“Azərbaycan sənədli kino salnaməsi” retrospektivinin növbəti tədbiri Rauf Nağıyevə həsr olundu

Mayın 26-da Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib. Tədbir kinorejissor, Dövlət mükafatı laureatı Rauf Nağıyevin yaradıcılığına həsr olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Rauf Nağıyevin Azərbaycan sənədli kino salnaməsinin yaradılmasında xüsusi xidmətlərinin olduğunu qeyd etdi, onun diplom işi olan “Fotofantaziya” qısametrajlı bədii filminin Dövlət Film Fonduna təhvil verilməsi tarixindən bəhs etdi. Sonra kinooperator Fəramiz Məmmədov çıxış edərək, Rauf Nağıyevlə birlikdə çalışdığı filmlər haqqında məlumat verdi, onu sənət naminə ömrünü fəda edən sənətkar kimi xatırladı.

Tədbirin sonunda kinorejissor Rauf Nağıyevin 1975-ci ildə çəkdiyi “Maestro Niyazi” filmi tamaşaçılara təqdim olundu.