Aktyor Rza Əfqanlının doğum günüdür

O sənət adamları milyonların qəlbinə yol tapır ki, insanlara həmişə deyəcək sözü, fikri olur. Görkəmli sənətkar, Xalq artisti Rza Əfqanlı da (1899-1973) teatr, kino yaradıcılığında daima müəllif-aktyor mövqeyindən çıxış edib, fərdi, orijinal üslubda  oynadığı personajları vasitəsilə insanlara olan istək və nəsihətlərini ünvanlayıb. Sənətinin fonunda cəmiyyətin maariflənməsi istiqamətində mühüm işlər görən, Azərbaycan teatr, kino sənətinin inkişafında böyük xidmətləri olan istedadlı aktyorun yaradıcılığı və şəxsiyyəti məhz bu mənada unudulmazdır, dəyərlidir.

Dövrünün sayılıb-seçilən sənətkarlarından olan Rza Əfqanlının yaradıcılıq bioqrafiyasının əsasını teatral fəaliyyəti təşkil edib. 1923-cü ildən M.F.Axundzadə adına Bakı Teatr Məktəbinə qəbul olunan sənət aşiqi elə həmin ildən Milli Dram Teatrının aktyoru kimi əmək fəaliyyətinə başlayıb, ömrünü sevib-seçdiyi sənətə həsr edib.

İki yaşında atasını itirən, doqquz yaşından varlıların qapısında nökərçilik və çobanlıq edən, on üç yaşından Bakıda əmisinin yanında neft mədənlərində ağır əmək fəaliyyətinə başlayan zəhmətkeş gəncin taleyinə nə yaxşı ki, aktyor olmaq yazılıb və nə yaxşı ki, sənət imtahanlarını verəndə onu dinləmək qisməti ustad sənətkar Rza Təhmasibə nəsib olub, onu Akademik Dram Teatrına işə götürüb. Gənc aktyorun güclü sənət duyumunu, potensialını görən kino xadimləri zamanında onun istedadından yararlanıblar, quruluş verdikləri ekran əsərlərində baş və aparıcı rolları ona həvalə ediblər.

Romantik və realist aktyor məktəbinin davamçısı olan Rza Əfqanlının kinoda debüt rolu “Bakılılar” (1938) filmindəki Cəfər obrazıdır. Tarixi-inqilabi mövzulu filmdəki baş rolun uğurlu təqdimatından sonra ona “Kəndlilər” filmində Abbas, “Yeni horizont”da professor Əhmədov, “O olmasın, bu olsun”da Cəlil Məmmədquluzadə, “Aygün” bədii-televiziya filmində müəllim, “İyirmialtılar” tarixi-inqilabi dramında Süleyman, “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində Sərxan, “Qanun naminə”də Vahidov, “Mən ki gözəl deyildim”də Həmid, “Sevil” film-operasında Atakişi rolları həvalə olunub. Göründüyü kimi filmlər janr və mövzusuna, obrazlar isə forma və məzmununa görə fərqlidir. Bu isə koloritli və bənzərsiz yaradıcılıq deməkdir.

Rza Əfqanlının özünəməxsus yaradıcılıq metodu, təfəkkür tərzi, dünyagörüşü, bədii ifadə vasitələrini məntiqli formada çatdırma üslubu vardı. Onun üçün rolların xarakteristikasını cilalamaq, psixologiyasını təhlil etmək heç də çətin deyildi. Ekran obrazlarını orijinal ifada, dolğun mizanda təqdim edən aktyorun sənət bilicisi olması ilk filmdən etibarən baş rollara imza atmasına səbəb yaratdı.

“Bakılılar” filmində aktyorun oynadığı Cəfər obrazı 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilən filmin ideya məzmununu təhlil edir. Cəfər dövrün reallığından irəli gələn səbəblərdən siyasi çaxnaşmalarda çaş-baş qalan, aclıqla mübarizə aparan minlərlə insanın ümumiləşdirilmiş obrazıdır. İnqilabi proseslərin iştirakçısı və aparıcılarından olan Cəfərin üzündən kədər əskik olmur. O, vətəninin müqəddəratı, ailəsinin rifahı üçün narahatdır. Dövrünün ictimai-siyasi gərginliyi çərçivəsində yaşamaq uğrunda mübarizə aparan Cəfər mərd xüsusiyyətli olmasına baxmayaraq, yenə də özünü gücsüz və gərəksiz sayır, savadsızlığına və avamlığına görə utanır. Gərəksiz müharibələr bütün dövrlərdə insan mənəviyyatını zəhərləyib, həyatın inkişafına, tərəqqisinə mane olub. Bundan əziyyət çəkən isə milyonlarla günahsız insanlardır. Bu mənada ekranda canlandırılan müxtəlif dövrlərin həyat məsələlərinin mənbəyini və problemlərin həlli yolunu məhz peşəkar aktyor ifası bizə çatdırır.

