Yazıçı Sabit Rəhmanın doğum günüdür

Yazıçı, dramaturq, ssenarist Sabit Rəhman (26.03.1910-23.09.1970) Azərbaycan ədəbiyyatının böyük bir dövrünün formalaşması və təşəkkülündə özünəməxsus rolu olan sənətkarlarımızdandır. Ədəbi fəaliyyətində onlarla hekayə, felyeton, komediya, povest, roman, musiqili komediya və başqa janrlarda yazıb-yaradan yazıçı həm də satirik, lirik komediyaları ilə Azərbaycan komedioqrafiyasına zənginlik gətirib.

Sabit Kərim oğlu Mahmudov 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olub. İlk təhsilini orada aldıqdan sonra Bakıda Abdulla Şaiq adına məktəbdə oxuyub. 1929-1932-ci illərdə Bakı Ali Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsində təhsil alıb. “Molla Nəsrəddin”, “Kommunist”, “Gənc işçi”, “Yeni yol”, “Dağıstan füqərası”, “Nuxa fəhləsi” qəzet və jurnal səhifələrində müxtəlif səpkili (məqalə, şeir, felyeton və s.) yazılarla çıxış edib. Bir müddət sonra teatrda bədii hissə müdiri işləyib. 1936-1937-ci illərdə Moskvada ssenari kursunda təhsil aldıqdan sonra kino sənəti ilə bağlılığı yaranıb. Bir müddət Bakı kinostudiyasında ssenari şöbəsinin müdiri işləyib,  1945-1946-cı illərdə kinostudiyanın direktoru vəzifəsini icra edib. Azərbaycan kinematoqrafiya nazirinin müavini vəzifəsində çalışıb.

Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman həm də XX əsr Azərbaycan komedioqrafiyasının və kinodramaturgiyasının görkəmli nümayəndəsidir. Dərc etdirdiyi felyetonlarda, tənqidi məqalələrdə müxtəlif dövr müasirlərini narahat edən məsələləri, insanların sosial şəraitini, ailə-məişət problemlərini, mürəkkəb, qəliz münasibətlərini gündəmə gətirib, qeyri-normal cəhətləri tənqid hədəfinə, qınaq obyektinə çevirib. Hekayələri (“Şirin bülbül”, “Mir Qasımın macəraları”, “Kölgələr”, “Qohumlar” və s.), povestləri (“Vəfasız”, “Son faciə”), pyesləri (“Toy”, “Xoşbəxtlər”, “Aydınlıq” və s.) geniş oxucu kütləsinin marağına, diqqətinə səbəb olub.

Təkcə nasir, dramaturq kimi yox, qeyri-adi istedadı, fərqli düşüncəsi ilə kinossenarist kimi də uğur qazanan ədib Azərbaycan kino salnaməsində mühüm yer tutan “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin ssenarisi yazıb.

Klassik dramaturgiyanın gözəl nümunəsi olan “Arşın mal alan” (1945) filmi ekranlara buraxıldıqdan sonra böyük şöhrət qazanıb, yaradıcı heyətin yeddi nəfər üzvü SSRİ Dövlət mükafatına layiq görülüb.

Görkəmli kinorejissor Hüseyn Seyidzadə 1956-cı ildə “O olmasın, bu olsun” filmini ekranlaşdıranda operettanın ssenarisinin yazılmasını Sabit Rəhmana tapşırır. Dramaturq ssenari üzərində işləyərkən operettanın süjet planını, ideyasını, obrazlar sisteminin zənginliyini, klassik əsərin özünəməxsus üslubunu qoruyub saxlayır. Kinokomediyada ironik, gülüş doğuran hadisələr zəngin satirik məna çalarları ilə tənqid hədəfinə çevrilir, ciddi, narahatlıq doğuran problemlər janra müvafiq şəkildə əks olunur. Kino tariximizin əhəmiyyətli səhifəsini təşkil edən film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır, bu gün də uğurlu ekran taleyini yaşayır.

Hüseyn Seyidzadə “Koroğlu” qəhrəmanlıq dastanı üzərində işləyəndə də filmin  ssenarisini yazmağı Sabit Rəhmana həvalə edir. Dramaturq kino dastanın ssenarisini əfsanəvi Koroğlu haqqında eyniadlı məşhur xalq dastanının motivləri əsasında yazır. Ssenaridə Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizə öz əksini tapır. Dastanın leytmotivini təşkil edən qəhrəmanlıq, mərdlik kimi xüsusiyyətlər, el-obaya dayaq olmaq, torpağı qorumaq kimi vacib amillər filmin əsas süjet xəttini təşkil edir.

Sabit Rəhmanın ssenarisi əsasında ərsəyə gələn, ekran taleyi uğurlu alınan  filmlərdən biri də “Əhməd haradadır?” kinokomediyasıdır. Yazıçının yaradıcılığına xas olan incə yumor, satirik löhvələr filmə xüsusi kolorit verir, onu baxımlı edir.

Əsərlərində insani xüsusiyyətlərin vacibliyini, mənəvi dəyərlərin üstünlüyünü təlqin edən yazıçının yaradıcılığının mayası təbii ki, mənəvi üstünlüklərindən, xarakter gözəlliyindən qaynaqlanırdı. Buna görə də həyatda və sənətdə yaxşı dostlar qazanmağa müvəffəq olurdu. Mənbələrin birində Xalq şairi Rəsul Rzanın yazıçı haqqında söylədikləri diqqətimizi çəkir: “Sabit mənim üçün hər şeydən əvvəl insani dostluq mücəssəməsidir. Necə deyərlər, can bir qəlbdə dostuq. İndiyə kimi bizim dostluğumuza kiçik bir ləkə düşməyib. Mən fəxr edirəm ki, Sabit kimi bir dostum var”.

Göründüyü kimi yüksək mənəvi dəyərlərə malik sənətkar sənətdə olduğu kimi həyatda da könlünün gözəlliyinə, böyüklüyünə görə ətrafdakıların, həmkarlarının və sənətsevərlərin rəğbətini, sevgisini qazanıb. Sənətinə yansıtdığı istedad və biliyinə, həyatda təsdiqlədiyi insanpərvərliyinə görə də qəlblərdə, düşüncələrdə əbədi iz salıb.

Dövlət Film Fondu