Rejissor və aktyor Adil İsgəndərovun doğum günüdür

Elə sənətkarlar var ki, onlar həyata olan fərqli baxışlarını, insanlara olan ürək sözlərini yaradıcılıqlarının fövqündə cəmiyyətə ünvanlamağı özlərinə borc bilib, məsləklərinin qayəsinə çeviriblər. Onların yüksək təfəkkürü, mənəvi zənginliyi bilavasitə cəmiyyətin dirçəlişinə, maariflənməsinə, dünyagörüşünün formalaşmasına xidmət edib. Xalq artisti, görkəmli sənətkar Adil İsgəndərov da sənətinə, xalqına olan sevgisini əməlində və peşəsində ömrü boyu təsdiqləyib, sənətin zirvəsini, milyonların qəlbini fəth edib.

Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə dünyaya göz açıb. Sözə, sənətə hələ kiçik yaşlarından həvəs göstərib. Sənətə olan sevgisinə görə Bakıda Teatr Texnikumuna daxil olub. Buranı bitirdikdən sonra A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda oxuyub. Moskva Bədaye Teatrında, Y.Vaxtanqov adına Akademik Teatrda sənət təcrübəsi keçib. 1936-cı ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində “Polad qartal” (A.Korneyçuk) tamaşası ilə debüt edib və ilk sənət uğurunu qazanıb. Bundan sonra müxtəlif mövzulu tamaşalara yüksək sənətkarlıqla quruluş verib, səhnə tariximizin parlaq səhifələrini təşkil edən “Aydın”, “Fərhad və Şirin”, “Otello” və digər tamaşalar hazırlayıb.

Kinoda rejissor debütünü 1943-cü ildə edib, “Fətəli xan”  filminə quruluş verib, lakin film gözlənilmədən ondan alınıb. Aktyor kimi ilk dəfə 1956-cı ildə “O olmasın, bu olsun” filmində qoçu roluna çəkilib. Kiçikplanlı rolun xarakterik cizgilərini dəqiq və peşəkarlıqla çatdıran sənət bilicisi bu filmdən sonra ardıcıl olaraq müxtəlif janrlı filmlərə dəvət alıb. “Uzaq sahillərdə” müharibə dramında Rosselini, “Qara daşlar” kinodramında Xəlilov, “Qanun naminə” filmində Kamilov, “Arxadan vurulan zərbə”də Dadaşlı, “Məhəbbətim mənim, kədərim mənim”də qoca usta rollarına çəkilib.

Forma və məzmun etibarı ilə bir-birindən fərqlənən obrazlar üçün maraqlı jestlər, yaddaqalan cizgilər axtarıb tapan sənətkar hər bir ekran personajını həyat mövqeyinə uyğun, təbii boyalarla təqdim edib, rolun təfsirində müəyyən həyat hadisələrinin təsvir həllinin mahiyyətinin açılmasına nail olub.

Müxtəlif illərdə Tofiq Tağızadə, Lətif Səfərov, Şamil Mahmudbəyov, Kamil Rüstəmbəyov, Muxtar Dadaşov, Arif Babayev və digər peşəkar kinorejissorların filmlərinə dəvət alan aktyor ona göstərilən bu etimaddan bacarıqla istifadə edib, fərqli dövrlərə aid personajların psixologiya və davranışlarını, həyat amalını ətraflı şəkildə göstərib, maraqlı və məzmunlu oyunu ilə (yaradıcı heyətlə birgə) filmlərin uğur qazanmasında mühüm rol oynayıb.

Kinoya böyük həvəsi olan sənətkar 1963-cü ildə yazıçı, dramaturq Sabit Rəhmanın ssenarisi əsasında “Əhməd haradadır?” kinokomediyasını lentə alır. Yüksək mənəvi keyfiyyətləri, adət-ənənələrə, ailə dəyərlərinə hörməti təlqin edən film tamaşaçıların sevimli ailə filminə çevrilir. Riyakar, tənbəl, işinin öhdəsindən gələ bilməyən bacarıqsız insanları tənqid hədəfinə çevirən, incə yumorla qınayan kinokomediya həyat üçün vacib məqamlara toxunur. Gənclərin doğru həyat istiqamətinin labüdlüyü, əmək qabaqcılı, təhsilli olması kimi ümdə məsələləri qabardır, izləyicilərdə xoş ovqat yaradır, təfəkkür tərzini formalaşdırır. Bu gün də ekran ömrünü uğurla yaşayan, yüksək mənəvi dəyərləri təbliğ edən musiqili kinokomediya kinonun əhəmiyyətini, cəmiyyətdəki rolunu bir daha təsdiqləyir.

Kinostudiyadakı fəaliyyəti dövründə yaradıcı və texniki heyətin potensialına yaxından bələd olan Adil İsgəndərov 1966-cı ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına rəhbər təyin edilir, 1974-cü ilə qədər bu vəzifədə çalışır. Bu illər ərzində kinostudiyada yaradıcı istehsal sahəsində böyük dönüş yaranır, maddi-texniki baza əsaslı şəkildə yenilənir, milli, tarixi köklərdən bəhs edən filmlər çəkilməyə başlanılır. Bu isə milli kadrların – ssenaristlərin, aktyorların, rejissorların potensialının, sənət imkanlarının üzə çıxarılmasına imkan yaradır. Həmin illərdə bir-birindən maraqlı, peşəkarlıq baxımından mütəxəssislərin diqqətini cəlb edən filmlər çəkilir, ümumittifaq ekranlarına buraxılır.

“Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, “Nəsimi”, “Şərikli çörək”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Səmt küləyi” və digər dəyərli sənət əsərləri məhz Adil İsgəndərovun kinostudiyaya rəhbərlik etdiyi dövrdə yaradılıb.

Onun təşəbbüsü ilə açdığı və rəhbərlik etdiyi kinoaktyor studiyası tez bir  zamanda öz bəhrəsini verir. Burada təhsil alan gənc istedadlar filmlərə çəkilir, həmçinin kino istehsalının müxtəlif sahələrində çalışırlar.

Adil müəllimin sənət adamlarına göstərdiyi diqqət və qayğı haqqında müasirləri, sənət dostları bu gün də böyük sevgi hissi ilə bəhs edirlər. Rejissor, aktyor və kinostudiyanın rəhbəri olan Adil müəllimin yüksək insani keyfiyyətlərinin nəticəsidir ki, bir çox sənət adamı kinostudiyanı özünə doğma məkanı, ikinci evi bildi, taleyini kinoya bağladı.

40 ilə yaxın milli teatrımızın, kinomuzun inkişafına xidmət edən Adil İsgəndərov uzun illər bu incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratdı, sənət adamlarının sosial şəraitinin yaxşılaşdırılması, yaradıcı fəaliyyətinin simullaşması, milli-mənəvi dəyərlərimizin qorunması üçün mühüm işlər gördü. Məhz bu mənada ustad sənətkarın ömür yolu örnəkdir, yaradıcı irsi məktəbdir.

Dövlət Film Fondu