Aktyorun növbəti genişplanlı rolu “Yeni horizont” filmindəki professor Əhmədov obrazıdır. Əhmədov neft-qazma qurğularının yanlış ərazilərdə qurulmasını iddia etməklə yanlış fərziyyələrini və mülahizələrini elmi nəzəriyyəyə əsaslandırır. Onun tələbəsi Ədil Kərimov isə neft quyularını, yeni horizontları nəzəriyyəyə görə deyil, məhz praktikaya əsasən kəşf etməyi təklif edir. Müəllim-tələbə arasında olan fikir ayrılığının sonu Ədil Kərimovun haqlı olması ilə nəticələnir. İddialı və eqoist Əhmədovun qeyri-səmimi münasibəti, insanlara yuxarıdan aşağı baxması, kimsənin fikirləri ilə razılaşmaması aktyor ifasında bir qədər pafosla təqdim olunsa da, bunu həmin illərdə teatr aktyorlarının kinoya gətirdiyi yaradıcılıq priyomu adlandıra bilərik. Ənənəvi hal alan pafoslu çıxışlar isə yalnız ötən əsrin 50-ci illərindən sonra kinodan uzaqlaşdırıldı.

Realist obrazları xüsusi şövqlə, əzmlə ekranda canlandıran aktyorun bitkin və xarakterik rollarından biri də “O olmasın, bu olsun” filmindəki Cəlil Məmmədquluzadə obrazıdır. Rol kiçikplanlı olsa da, personajın xarici görünüşü, düşüncəsi və həyat tərzinə uyğunlaşdırılmış rəftarı rolun şəxsiyyəti haqqında tam təəssürat yaradır. Komik situasiyaları kiçik kadrda, lakonik təqdimatda dövrünün ümumi mənzərəsi kimi şərh edən aktyor ədibin məntiqli yaradıcılığının haqlı məzəmmətlərinə tamaşaçını şahid çəkir.

Rza Əfqanlının rol aldığı filmlər koloritlidir, baxımlıdır. Çünki fundamental aktyor plastikası, gərgin zəhmətə, illərə hesablanan peşəkarlığı, ədəbi əsərlərə məhəbbəti və münasibəti personajları yaşarı canlandırmasına imkan verib. Bu mənada hadisələr və şərhlər tamaşaçı yaddaşında kök salan vacib mövzuya çevrilib, qaldırılan problemlər ciddi ideya olaraq bədii yaradıcılığın mahiyyətini təsdiq və sübut edib.

Aktyorun ekran yaradıcılığının orijinallığı haqqında danışanda “Dağlarda döyüş” filmindəki Sərxan obrazı göz önündə canlanır. Rolun ətraflı təhlili aktyorun istedadını bir daha sübut edir. Gərgin situasiyalarla bol olan filmin dramaturji yükü bütünlüklə Sərxan obrazının çiyinlərindədir. Oğlu Fərruxla dialoqu nəticəsində personajın acınacaqlı həyat hekayəsinin tablosu göz önündə canlanır. Novator aktyorun təsirli dialoq və monoloqlarının, keçmişi ilə bağlı xatirələrinin fonunda taleyin hökmünə və dövrün haqsızlığına əsasən şərəfli insan həyatının yanlış səmtə yönləndirilməsi izah edilir.

Rza Əfqanlının kino yaradıcılığının monumentallığının səbəb və nəticəsini aydınlaşdırmaq, peşəkarlığını təsdiqləmək üçün təkcə Sərxan obrazı haqqında uzun-uzadı və əsaslı şəkildə danışmaq mümkündür. Ən önəmlisi isə rollarının təfsirində həyat mövqeyini, sənətkar ziyalılığını, müdrik düşüncəli şəxsiyyətini təlqin etməsi, hər bir yaradıcılığında sənətin və cəmiyyətin ona ehtiyacı olduğunu təsdiqləməsidir.

Dövlət Film Fondu