Xalq artisti Yusif Vəliyevin doğum günüdür

Xalq artisti, görkəmli teatr, kino aktyoru Yusif Vəliyev sənət zirvəsini və qəlbləri fəth edən (22.03.1917-18.03.1980) sənətkarlarımızdandır. Unudulmaz aktyorun Azərbaycan kinosunda yaratdığı məzmunlu, koloritli obrazlar qalereyası orijinal üslubda, yüksək səviyyədə təqdim olunan, milli kino salnaməmizi zənginləşdirən dəyərli sənət nümunələridir. Yaradıcılıq filmoqrafiyasına 60-a yaxın film daxil olan sənətkar filmlərə çəkilməklə yanaşı, dublyaj studiyasında da çalışıb, onlarla yerli və xarici filmi doğma dilimizdə peşəkarlıqla səsləndirib. Buna görə də sənəti örnək aktyorun yaradıcılığından danışarkən dublyaj fəaliyyətinə toxunmamaq mümkün deyil. Ustad sənətkarın aydın tələffüzü, məxməri, amiranə səs tembri, qüsursuz diksiyası 40-a yaxın yerli filmimizdəki personajları uğurla səsləndirməsinə imkan yaradıb, həmçinin əcnəbi aktyorların ifasını dolğun çatdırmağa, dublyaj sənətinin estetik keyfiyyətlərini üzə çıxarmağa əsas verib, kinonun vacib qolu olduğunu təsdiqləyib.

Zamanın gedişatını, cəmiyyətin əxlaqi keyfiyyətlərini fərdi yaradıcılığında,  zəngin sənət taktikası ilə cilalayan aktyor ifa etdiyi hər bir rol və səsləndirdiyi hər bir personaj üçün olduqca maraqlı, yaddaqalan ştrixlər axtarıb tapıb, ekran obrazlarının bənzərsizliyinə, məzmun və məntiqinə dərinlik gətirib.

Yusif Vəliyevin sənətinə, ana dilimizə olan sevgisi, hörməti, böyük məsuliyyəti dublyaj sənətində Azərbaycan dilinin mükəmməl təqdimatına, yadelli aktyorların ifasının daha məntiqli çatdırılmasına səbəb olub. Məhz buna görə də kino və dublyaj rejissorları Yusif Vəliyevi xüsusi olaraq filmlərindəki obrazları səsləndirməyə dəvət ediblər, mogikan sənətkarın səsindən daha çox bəhrələniblər.

Görkəmli kinorejissor Ağarza Quliyevin çəkdiyi “Qara daşlar” (1956) filmində ilk dəfə neftçi rolunu səsləndirən aktyor bundan sonra “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Bizim küçə” filmində Lars, “Sehrli xalat” uşaq filmində İo-Kio, “Uzaq sahillərdə” müharibə dramında Tinti, “Yenilməz batalyon” da Kolpakov, “Dədə Qorqud” film-dastanında Bayandır xan, “Skripkanın sərgüzəşti” müharibə filmində Besfamilnı və başqa aktyorların canlandırdığı obrazlara səsi ilə bir daha baxımlılıq gətirib, fərdi keyfiyyətlərin cəmində müxtəlif dövr müasirlərinin əhval-ruhiyyəsini həssaslıqla çatdırıb, ictimai mühitinin ab-havasını hiss etdirib.

Yaradıcılıq profilini əsasən dramatik üslubda püxtələşdirən aktyorun səsləndirdiyi personajlar kino rolları kimi dramatikdir. Ekran personajlarının ictimai, şəxsi keyfiyyətləri, ətrafdakılara olan münasibətləri aktyorun tükənməz istedadı sayəsində cilalanır, obrazların xarakterini yüksək səviyyədə təqdim və təhlil edir.

Sənətinin ustadı “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox filmdə baş və əsas rolları səsləndirib, ekran personajlarına ifaçılar qədər uğur qazandırıb. “Dağlarda döyüş” kino dramında Sərxan (aktyor Rza Əfqanlı), “Axırıncı aşırım”da Kərbəlayi İsmayıl (aktyor Adil İsgəndərov),  “Həyat bizi sınayır”da Sadıq  (aktyor Sadıq Həsənzadə), “Ən vacib müsahibə”də Cəbrayıl (aktyor Rza Təhmasib), “Yeddi oğul istərəm”də Kərəm (aktyor Məmmədrza Şeyxzamanov) və digər xarakterik obrazlar bir daha mənalı, əzəmətli, ahəngdar səsin təqdimatında sevilib, izlənilib. Təkcə “Dərviş Parisi partladır” kinokomediyasında Dərviş (müğənni-aktyor Mirzə Babayev) obrazını xatırlamaq kifayətdir ki, aktyorun səmimi, sərbəst səsləndirməsində mürəkkəb xüsusiyyətli personajın hiyləgər, acgöz, fırıldaqçı xüsusiyyətlərini dəqiqliklə çatdırdığını görək, sənətə olan sonsuz vurğunluğunu, yüksək səviyyədə təqdimatını, peşəkarlığını bir daha alqışlayaq.

Xarakterik rollar filmlərin məzmununu dərinləşdirir, baxımlılığını artırır.  Dramatik-psixoloji rolların mahir ifaçısı olan, zəngin yaradıcılığı fonunda daim peşəkarlıq nümayiş etdirən Yusif Vəliyev də orijinal üslubda təqdim etdiyi ekran personajları ilə müxtəlif həyat hadisələrinin inandırıcılığına zəmin yaradıb, filmlərin sevilərək izlənməsinə səbəb olub. Milli kinomuzda 10-dan artıq filmdə bənzərsiz rollar yaradan aktyor 1960-cı ildən etibarən ən parlaq ekran obrazlarını təqdim edib, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Aktyorun “Cazibə qüvvəsi” (1964) kinoalmanaxına daxil olan “Zirvə” novellasında canlandırdığı Fəraməz, “Sən niyə susursan?” (1966) kinodramındakı Şirməmməd, “Uşaqlığın son gecəsi”  (1968) filmindəki iş icraçısı, “Tütək səsi” (1975) kinodramında Qılınc Qurban, “Arxadan vurulan zərbə” (1977) detektiv filmindəki Qurd Cəbrayıl və digər rolları sənət biliciliyini təsdiqləyən, bu gün də maraqla izlənilən personajlardır.

Zəngin yaradıcılığa malik aktyorun yaddaqalımlı ekran obrazları sənətsevərliyinin təntənəsidir, xarakterlər ustası olmasının təsdiqidir. Müxtəlif janrlı ekran əsərlərinin məzmununu şərh edən, realist yaradıcılığı fonunda fərqli dövrlərin inikasını, real insan obrazlarını yaradan, kinonun həyat üçün vacibliyini hər bir rolu ilə vurğulayan aktyor yüksək sənətkarlıq keyfiyyətinə, sonsuz sənət sevgisinə görə unudulmur, əziz xatirəsi ehtiramla anılır.

Dövlət Film Fondu