Bəstəkar Rauf Hacıyevin doğum günüdür

Kinoda səsin yaranması ekran əsərlərinin məzmununu, mahiyyətini açmaqla yanaşı, digər incəsənət növü olan musiqinin hadisələrə kolorit gətirməsinə imkan yaratdı. Ekran hadisələrini müşayiət edən, süjet xəttinə uyğunlaşdırılan melodiyalar obrazların daxili dünyasını tədqiq etdi, ekranlaşdırılan ədəbi əsərlərin dərin qatlarının kəşfiyyatçısı kimi personajların tanıtım imkanlarını dəqiqləşdirdi, janrların formasını qətiləşdirdi.

Milli kinomuza əsrarəngiz musiqi və mahnıları ilə uğur gətirən tanınmış kino bəstəkarlarımızdan biri də, Respublikanın və SSRİ-nin Xalq artisti, unudulmaz bəstəkar  Rauf Hacıyevdir (15.05.1922- 19.09.1995). Yaradıcılığında kino musiqiləri mühüm yer tutan musiqi sərrafının əziz xatirəsini dərin ehtiramla yad edirik.

Çoxşaxəli yaradıcılığını musiqili komediyalar, operettalar, xoreoqrafik miniatürlər, simfonik poemalar, fortepiano üçün pyeslər təşkil edən Rauf  Hacıyevin könülləri dilləndirən, ruhu oxşayan müdrik musiqilərini və məzmunlu mahnılarını kinosevərlərə ünvanladığı mesajı, nəsihəti kimi də qəbul etmək olar. Müxtəlif janrlı filmlərin kadrlarını zəngin həyat müşahidəsindən qaynaqlanan melodiyalarla aydınladan bəstəkarın səviyyəli əsərləri dövrlərin və obrazların dolğun təcəssümünü yaradır.

10-dan artıq ekran əsərinin, o cümlədən “Səadət və əmək mahnıları”, “Onun 150 yaşı var”, “Azərbaycan mədəniyyətinin baharı” və s. sənədli, “Qara daşlar”, “Kölgələr sürünür”, “Əmək və qızılgül”, “Qaraca qız”, “Torpaq. Dəniz. Od. Səma” və s. bədii filmin, həmçinin “Ordan-burdan” televiziya tamaşasının uğurlu ekran taleyi yaşamasında Rauf Hacıyevin böyük rolu var.

İlk dəfə “Nizami” (1941) tarixi-bioqrafik kinooçerkinə musiqi yazan Rauf Hacıyev kinoda görkəmli kinorejissorlarla birgə çalışıb, milli kinomuzun inkişaf mərhələsində onların fikir və ideyalarının tamaşaçılara dolğun çatdırılmasına kömək edib. Tammetrajlı bədii kinoda ilk dəfə “Qara daşlar” (1956) dram-macəra janrlı filmə musiqi yazan bəstəkar, ekran əsərinin ictimai-sosial mahiyyətini, çətin, məsuliyyətli peşə sahiblərinin gərgin iş rejimini təsvirlərlə uzlaşan musiqi parçaları ilə çatdırıb. Filmin məzmununu tamamlayan melodiyalar neft daşlarında baş verən gərgin hadisələrin izah metoduna çevrilib, personajların həyat mövqeyinin və hadisələrin şərhçisi rolunu oynayıb.

Bəstəkarın “Bir qalanın sirri” macəra-fantaziya-nağıl filminə yazdığı simfonik musiqilər kadrları dəqiqliklə müşayiət etməsi baxımından diqqət çəkir. Nağıl filminin düşüncələrə sirayət edən musiqi parçaları orta əsrlər tarixinə aid ab-havanı təsvirlərə uyğun şəkildə çatdırır, hadisələrin emosionallığını artırır, xeyirlə şərin mübarizəsini dəqiqliklə şərh edir, xeyirxahlığın, qəhrəmanlığın insanlığı xilas edəcəyi fikrini hadisələrin fonunda, personajların xarakterlərinin müşayiətində təsdiqləyir.

