20-21 aprel tarixlərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirildi.
Aprelin 20-də forumun açılışından öncə kino xadimləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Sonra Heydər Əliyev Mərkəzində forumun açılış mərasimi keçirildi.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin kollektivi, ölkəmizin tanınmış kino xadimləri və media mənsubları iştirak etdi.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın 125 illik kino salnaməsini əks etdirən və Azərbaycan Dövlət Film Fondu tərəfindən təşkil olunmuş fotosərgiyə baxdılar.
Tədbirdə açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamladı, diqqətə çatdırdı ki, zəngin ənənələrə sahib olan Azərbaycan kinosuna həsr edilən forum ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilir.
Nazir vurğuladı ki, dünya kinosunun yaranma tarixindən çox da geri qalmayan Azərbaycan kinosu 1898-ci ildə ilk addımlarını atmağa başlayıb, 125 illik zəngin və keşməkeşli yol keçərək xalqımıza böyük bir irs buraxıb. Əsası 1923-cü ildə qoyulmuş və bu il 100 illik yubileyi qeyd edilən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis olunması milli kino sənətimizin sistemli şəkildə inkişaf etməsi üçün geniş zəmin yaradıb. Kinematoqrafçılarımız tərəfindən yaradılan çoxsaylı ekran əsərləri onilliklər boyu soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və sədaqət hisslərinin aşılanmasına xidmət edərək xalqımızın dünyagörüşünün formalaşmasına öz töhfəsini verib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda çıxış etdi. 2023-cü ilin kinomuz üçün əlamətdar olduğunu deyən aktrisa forumun ulu öndərin 100 illik yubileyinə həsr olunmasından məmnunluğunu dilə gətirdi: “Ulu öndər Heydər Əliyevin kinonun inkişafında müstəsna xidmətləri var. Kino tariximizin uğurlu layihələri məhz Heydər Əliyevin adı ilə bağlıdır. Filmlərimizin SSRİ Dövlət mükafatına layiq görülməsində, həm Azərbaycan, həm də Moskvadakı fəaliyyəti zamanı sənət üçün xidmətləri əvəzedilməzdir. Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra milli kinomuzun həyatında ciddi dönüş yaranmağa başladı. Bu ənənə bu gün də Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Bu diqqət və qayğıya görə kino ictimaiyyəti ölkəmizin rəhbərinə təşəkkür edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev kino sahəsində mütəxəssislərin yetişdirilməsi, rejissor və ssenarist nəslinin təhsilinə diqqətdən söz açdı. O, ümumbəşəri mövzularda da filmlərin çəkilməsinin vacibliyini diqqətə çatdırdı.
Xalq artisti, rejissor Oqtay Mirqasımov kino sahəsində universal və əbədi dəyərlərin qorunmasının əhəmiyyətini qeyd etdi. Kinoteatrlarda nümayiş olunan filmlərin milli xüsusiyyətlərə uyğunsuzluğundan danışan rejissor milli dəyərlərə cavab verməyən filmlərin nümayişinin ciddi narahatlıq doğurduğunu bildirdi.
Çıxışlarda sonra Azərbaycan kino tarixini əks etdirən videoçarx nümayiş olundu.
Daha sonra kinoforum panel sessiyalarla öz işini davam etdirdi.
“İdeologiya. Milli kino: dünən, bu gün və sabah” adlı ilk paneldə “Mədəniyyət siyasətində kinonun rolu”, “Milli kinoda mövzu seçimi. Cəmiyyətin gözləntisi və dövlət sifarişi”, “Kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri” mövzuları ətrafında çıxışlar dinlənildi.
