Sofa Bəsirzadə – 105

Teatr, kino məbədgahdır, ülvi hisslərin, həyat gözəlliklərinin təcəssümü olan mədəniyyət ocaqlarıdır. Bura üz tutanlar isə yaradıcılıqlarında zamanı qabaqlayan, ziyalı insanların təfəkkürünün məhsulunu incəliyinə qədər cilalayan, qəlbləri nurlandıran missionerlərdir. Maraqlı, məzmunlu teatr və kino rolları ilə çoxsaylı tamaşaçı auditoriyasının rəğbətini qazanan Sofa Bəsirzadə də ömrü boyu sevərək seçdiyi məsləyini yüksək səviyyədə təqdim etdi. Sənətinin fövqündə müxtəlif dövrlərin müasirlərinin xarakter və psixologiyasını ifadəli, dolğun yaratdı. Özünəməxsus tərzdə mövzulardan irəli gələn vacib nüansları tamaşaçıların diqqətinə çatdırdı, ekran əsərlərinin ideya məzmununu incəliklə cilaladı, təhlil etdi.

Kiçik yaşlarından sənətə maraq göstərən, gözəl şeir demək, rəqs etmək bacarığına görə yaşıdlarından seçilən Sofa Bəsirzadə sənətə olan böyük marağına görə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə (1936) daxil olub. Üçüncü kursda oxuyarkən Azərbaycan Milli Dram Teatrının aktyor truppasına qəbul edilib. Teatrın səhnəsində daha çox dramatik rollar oynayıb, həmçinin qroteskli satirik tamaşalarda rollar alıb. Səhnədə atdığı ilk addımdan teatrsevərlərin sevgisini qazanıb. Aktrisanın daxili imkanlarının zənginliyi, geniş potensialı müxtəlif səpkili rolların öhdəsindən bacarıqla gəlməsinə imkan verib. Akademik Teatrdan sonra teatr fəaliyyətini Bakı Bələdiyyə Teatrında davam etdirib. Orada fərqli rolları maraqlı mizanda təqdim edib. Həyatının mənasına çevirdiyi, ikinci evi bildiyi teatr səhnəsində 60 ildən çox fəaliyyət göstərib.

Sofa Bəsirzadənin televiziya tamaşalarında oynadığı rolları da geniş tamaşaçı auditoriyasının unutmadığı obrazlardır. “Günahsız Abdulla”da ana, “Yollar görüşəndə” tamaşasında Töhfə, “Göz həkimi”ndə Nina Nikolayevna və başqa obrazlar aktrisanın dramatik, psixoloji rolların öhdəsindən məharətlə gəldiyini təsdiqləyir. Teatrda olan çoxşaxəli sənət təlimatı sonralar onun kinoda böyük nailiyyətlər əldə etməsinə səbəb olur.

Azərbaycan kinosunda yaddaqalan qadın obrazları yaradan Sofa xanımın fərqli kino obrazları içərisində ciddi, eyni zamanda baməzə xarakterli rolları var. Aktrisanın dərin sənət bilgisi kino personajlarının bənzərsizliyinə zəmin yaradıb. 20-dən çox filmdə maraqlı, koloritli rollar ifa edib, yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştirak edib.

Aktrisa ilk dəfə görkəmli kinorejissor Ağarza Quliyevin (Qriqori Braginski ilə birgə) quruluş verdiyi “Yeni horizont” (1940) filmində Validə rolunda çəkilib. Bundan sonra “Qara daşlar” filmində Lalə, “Var olun, qızlar”da Səkinə xanım, “Dədə Qorqud”da dayə, “Mən mahnı qoşuram”da Abdullanın yoldaşı, “Yol əhvalatı”nda Sona nənə və başqa filmlərdə yaddaqalan rollar yaradıb. Obrazların daxili mənini duyan, psixologiyasını  incəliklə şərh edən, həyat mövqeyinin mahiyyətini göstərən aktrisanın kiçikplanlı rolları belə ekran əsərlərinin məna dəyərinin açılmasına kömək edib.

Sofa xanım filmlərdə oynadığı rollarla yanaşı, səsləndirdiyi personajlara da böyük uğur gətirib. “Görüş” kinokomediyasında Lala İzmayılova, “Telefonçu qız” filmində Zərəngiz, “Yenilməz batalyon”da Xavər xanım və başqa filmlərdə baş və aparıcı rolları ahəngdar səsi ilə səsləndirib, ekran əsərlərinin uğuruna ifaçılar qədər imza atıb. Heç vaxt rollarının böyük-kiçikliyinin, mənfi-müsbət olmasının fərqinə varmayan aktrisa, əsasən, təqdimat və səsləndirmədə peşəkarlığa önəm verib. Göründüyü kimi, kino obrazları da teatral rolları qədər aktrisanın yaradıcılığının əsasını təşkil edib, tamaşaçı auditoriyasını genişləndirib. İncə yumor hissinin olması isə komik janrlı filmlərdəki obrazların istək və məqsədini müəyyənləşdirib, ironik səpkili dialoqların, monoloqların məntiqli çatdırılmasına səbəb olub.

Sofa Bəsirzadə mehriban həmkar kimi də tərəf-müqabilləri və dostları tərəfindən sevilirdi. İnsanlarla münasibətin, ünsiyyətin vacibliyini, müsbət şəxsi keyfiyyətlərini məhz davranışlarında, münasibətlərində göstərməli olduğunu, özünü sevdirməyi bacarmağın labüdlüyünü gözəl bilirdi. İnsanlar arasında qazandığı sevgi və hörmətə görə də ona “Sofa xanım” deyə müraciət edərdilər.

Gənc yaşlarından səhnəyə bağlılığını xarakterik, koloritli rolları ilə sübut edən aktrisa məzmunlu ekran rollarına, dolğun teatr yaradıcılığına görə yoxluğunda belə dərin hörmət hissi ilə xatırlanır, unudulmur.

Dövlət Film Fondu