Əliağa Ağayev – 110

Xalq artisti Əliağa Ağayevin (1913-1983) adı çəkiləndə göz önündə maraqlı, baməzə, komik rolları canlanır, istər-istəməz çöhrələrdə təbəssüm yaranır.

Azərbaycan teatr, kino sənətində istedadına, bacarığına görə sənətsevərlərin böyük rəğbətini qazanan Əliağa Ağayev sənətdə tanınıb, məşhurlaşana qədər çətin bir yol keçib. 1913-cü ilin mart ayının 22-də Bakıda dünyaya göz açan gələcəyin məşhur aktyoru erkən yaşlarında valideynlərini itirib. Ailədə böyüyən üç qardaş ağır həyat şəraitinin nə olduğunu hələ erkən yaşlarından hiss etməli olublar.

Əliağa Ağayev yeddinci sinfi bitirdikdən sonra Bakıdakı Paris Kommunası adına Gəmi Təmiri Zavodu nəzdindəki sənət məktəbində oxuyub. Məktəbi  bitirdikdən sonra həmin zavodda gəmi çilingəri işləyib. Hələ uşaq yaşlarından sənətə böyük həvəs göstərdiyinə görə burada su nəqliyyatı işçilərinin dram dərnəyinə də gedib.

Həvəskar aktyor kimi özfəaliyyət səhnəsində M.F.Axundzadənin “Hacı  Qara” tamaşasında eyniadlı rolu ifa edən Ə.Ağayev bir müddət sonra peşəkar aktyor kimi səhnəyə çıxıb. Dövlət Dram Teatrının tamaşalarına baxmağa gedən Əliağa Ağayev burada A.M.Şərifzadənin, Ülvi Rəcəbin, M.Davudovanın, M.A.Əliyevin, S.Ruhullanın, İ.Hidayətzadənin və digər görkəmli sənətkarların ifasındakı tamaşaları izlədikcə aktyorluq sənətinə olan həvəsi daha da artıb. Həmin vaxtdan da həyatını aktyor sənətinə bağlamağı qərara alıb.

1936-cı ildə Fəhlə Uşaqlar Teatrında (sonralar Gənc Tamaşaçlar Teatrı adlandırıldı)  çıxış edib, ilk rolu “Kapitan Qrantın uşaqları” tamaşasında Dik obrazı olub.

Kinoda debüt rolu “Görüş” kinokomediyasındakı  Şıxəli obrazıdır. Mənbələrin birində filmin rejissoru T.Tağızadənin müsahibəsindən: “Ə.Ağayev kinoda ilk dəfə oynamasına baxmayaraq, elə bil çəkiliş meydançasına dəfələrlə çıxmışdı. Özünü elə sərbəst aparırdı ki, ona nəyi isə izah etməyə, oyununa düzəliş verməyə ehtiyac qalmırdı. O, işə çox ciddi yanaşırdı. Rola elə girirdi ki, həyatda da özünü Şıxəli kimi hiss edirdi.”

Aktyorun digər ekran personajlarından Məşədi İbad (“O olmasın, bu olsun”),    mühəndis (“Qara daşlar”), Feyzi (“Bir məhəlləli iki nəfər”), fəhlə (“Telefonçu qız”) , dəmirçi (“Koroğlu”), Məmişov (“”Kazbek” qutusu”) və digər  rolları bu gün də maraqla izlənilən ekran personajlarıdır.

İncə yumor, mənalı gülüş Əliağa Ağayev yaradıcılığının əsasını təşkil edir.  Görkəmli aktyorun zəngin peşə təcrübəsi, müəlliflərə olan hörməti, rolu duyub, hiss etmə qabiliyyəti, personajın daxili aləmini incəliyinə qədər çatdırma məharəti onu yaradıcılığı fonunda məşhurlaşdırıb, sevdirib.

Məşhur “O olmasın, bu olsun” musiqili kinokomediyasında böyük ustalıqla, inandırıcı boyalarla oynadığı Məşədi İbad rolu aktyora geniş şöhrət qazandırıb.  

“”Kazbek” qutusu” satirik komediyasında yaratdığı Məmişov obrazı isə bitkin rol olduğuna görə istehzalı gülüşlə, ironik təbəssümlə izlənilən personajdır.

Mənzil-istismar idarəsinin rəisi Məmişov şikayətçiləri qəbul edərkən sifət  cizgiləri anidən dəyişir, başqalaşır, jest və hərəkətləri təəccüb yaradır, prototipin xarakter dəyişkənliyi istehza doğurur. Məmişovun xarakterini, gülüş doğuran cəhətlərini məharətlə çatdıran sənətkar rolu inandırıcı təqdim etməklə müəllif-aktyor olaraq obrazın həyat mövqeyini, niyyət və məqsədini qınayır, bitkin formada, satirik məzmunda tənqid hədəfinə çevirir.

“Sehrli xalat” nağıl filmində canlandırılan Xan obrazı Ə.Ağayev tərəfindən yüksək sənətkarlıqla yaradılıb. Xanın hiyləgər, zalım xüsusiyyətləri aktyorun təqdimatında maraqlı jestlərlə, danışıq tərzi, lazımi məqamlarda rola uyğunlaşdırdığı intonasiya və ifa maneraları ilə təqdim olunub.

Aktyorun istedad göstəricisi olan baxımlı ekran personajlarından biri də  “Əhməd haradadır?” kinokomediyasındakı xəzinədar roludur. Bütün dövrlər üçün qeyri-normal davranışına, qəliz cəhətlərinə görə ictimaiyyətin qınaq obyektinə çevriləcək personaj aktyorun peşəkar təqdimatında, orijinal hərəkət və danışığında gülüş hədəfinə çevrilir.

Aktyorun “Qanun naminə” kinopovestində oynadığı Məmmədxan, “Bizim Cəbiş müəllim” filmində Əbülfəz, “Dəli Kür”də kəndli, “Bizim küçənin oğlanları” televiziya filmində Mehdi, “Evlənmək istəyirəm” kinokomediyasında Kərbəlayi  Zal rolları müxtəlif dövr müasirlərinin xarakterləri ilə tamaşaçıları tanış edən, düşündürən, nəticə  çıxartmağa vadar edən personajlardır. Özünəməxsus yaradıcılıq manerası olan, düşündürən, düşündürdükcə də güldürən aktyor bütün ekran rollarını böyük şövqlə, canına, qanına hopan istedadı,  bacarığı ilə ərsəyə gətirib, aktual məzmunlu, baxımlı edib.

Adını Azərbaycan teatr, kino sənəti tarixinə qızıl hərflərlə yazan Əliağa Ağayev teatr, kino fəaliyyəti ilə paralel olaraq, “Mozalan” satirik kinojurnalının süjetlərinə də çəkilib, dublyaj studiyasında yerli və xarici filmləri səsləndirib, televiziya və radioda müxtəlif mövzulu veriliş və tamaşalarda çıxış edib. Sənətdə atdığı hər bir addımında da peşəkarlığını təsdiqləyib, yaradıcılığını yaddaşlarda əbədiləşdirib.

Böyük istedada malik sənətkar səhnədə, ekranda məzmunlu, dolğun obrazlar yaratdığına, bənzərsiz rollarına, sənətsevərlərin yaddaşında iz saldığına görə xatirəsi daim əziz tutulacaq, hörmətlə yad ediləcək.

Dövlət Film Fondu