Xalq artisti Rza Təhmasibin doğum günüdür

Bir çox sənətkarlar var ki, onların sənətə gəlməsi, məsləklərini sevərək təqdim etməsi, sənətin fövqündə cəmiyyətə ali məqsədləri təlqin etməsi ətraf mühitə münasibətlərini peşələri vasitəsi ilə bildirmək istəyindən, insanlara və həyata fərqli baxışlarından, sevgilərindən yaranıb.

Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətləri olan, aktyorluq və rejissorluq fəaliyyətini böyük sənət məktəbinə çevirən görkəmli sənətkar Rza Təhmasib də səhnənin ona və onun kimi sənət fədailərinə ehtiyacı olan bir vaxtda sənətə gəldi.

Realist aktyor məktəbinin yetirmələrindən olan Rza Təhmasib hələ kiçik yaşlarından sənətə – teatra meyil göstərib. 16 yaşında Tbilisidə Müsəlman Artistləri İttifaqının teatr truppasında fəaliyyətə başlayıb. 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. Həmin ildən etibarən    Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Bir müddət sonra bu teatrda bədii rəhbər (1922–1924) və direktor kimi (1953–1959) fəaliyyət göstərib.

Rza Təhmasibin teatrda fəaliyyət göstərdiyi illərdə Azərbaycan kino sənəti də inkişaf mərhələsinə qədəm qoymuşdu. Bu işdə kino işçilərinə teatr fədailəri yaxından kömək edir, aktyor və rejissor kimi filmlərin çəkilməsində iştirak edirdilər. Rza Təhmasib də kino sənətinə olan marağına görə Moskvaya gedir, Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini (1937) bitirir, həmin ildə Bakı kinostudiyasında “Ordenli Azərbaycan” sənədli filmini çəkir.

Rza Təhmasibin adı çəkiləndə əsl sənət nümunələri yada düşür, sənətin ali təqdimatı xatırlanır. Milli teatr ənənələrinin yaranmasında, kino sənətinin formalaşmasında Rza Təhmasibin rolu əvəzsizdir. Teatrda aktyor və rejissor kimi fəaliyyət göstərən sənətkar kino sənətimizi də xarakterik, yaddaqalan rolları ilə zənginləşdirib, rejissor kimi quruluş verdiyi bir sıra filmlərdə mühüm həyat hadisələrinə toxunub, müxtəlif həyat hadisələrini məzmunlu quruluşda təqdim edib. Sənətkarın fərdi yaradıcılıq üslubunun müxtəlifliyi, həyat hadisələrini ustalıqla ekrana gətirmək bacarığı onu fərqli dövrlərin təmsilçisinə çevirib, rejissorluq fəaliyyətinə uğur qazandırıb.

Rza Təhmasibin kino yaradıclığına 10-dan artıq film daxildir. Bunların içərisində aktyor kim çəkildiyi, rejissor kimi quruluş verdiyi filmlər də yer tutur. 

İlk dəfə bir balıqçının faciəli həyatından bəhs edən “Balıqçılar” (1927) filminə quruluş verib. Rejissorluq fəaliyyəti ilə paralel olaraq müxtəlif janrlı filmlərdə yaddaqalan obrazlar yaradıb, “Almaz” filmində debüt (həkim) rolunu oynayıb.  Bundan sonra “Fətəli xan” tarixi-bioqrafik filmində Ağası xan, “Bakının işıqları” kinodramında Mircəfər Bağırov, “Qanun naminə” filmində Qaloş, “Bakıda küləklər əsir” müharibə dramında Şahmar bəy, “Ən vacib müsahibə” filmində Cəbrayıl dayı rollarına çəkilib, ekran obrazlarını fərdi dəst-xəttinə, peşə bilgisinə uyğun tərzdə, maraqlı mizan və quruluşlarda təqidm edib.

Təhmasibin kino obrazları içərisində mənfi xarakterli personajların çoxluq təşkil etdiyini görürük. Bu isə aktyorun ekran obrazlarının həyat mövqeyini dəqiq göstərmək prinsipindən, rolun təfsirində sənətin mahiyyətini göstərmək istəyindən irəli gəlir. Çünki mənfi cəhətli personaj aktyor tərəfindən nə qədər dəqiq ştrixlərlə, həssaslıqla canlandırılırsa, bir o qədər də davranış və xüsusiyyəti diqqət çəkir, psixologiyası, həyat mövqeyi tamaşaçını düşündürür. Belə olan halda da filmin ideya məzmunu çözülür, sənətkar qüdrəti təsdiqini tapır.

