Təsvir rejissoru Fikrət Əsgərovun 80 illik yubileyi qeyd olundu

Mayın 19-da Azərbaycan Dövlət Film Fondunda tanınmış təsvir rejissoru Fikrət Əsgərovun 80 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olundu.

Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Fikrət Əsgərovun Azərbaycan kinosundakı fəaliyyəti haqqında məlumat verdi, onu həssas və estetik gözəlliyi sevən bir insan kimi xatırladı. Sonra Xalq artistləri, kinorejissorlar Oqtay Mirqasımov və Əbdül Mahmudov, Əməkdar jurnalist Nadejda İsmayılova, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov, Əməkdar artist Mirzə Ağabəyli Fikrət Əsgərov haqqında xatirələrini bölüşdülər.

Tədbir boyunca Fikrət Əsgərovun lentə aldığı “Günlərin bir günü”, “Qayınana”, “Bizi bağışlayın” və “Yük” filmlərdən fraqmentlər nümayiş etdirildi.