Aktrisa Ətayə Əliyevanın doğum günüdür

Azərbaycan kino sənətinin tanınmış simalarından biri də Əməkdar artist, unudulmaz aktrisa Ətayə Əliyevadır. Sənətdə istedadı, həyatda gözəl xüsusiyyətləri ilə diqqət çəkən, sevilən sənətkarın anadan olmasından (02.05.1920-06.04.1995) 103 il ötür.

Ətayə Əliyevanın adı çəkiləndə, ələlxüsus da kino obrazlarını xatırlayanda xoş simalı, nəcib xüsusiyyətli xanım yada düşür. Buna onun xüsusi hörmət və ehtiramla yatardığı rolları rəvac verir. Sənətə hələ kiçik yaşlarından vurulan Ətayə xanım xatirələrində aktrisa olma səbəbini belə izah edib: “Bir dəfə atam bizi tamaşaya apardı. Onda mənim beş yaşım vardı. O zaman Bakıdan Aşqabada qastrola gələn aktyorlar tamaşa verirdilər. Tamaşanın adı yadımda deyil, amma o yadımdadır ki, cavan bir aktyor yaxasına qızılgül taxmışdı və mənə elə gəlirdi ki, o, çox gözəl oynayırdı. Tamaşa qutardı, amma mən evə getmək istəmirdim. Elə bil ayaqlarım yerə mıxlanmışdı. Nə isə… Məktəbimizdə dram dərnəyi açılanda mən bu dərnəyə üzv yazıldım. Dərnəyin ilk tamaşasında (“Laçın yuvası”) mənə Pəricanın rolunu tapşırdılar. Tamaşa boyunca çox həyəcan keçirirdim və titrəyirdim, amma sözlərimi deyirdim (onda mənim 13 yaşım vardı). İkinci tamaşada isə daha sərbəst oldum..”

Göründüyü kimi sənətə məhəbbətini qəlbinin dərinliyində bəsləyən, tədricən böyüdən aktrisa illər sonra da arzularının ardınca gedib, istək və duyğularını məqsədinin qayəsinə çevirib. Ətayə xanımın xatirələrində oxuyuruq: “1933-cü ildə Aşqabaddakı Qarabağlar məscidinin binasında yerləşən məscidi teatra verdilər. Bu teatra o zaman Rza Əfqanlı, xanımı Bədurə ilə rəhbərlik edirdi. Sənətə həvəs məni gətirib teatra çıxartdı. Məşqlərdə Əfqanlı məndən razı qaldı. Dedi ki, səndən gələcəkdə yaxşı aktrisa ola bilər. Səhnə müqəddəsdir. Səhnə məbəddir. Gərək ona sadiq qalasan, eyni zamanda teatr təhsili alasan.”

1934-cü ilin sentyabr ayında teatr texnikumuna daxil olan Ətayə Əliyeva Fatma Qədrinin kursunda təhsil alıb, sənətin sirlərinə daha dərindən bələd olub. Teatrı böyük məktəb hesab edən aktrisanın ilk rolu haqqındakı fikirlərindən: “O vaxt teatrın baş rejissoru Tuqanov idi. Mənə dedi ki, sən qoçaq qıza oxşayırsan. Gərək bizə kömək edəsən. Sabah “Şeyx Sənan” tamaşasında Tamara xanımın rolunu oynayarsan, Zəhra obrazını. Sözlərini bilirsən? Dedim, bilirəm. Yoxladılar. Gördülər ki, rolu əzbər bilirəm. O gün ömrümün unudulmaz və əlamətdar günü idi. Şeyx Sənan rolunu böyük aktyor Abbas Mirzə oynayırdı. Mən Şeyx Sənanla vida səhnəsində həyəcandan titrəyirdim. Birinci səhnə qurtaran kimi nəcib və gözəl insan Abbas Mirzə özü mənə yaxınlaşıb təbrik etdi və dedi: “Səhnədə niyə titrəyirdin? Rolu çox gözəl oynadın”.

Xatirələrindən də göründüyü kimi teatr fəaliyyətinin ilk vaxtlarından etibarən bir çox tamaşalarda görkəmli səhnə ustalarından Abbas Mirzə Şərifzadə və digər sənət mogikanlarından olan Mirzəağa Əliyev, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov, Möhsün Sənani və başqa peşəkar sənətkarlarla tərəf-müqabili olan aktrisa tədricən sənət təcrübəsini püxtələşdirib. Səhnədə və ekranda səmimi, dolğun rollar yaradan, diksiyasında sadə, saf danışıq üslubunu təcəssüm etdirən aktrisanın özünəməxsus yaradıcılığını izləyərkən görkəmli sənətkar Mustafa Mərdanovun təbirincə desək, “özümüzü daima Azərbaycan ailəsində hiss edirik”.