Aktyorun “Bakıda küləklər əsir” filmindəki Şahmar bəy obrazına nəzər salaq. İkinci Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərindən, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunan filmdə Şahmar bəy hadisələrin dramatizmini artıran, qarışıqlıq yaradan, müxtəlif cinayətlər törədən məkrli prototipdir. Aktyor obrazın hiyləgər xüsusiyyətlərini, çirkin əməllərini orijinal üslubda təqdim edib. Dövrün və mühitin hadisələrinə aydınlıq gətirən oyunu ilə filmlərin ideya məzmunu açıb, digər personajların da həyat mövqeyinin, psixologiyasının, məqsəd və istəyinin dəqiq çatdırılmasına səbəb olub. Müəllif aktyor olaraq hadisələrə şəxsi münasibətini bildirib, filmin məzmununun daha dəqiq çatdırılmasına, maraqla izlənməsinə imkan yaradıb, kino rolları filmlərin aparıcı qüvvəsi kimi qəbul edilib, maraqla izlənilib.

Peşəsinin vurğunu olan sənətkar hər hansı bir dövrdə yaşayıb-yaratsaydı, məsləyində sənətin aliliyini təsdiqləyəcəkdi. Çünki oynadığı rolların hər biri ayrı-ayrılıqda dövrünün müasiri olaraq tamaşaçıların həmsöhbətinə çevrilir, ictimai problemləri şərh edir, obrazların həyat mövqeyini aydınlaşdırır, əsərin mahiyyətini dərk etməyimizə imkan yaradır. Bu isə ümumilikdə müəllif, rejissor ideyalarının aktyor ifasında təsdiqi, təbliği deməkdir.

Rza Təhmasibin kino yaradıcılığına nəzər salanda istər aktyor kimi oynadığı, istərsə də rejissor kimi quruluş verdiyi filmlərin məzmun və forma baxımından mürəkkəb, düşündürücü olduğunu görürük. O, rejissorluq fəaliyyətində də mühüm işlərə imza atıb, quruluş verdiyi filmlərdə müxtəlif dövr hadisələrini, mürəkkəb insan münasibətlərini təhlil edib. “Bir ailə” (Mikayıl Mikayılovla birgə ikinci rejissor), “Bakının işıqları” (Aleksandr Zarxi, İosif Xeyfitslə birgə), “Mahnı belə yaranır” (Mikayıl Mikayılovla birgə), “Onu bağışlamaq olarmı?” və digər mühüm mövzuları əhatə edən, geniş tamaşaçı auditoriyasının diqqətini çəkən filmlər ekranlaşdırıb. Bəbii filmlərlə yanaşı, Azərbaycanın sənaye, kənd təsərrüfatı, iqtisadiyyat və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərdən, elm, ədəbiyyat və incəsənət xadimlərindən söhbət açan “Azərbaycan SSR-nin 15 illiyi” və Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirilməsi ilə əlaqədar olan “Ordenli Azərbaycan” sənədli filmlərini çəkib.

Rza Təhmasibin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında quruluş verdiyi “Arşın mal alan” (1945) filmi geniş şöhrət qazanıb, 150-dən çox ölkədə nümayiş olunub. 1946-cı ildə isə kinokomediyanın yaradıcı heyətindən bir qrup üzvü – 7 nəfər Stalin mükafatına layiq görülüb. Mənbələrə istinadən rejissorun qeydlərinə nəzər salaq: “Arşın mal alan” yetkin əsərdir. Orada fabula, dramaturgiya çox güclüdür. Sözün əsl mənasında komediyadır. Bu əsərə heç bir müdaxilə lazım deyil. Mənim müvəffəqiyyətimin sirri ondadır ki, əsərə toxunmamışam, aktyorları düzgün seçmişəm.”

Rza Təhamsibin sənətdəki hər addımı mühüm hadisəyə, tamaşaçılar üçün böyük töhfəyə çevrilirdi. Belə ki, qardaşı Məmmədhüseyn Təhmasibin ssenarisi əsasında quruluş verdiyi “Onu bağışlamaq olarmı?” (1959) filmi böyük şöhrət qazandı. Əsərin dərin qatlarına nüfuz edən rejissor ekran hadisələrinin məntiqi mənasını mürəkkəb psixoloji priyomlarla açdı, cəmiyyət üçün təhlükə yaradan insanların iç üzünü, psixologiyasını təhlil obyektinə çevirdi, insan amilini, cəmiyyət üçün lazımlı vətəndaş olmağın vacibliyini ön plana çəkdi.

Sənətin cəmiyyətdəki rolunu, əhəmiyyətini yaxşı bilən Rza Təhmasib 1946-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Pedaqoji fəaliyyəti dövründə onlarla tələbəyə sənətin sirlərini öyrədib, peşəkar aktyor nəslinin yetişməsində xüsusi xidmətləri olub, həmçinin dərs hissə müdiri, dekan və aktyorluq, rejissorluq kafedrasının müdiri vəzifəsində çalışıb. 1960-cı illərin birinci yarısında Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

Sənətdəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr və kino yaradıclığındakı uğurlara görə 1943-cü ildə Respublikanın Əməkdar artisti, 1964-cü ildə isə Xalq artisti fəxri adlarını alıb. “Stalin” mükafatı (2-ci dərəcə, 1946), “Şərəf nişanı” ordeni (1946) ilə təltif olunub.

Dövlət Film Fondu