Əli Zeynalov – 110

Əsl sənət bitib-tükənməyən bir xəzinədir. Mənəvi sərvətlərlə zəngin olan bu xəzinənin dəyəri illər ötdükcə daha da artır, çoxalır. Xalq artisti, görkəmli sənətkar Əli Zeynalov da (1913-1988) Azərbaycan teatr, kino sənətinə bəxş etdiyi məzmunlu, məntiqli yaradıcılığı ilə mədəniyyətimizi zənginləşdirib, istedad və zəhmətini maraqlı iş əmsalına çevirərək təfəkküründən, könül gözəlliyindən rollarına pay bölüb, müxtəlif xarakterli obrazları fonunda sənəti həyatın güzgüsünə çevirib.

Bəli, əsl sənətkarlar missionerdirlər. Onların parlaq ziyası, işıqlı zəkası daima cəmiyyəti maarifləndirir, mürəkkəb həyat məsələlərinin həllinə yol tapmağımıza kömək edir. Yaddaqalımlı, düşündürücü ifalar, bitkin yaradıcılıq nümunələri sənət adamlarının daxili təlatümünün, həyata baxışının, ətrafına olan dəqiq münasibətinin əyani sübutudur. Yalnız belə olan halda səhnədə və kinoda hadisələr inikasa çevrilə, inandırıcı təsir bağışlaya, sənətin vacibliyi təsdiqini tapa bilər.

Müxtəlif mövzulu həyat hadisələrini səhnədə və ekranda real həyat faktı kimi təqdim edən, realist yaradıcılıq istiqamətində maraqlı, dolğun rollar oynayan Əli  Zeynalov da müəllif-aktyor olaraq tələbkar tamaşaçıları qarşısında ideya-məzmun cəhətdən yüksək səviyyəli sənət nümunələri təqdim etdi, peşəkarlığına görə tanındı,  sevildi.

Böyük potensiala malik aktyorun sənət yolu hələ kiçik yaşlarından, dram dərnəklərində oynadığı tamaşalardan başlayır. Müxtəlif səhnəciklərdə iştirak edən sənət aşiqi 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı “Şeyda” tamaşasındakı baş rolu ilə sənətsevərlərin rəğbətini qazanır. Bu müvəffəqiyyət onda aktyorluq sənətini seçəcəyinə bir daha əminlik yaradır. Bir müddət sonra o, Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirsə də, Moskvaya gedir, oradakı teatrlarda istehsalat təcrübəsi keçir. Vətənə döndükdən sonra isə Şəki Dövlət Dram Teatrında işləməyə başlayır. Çoxillik (İrəvan Tearında 1934–1935, Dram Teatrında 1945–1975) teatr təcrübəsi onun tədricən kinoya dəvət almasına, həmçinin dublyajda çalışmasına, imza atdığı hər bir roluna uğur qazandırmasına səbəb olur.

Kinonun vacib sahələrindən olan dublyaj sənəti aktyorların istedadını, potensial zənginliyini bir daha təsdiqləyir. Əli Zeynalovun kinostudiyadakı ilkin fəaliyyəti məhz dublyaj sənəti ilə bağlıdır. Görkəmli kinorejissor Muxtar Dadaşovun ekranlaşdırdığı  “Axşam müsamirəsi” (1948) qısametrajlı sənədli filmində kadrarxası mətn oxuyan aktyor bundan sonra ardıcıl olaraq sənədli filmlərdə mətn səsləndirib (“Gənc metallurqlar”, “Vaqif” və s.), bədii kinoda (“O olmasın, bu olsun”-Sərvər (Arif Mirzəquliyev), “Ögey ana”-Arif (Fateh Fətullayev), “Əmək və qızılgül”-Mahmud (Mahmud Esambayev), “Qanun naminə”-Vahidov (Rza Əfqanlı və s.) müxtəlif xarakterli ekran personajlarını səsləndirib.