Teleaparıcı Vüsalə Məmmədovanın moderatorluğu ilə keçirilən paneldə kinorejissor, Xalq artisti Vaqif Mustafayev daha çox mədəniyyət siyasətində kinonun rolu və mövzu seçimi ətrafında fikirlərini bölüşdü. Kinooperator, Əməkdar incəsənət xadimi Rafiq Quliyev çıxışında keçmişlə müqayisədə film sənayesinin ideologiyadan nisbətən uzaqlaşdığını, kino ilə tamaşaçı arasında ünsiyyətin zəiflədiyini dilə gətirdi. Kinonun sosial sifarişdən çox, dövriyyəyə hesablanmasının narahatlıq doğurduğunu qeyd etdi. Kinorejissor, kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev hər bir xalqın özünəməxsus kino dilinin olması, milli kinomuzun öz simasının formalaşmasının vacibliyini vurğuladı. Dedi ki, bu gün vətənpərvərlik, Qarabağ Zəfəri, qəhrəmanlıq mövzulu film və seriallara ehtiyac var. Yaradıcı insanların, kino ictimaiyyətinin bir arada olmasından məmnunluqla danışan kinorejissor, aktyor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov bu formatda müzakirənin kinomuzun sabahı naminə əhəmiyyətli addım kimi dəyərləndirdi. O, diqqəti kinodakı əsas istiqamətlərə – ideoloji, kommersiya və sırf yaradıcı, yəni müəllif filmlərinə yönəltdi. Qeyd etdi ki, bu sahədə çoxlu problemlər var və onlardan da ən əsası ixtisaslı kadrların azlığıdır. Bu da öz növbəsində filmlərin texniki və yaradıcılıq baxımından keyfiyyətinə mənfi təsir göstərir. Ssenarist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu hazırda kinematoqrafiyanın əsas etibarilə bazarla, tələbatla səsləşməli olduğunu dedi, bu sahənin idarəçilik və təşkilatçılıq baxımından yeni tendensiyalara açıq olmasının vacibliyini vurğuladı. Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, dramaturq, ssenarist İlqar Fəhmi kinodramaturgiya, filmlərimizin mövzu dairəsi, ssenaristlərin film istehsalatında yeri və mövqeyinin müəyyənləşməsi, ideoloji kontekstdə kütləvi sənət olan kinonun təsir gücünün nəzərə alınmalı olduğunu dedi. Kinorejissor Teymur Hacıyev isə kinematoqrafiyanın qlobal dünya ilə rabitə üçün mühüm vasitə olduğunu önə çəkdi. Bu mənada Qarabağ həqiqətlərimizin həm daxili auditoriya, həm də dünyaya çıxışı üçün müvafiq kino dilinin, ideya və formasının müəyyənləşdirilməli olduğunu dedi.
Kinoforumun aprelin 20-də reallaşan ikinci paneli “Yaradıcılıq: müasir Azərbaycan kinosunun perspektivləri” mövzusuna həsr olunmuşdu. Telejurnalist Kamran Qasımovun moderatorluq etdiyi paneldə “Müəllif kinosunda uğur meyarları”, “Kinofestivallar və kinofondlar – müştərək istehsal üçün zəruri platforma” və “Satış potensialı olan filmlər üçün dəstək sistemi” mövzuları üzrə müzakirələr aparıldı. Kinorejissorlar, Əməkdar incəsənət xadimləri – Cəmil Quliyev, Yavər Rzayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Beynəlxalq Kino Məktəbinin rəhbəri Oleq Səfərəliyev, kinorejissor, ssenarist Asif Rüstəmov, təsvir rejissoru Orxan Abbasov və gənc rejissor Türkan Hüseynova mövzu üzrə çıxış etdilər. Auditoriyanın sualları cavablandırıldı, fikir mübadiləsi aparıldı.
Aprelin 21-də kinoforumun ikinci gününün ilk paneli keçirildi. Aktyor Azər Aydəmirin moderatorluğu ilə gerçəkləşən panel “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” mövzusuna həsr olunmuşdu. Bu başlıq altında paneldə “Kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələr nəzərə alınmalıdır?”, “Tamaşaçının yerli filmlərə marağının artırılması necə tənzimlənməli?”, “Azərbaycanfilm” kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri” mövzularında müzakirələr aparıldı. Paneldə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Əməkdar mədəniyyət işçisi Nazim Hüseynov, Bakı Media Mərkəzinin icraçı direktoru, Əməkdar mədəniyyət işçisi Orman Əliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə, “Park Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov və kinorejissor Emil Quliyev adıçəkilən mövzular üzrə fikirlərini bölüşdülər. Çıxışlar ətrafında müzakirələr aparıldı, təkliflər səsləndirildi.
Günün ikinci yarısında “Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi” mövzusunda sonuncu panel iclası keçirildi. Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovun moderatorluğu ilə reallaşan iclasda “Kino sahəsində planlı iqtisadiyyat modelindən bazar iqtisadiyyat modelinə keçid”, “Beynəlxalq kino kontekstində inteqrasiya mexanizmləri”, “Xarici sərmayənin kino sənayesində cəlb olunması prinsipləri” mövzuları üzrə müzakirələr aparıldı. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin müdiri Erkin Yılmaz, Rusiya Dövlət Film Fondunun icraçı direktoru Fyodor Sosnov, Kann, Venesiya və San-Sebastyan film festivallarının tərtibatçısı olmuş Matyö Darras, Hollivud rejissoru Timur Bekmambetovun “Bazelevs” studiyasının baş prodüseri Lalə Rüstəmova, beynəlxalq media hüququ və əqli mülkiyyət sahəsi üzrə hüquqşünas Levan Nanobaşvili, Kann, Venesiya, Berlin və Sandens festivallarının mükafatçısı, prodüser Giyom de Seyin adıçəkilən mövzular üzrə məruzələri dinlənildi. İştirakçıları maraqlandıran suallar cavablandırıldı.
İki gün davam edən kinoforum xatirə fotolarının çəkdirilməsi ilə başa çatdı.