“Azərbaycan sənədli kino salnaməsi” retrospektivinin növbəti tədbiri Nicat Feyzullayevə həsr olundu

Aprelin 28-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib. Tədbir kinorejissor Nicat Feyzullayevin yaradıcılığına həsr olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, N.Feyzullayevi nəcib insan, istedadlı rejissor, ziyalı və vətəndaş kimi xarakterizə etdi. Sonra Xalq artisti, kinorejissor Ramiz Həsənoğlu, Əməkdar artist, kinorejissor Elxan Qasımov, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Nizami Abbas, Xalq artisti, kinoaktyor Şamil Süleymanlı çıxış edərək rejissor haqqında xatirələrini bölüşdülər. Ailə üzvləri adından Məhərrəm Məhərrəmov tədbirin təşkilində göstərdiyi təşəbbüsə görə Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.

Sonda kinorejissor Nicat Feyzullayevin “Azərbaycan rəngkarlığının kraliçası” (2009) sənədli filmi nümayiş olundu.