Kino xarakterləri sevir, həmçinin ekran obrazlarının fərdi cəhətlərini (ifaçı qədər)  dəqiqliklə, məntiqli ifada cilalayan səsləndirməyə ehtiyac duyur. Məhz buna görə də, ekran əsərlərinə uğur gətirən dublyaj aktyorlarının sənət biliciliyi, məsuliyyəti tamaşaçı nəzərindən yayınmır, filmlərin baxımlılığını artırır.

Əli Zeynalovun ahəngdar, ifadəli səsi ilə izlədiyimiz məşhur kino personajlarından biri də “Uzaq sahillərdə” müharibə dramındakı Mehdi Hüseynzadə obrazıdır. Film Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilib. Baş qəhrəmanın obrazını Xalq artisti Nodar Şaşıqoğlu oynayıb. Aktyorun rolun həyat mövqeyinə, düşüncə və psixologiyasına uyğunlaşdırdığı orijinal, dolğun mizanları ekran personajının həyatı, niyyəti haqqında bitkin fikir formalaşdırır, yaddaşlarda əbədiləşdirir. Kinorejissor Tofiq Tağızadənin düzgün təlimatına əsasən Nodar Şaşıqoğlunun ifasını dublyaj ustası Əli Zeynalov səsləndirir. Ümumiyyətlə, Nodar Şaşıqoğlunun bir neçə ekran personajını (“Əsl dost”-Fərman, “Telefonçu qız”-Zakir və s.) Əli Zeynalovun səsində izləyirik. Aktyorun bu və ya digər uğurlu dublyaj fəaliyyəti haqqında uzun-uzadı danışmaq mümkündür. İstedad və bacarığının əyani sübutu olan uğurlu ekran əsərlərindəki yaradıcılığı bunu bir daha təsdiqləyir.

Yüksək peşəkarlığı, realist təqdimatı yaradıcılıq kredosuna çevirən aktyorun kinoda debüt rolu “Kölgələr sürünür” kinodramındakı İmamzadə obrazıdır. Arxeoloqların həyatından bəhs edən filmdə aktyor canlandırdığı personajın düşüncəsini, psixologiyasını davranış və jestləri, mimika cizgiləri ilə aydın xarakterizə edir, vəziyyətdən yaranan situasiyalara dəqiq münasibəti nəticəsində obrazın hiyləgər, ətrafındakılar üçün təhlükəli cəhətlərini dolğun yaradıcılığı fonunda əks etdirir. Potensial imkanları daxilində realist səpkidə yaxın keçmişə aid hadisələrin şərhini verir, doğru mizanlanmış təqdimatında mənfi xarakterli personajın fərdi xüsusiyyətlərini, niyyət və məqsədini göstərir, filmin ideya məzmununu bitkin formada şərh edir.

Əli Zeynalovun müxtəlif janrlı filmlərdə, o cümlədən “Bir qalanın sirri” uşaq-fantaziya filmində oynadığı Simnar xan, “Mollanın sərgüzəşti” qısametrajlı bədii filmində canlandırdığı sürücü, “Leyli və Məcnun” məhəbbət dramındakı Şeyx Haşimi, “Xoşbəxtlik qayğıları” məhəbbət dramında oynadığı Zəkiyyənin atası, “Üzeyir ömrü” bioqrafik filmində yaratdığı Həsən bəy Zərdabi və digər xarakterik rolları filmlərin ideya-məzmununu tamamlayan, müxtəlif dövrlərin mühiti, ab-havası, insanları  haqqındakı təsəvvürlərimizi zənginlinləşdirən, ekran əsərlərinin inandırıcı, baxımlı olmasına səbəb yaradan personajlardır.

Ömrü boyu istedad və bacarığını yaradıcılıq fəaliyyətində səfərbər edən, sənət biliciliyini peşəsinin qayəsinə çevirən, imza atdığı hər bir rolunu yaddaşlara, qəlblərə yazan aktyorun xatirəsinin əziz tutulmasının, unudulmamasının başlıca səbəbi də hər addımında sənətinin ucalığını sübut etməsi, əsl sənətkarlıq qüdrəti ilə təsdiqləməsidir.

Dövlət Film Fondu