Bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılıb. Milli kinomuzun inkişafına töhfələr verən Qəmər Salamzadə (1908-1994) kinonun milli kadrlara ehtiyacı olduğu bir dönəmdə bu sənətə gəlib, ömrünü sevdiyi peşənin dirçəlişinə həsr edib.
Qəmər Salamzadə 1908-ci ilin 5 may tarixində Naxçıvanda maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. Uşaqlıq illəri şeir, musiqi ilə dolu bir mühitdə keçib. İlk təhsilini Naxçıvanda qız məktəbində alıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçüb. Təhsilini Tiflisdə rus dilində davam etdirib. 1919-cu ildə atası qətlə yetirilib. 11 yaşlı Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalıb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb, burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan “Arşın mal alan” musiqili komediyasında Telli rolunu dəfələrlə oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə teatrda hazırlanan tamaşalarda iştirak edib.
Qəmər Salamzadə 1923-cü ildə Bakıya gəlib. Burada Ali Pedaqoji İnstitutun qadınlar şöbəsinə daxil olub, ədəbiyyat və dram dərnəklərinə yazılıb. Dərnəkdə hazırlanan tamaşaların birində yazıçı, dramaturq Cəfər Cabbarlı ilə tanış olub. Böyük dramaturqla olan söhbətlər onun kinoya bağlanmasına səbəb yaradıb. Kinorejissor olmaq, filmlər çəkmək onun ən böyük arzusuna çevrilib.
İnstitutda oxuduğu illərdə xalq-maarif komissarı Mustafa Quliyevin yanına gedib kinorejissor olmaq istəyini ona bildirib. Beləliklə, 1928-ci ildə Mustafa Quliyevin göndərişi ilə Moskva Dövlət Kinematoqrafiya İnstitutuna təhsil almağa göndərilib. Məşhur kinorejissor Lev Kuleşovun kursunda sənətin sirlərinə daha yaxından bələd olub.
20-ci illərin sonu, 30-cu illərin əvvəllərində “Azərkino”da çəkilən filmlərin sayı artdığına görə, rəhbərlik II kursu bitirdikdən sonra Qəmər xanımı geri çağırtdırıb, istehsalatda çalışmasına şərait yaradıb. Bakıya qayıdan tələbə “Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, “Əlsiz adamlar” kinodramında (1932) rejissor assistenti kimi çalışıb. “Rəqs edən bağalar” (1935) uşaq filmində ikinci rejissor işləyib. “Dəcəl dəstə” (1937) filminə quruluş verib (A.Popovla birgə).
Kino sənətinə bütün qəlbi ilə bağlanan Qəmər xanım ona həvalə olunan işlərin öhdəsindən bacarıqla gəlib, dəvət aldığı müxtəlif janrlı ekran əsərlərində bacarıq və istedadını təsdiqləyib. Bundan başqa o, “Bir ailə” filmində (1943) rejissor assistenti, “Ordenli Azərbaycan” sənədli filmində (1938) ikinci rejissor, “Şəfa nəğməsi” (1944) sənədli filmində rejissor işləyib.
Kinostudiyada işləməklə yanaşı, Qəmər Salamzadə 1931-1932-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun sənətşünaslıq şöbəsinin, 1932-1933-cü illərdə Moskvada Elmi-Tədqiqat İnstitutunun Özfəaliyyət İncəsənət İnstitutunun aspirantı, 1934-cü ildə həm də teatr bölməsinin elmi işçisi olub. İncəsənət üzrə aspiranturanın dinləyiciləri arasında rejissor Rza Təhmasib, rəssamlardan Rüstəm Mustafayev, Salam Salamzadə və başqaları var idi. Qəmər xanım məhz burada Xalq rəssamı Salam Salamzadə ilə tanış olub. Bu tanışlıq onların ailə qurmalarına, birgə və mənalı ömür sürmələrinə səbəb olub.
Qəmər xanım 1994-cü ildə 86 yaşında vəfat edib. Kino lentlərində olan imzası Azərbaycanın ilk qadın kinorejissoru, istedad və bacarığını milli kinomuzun inkişafına sərf edən kino bilicisi kimi xatırlamağımıza və xatirəsini əziz tutmağımıza səbəb yaradıb.
Dövlət Film Fondu