Müxtəlif teatrların (İrəvan Teatrı, Akademik Dram Teatrı, Gəncə Dram Teatrı) səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda fərqli xarakterli rolların öhdəsindən bacarıqla gələn aktrisanın məharətini teatr, kino ictimaiyyəti, sənətsevərlər rəğbətlə qarşılayır, sevirdilər. Böyük yaradıcılıq təcrübəsi toplayan aktrisa ilk kino rolundan etibarən də qəlblərə yol açdı, böyük uğur qazandı.

Kinoda debüt rolunu “Onu bağışlamaq olarmı?” filmində leytenant Qarayeva obrazı  ilə edən Ətayə Əliyevanın bir filmdəki müxtəlif xarakterli iki rol oynaması teatral fəaliyyətinin zənginliyinə görə onu heç də çətin sınaq qarşısında qoymadı. Görkəmli sənətkar Rza Təhmasib Ətayə Əliyeva yaradıcılığına, eləcə də filmə dəvət etdiyi digər aktyorların potensialına yaxşı bələd idi. Buna görə də məzmun tamlığına uyğunlaşdırılmış məntiq və mənaların fonunda hiss və emosiyalarların bolluğu zəminində çatdırılan fikirlər, mesajlar ekran əsərinin bədii keyfiyyətinin tamlığına xidmət etdi, filmin uğurunu qoruyub saxladı.

Leytenant Qarayeva obrazının filmin aparıcı qüvvəsi olduğunu tamaşaçı filmin finalında kəşf edir. Hadisələrdəki ziddiyyətlərin açılmasına çalışan, buna zəmin yaradan Sara xalanın rola uyğunlaşdırdığı ifadə və jestləri sadə, avam ev qadını timsalında hadisələrin axıcılığına rəvac verir, rəng qatır. İlk görünüşdə sərt və qaradinməz görünən leytenant Qarayevanın dilli-dilavər, mehriban, səmimi evdar qadın rolunu ustalıqla oynaması, fərqli, maraqlı metodlardan, xarakterik səs tembrindən istifadə etməsi ədəbi əsərin mahiyyətini, rejissor və müəllif fikrini tamlıqla tamaşaçıya çatdırdı.

Bundan başqa aktrisanın “Bizim küçə” kinodramında oynadığı Bəyim xala, “Telefonçu qız” lirik-psioxoloji filmindəki Simuzər, “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmindəki Nəzakətin anası və televiziya tamaşalarındakı xarakterik rollarının, eləcə də bir neçə filmdə səsləndirdiyi ekran obrazlarının uğuru insan mənəviyyatının yüksəlişinə, sənətin ali səviyyədə təqdim və qəbul olunmasına hesablanıb.

Ətayə xanım ana rollarının mahir ifaçısıdır. Obrazlar tamamilə fərqli manerada, üslub və çalarlarla yaradılıb. Aktrisa rollarına xüsusi boyalar, cizgilər əlavə etməklə xarakterik cəhətlərini fərqləndirib, həyat mövqeyini, daxili hiss və düşüncələrini ustalıqla təqdim edib.

Aktrisanın sevilən kino obrazlarından biri də “Uşaqlığın son gecəsi” filmindəki Mənsurə obrazıdır. Mənsurə sakit təbiəti daxilində həyat fəlsəfəsini yaşam tərzinə görə mizanlayan, ailə dəyərlərini, övlad sevgisini mərhəmətli, şəfqətli ana məntiqinə uyğun nizamlayan qadındır. Filmdə Mənsurənin lirik musiqinin müşayiətində mülayim səsi ilə yaxın keçmişi xatırlayan bir epizod var. Epizodun fonunda aktrisa sanki insan həyatına yazılan ömür payının hər bir anının zamanı gəlincə xoş xatirəyə çevrilə biləcəyini, ailə dəyərləri çərçivəsində yaşanan illərin kövrək, ən əziz xatirə olacağını diktə edir. Bu mənada sakit təbiətli təvazökar obrazın həzin monoloqunda (tövsiyəsində) insan həyatının mənasının, hikmətinin fərqinə varırıq. Mənsurə rolunu isə, sənət taktikası güclü, məslək bilgisi çox olan aktrisanın sayəsində sevirik, uğurlu kino personajlarının siyahısına əlavə edirik.

Azərbaycan qadınının nəcib, mehriban, xanım-xatın, zəhmətkeş, qayğıkeş xüsusiyyətlərini yaradıcılığına yansıdan aktrisanın şəxsi keyfiyyətlərinin müsbətliyi, fərdi cəhətlərinin gözəlliyi ecazkar sənətinin fonunda öz-özünü ifadə edir. Belə olduqda isə qəlbimizdə, yaddaşımızda xəfif təbəssümlü, xoş simalı xanım kimi əbədiləşən aktrisaya uca Allahdan rəhmət diləyirik, əziz xatirəsini böyük ehtiram və sevgiylə anırıq.

Dövlət Film Fondu