Bəstəkarın “Romeo mənim qonşumdur” operettası əsasında yaranan filmin musiqi və mahnıları unudulmayan sənət inciləridir. Görkəmli kinorejissor Şamil Mahmudbəyovun quruluş verdiyi filmdə yeni mənzilə köçən iki qonşu arasında gedən ixtilafdan və onların övladlarının arasındakı məhəbbətdən bəhs edilir. Filmdə səslənən “Bakı”, “Sevgilim”, “Gəl, ey yarım”, “Müştəri, gəl”, “Qonşuların mübahisəsi” və digər mahnılar, simfonik orkestrin müşayiəti  ilə səslənən sevgililərin ariyası personajların xarakterini, düşüncə və duyğularını dəqiqliklə şərh edir. Mürəkkəb münasibətləri, yersiz məişət problemlərini xəfif gülüşlə qınayan, tənqid hədəfinə çevirən filmdə ziddiyyətli münasibətləri yumşaldan, xoşməramlı hiss və arzuları təbliğ edən musiqilər üstünlük təşkil edir və mövzunun ideya məzmununu təsdiqləyir.

Bundan başqa “Əhməd haradadır?” kinokomediyasında səslənən “Gənclik”, “Bakı”, “Azərbaycanım”, “Ey yar, gəl” nəğməsi, “Leyla” əsəri, “Üzüm yığımı”, futbolçuların, Ramizin məzəli rəqsləri, qızlar ansamblının çıxışı, natura təsvirlərini müşayiət edən musiqilər, milli rəqslərin estrada janrı ilə sintezi vəziyyət komediyası yaradan maraqlı və məzəli hadisələrin koloritli təqdimatını təmin edir. Heç də təsadüfi deyil ki, bəstəkarın filmlərə yazdığı mahnı və musiqilər sonralar fərdi repertuarlara köçdü, rəqs havaları el şənliklərində sevilərək səsləndi.

Rauf Hacıyevin görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr etdiyi “Ordan-burdan” əsəri 1987-ci ildə televiziya, kino rejissoru, Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda ekranlara çıxdı. Yüksək sənətkarlıq keyfiyyəti ilə quruluş verilən tamaşa bu gün də uğurlu ekran taleyini yaşamaqdadır. Rejissorun bəstəkarla olan iş birliyi haqqındakı düşüncələri diqqət çəkir: “Mənim taleyimdə Rauf Hacıyev çox böyük rol oynayıb. Mən kifayət qədər təcrübəli rejissor olanda təklif gəldi ki, “Ordan-burdan” tamaşasına quruluş verim. Beləcə, Rauf Hacıyevlə görüşmək, təmasda olmaq xoşbəxtliyi mənə nəsib oldu. Bizim görüşlərimiz, operetta haqqında olan təkliflərim və yaxud onun mənə olan təklifləri yaxşı yadımdadır. Çox səmimi, sadə insan idi. Musiqi partiturası ilə bağlı fikirlərimi dinləyəndə xüsusi olaraq Gülbala personajı haqqında qeyd etdim ki, bu personajın əsər boyu xətti var və bu xətt daim irəli gedir. Soruşdum ki, Rauf müəllim nə əcəb siz faytonçu Gülbalaya musiqi xarakteristikası verməmisiniz? Dedi ki, bununla bağlı qarşıma maraqlı bir şey çıxmadı, ona görə. Dedim: Axı Gülbala üçün də musiqi yazmaq olardı”. Dedi: “Necə, məsəl üçün?..” Dedim, bu adam Salman bəyin faytonçudur. Bakı folklorunda da faytonçunun mahnısı var. Dedi ki, bir onu zümzümə et görüm. Mən faytonçu mahnısını zümzümə etdim, o, da dinlədi və: “Mən fikirləşərəm”, – dedi. Təbii ki, o, faytonçu mahnısını dinlədi, amma tamaşa üçün tamam başqa bir mahnı yazdı. Nəticədə də Gülbala ilə bağlı olan və tamaşaçıların diqqətini çəkən, sevilən musiqi xətti yarandı. Onu da əlavə edim ki, mən özüm də bir dinləyici, tamaşaçı olaraq Rauf Hacıyevin əsərlərinin, filmlərə yazdığı və digər musiqi əsərlərinin, mahnılarının havası ilə böyümüşəm və onu həmişə sevə-sevə xatırlayıram”.

Dövlət Film Fondu