya digər filmlərdən də göründüyü kimi ədəbi əsərlərin ideoloji mesajı, əhəmiyyəti, tövsiyəsi yaradıcı heyətin (rejissor, operator, bəstəkar, aktyor və b.) birgə səyi, çalışqanlığı və sənət biliciliyi sayəsində təsdiqini tapır, təqdim olunur.

Operator lentə aldığı “Üzü küləyə”, “Üzeyir ömrü”, “Tənha narın nağılı” və digər filmlərdə də yaradıcılıq axtarışlarının uğurlu nəticəsi olaraq ədəbi əsərlərin bədii keyfiyyətinin yüksək olmasını təmin edib. Müəlliflərin istək və məqsədlərini məntiqli quruluşları fonunda diktə edib, filmərin keyfiyyət kateqoriyasını peşə biliciliyi sayəsində yüksək səviyyədə təsdiqləyib.

1970-ci ildən sənədli kinoda rejissor kimi çalışan Zaur Məhərrəmov operator və rejissor kimi müxtəlif janrlı filmlərin məzmununa uyğun realist yaradıcılıq nümayiş etdirib, ekran hadisələrinin mahiyyətini təsdiqləyən, əhəmiyyətini göstərən kadrlar ərsəyə gətirib. Dəqiq prizmalardan canlandırdığı rakurslar vasitəsilə yeri gələndə poetik sənət nümunələri, yeri gələndə isə həyatımızın, məişətimizin doğru izahını verən real, dolğun kadrlar nümayiş etdirib.

Azərbaycan kino salnaməsinə qiymətli sənət nümunələri bəxş edən, maraqlı, məzmunlu filmləri ilə yaradıcılığını gənc kinematoqrafçılar üçün əyani tədris vasitəsinə çevirən istedadlı kino xadimi artıq uzun illərdir ki, Türkiyədə Anadolu Universitetinin kino və TV bölməsində dərs deyir, bilik və bacarığını kino mütəxəssislərinə tədris edir. Sevdiyi sənətini həmişə yükək səviyyədə təbliğ və tədris edən Zaur Məhərrəmova bir daha yaradıcılıq nailiyyətləri, cansağlığı arzulayırıq.

Dövlət Film Fondu