Kino rəssamı Rafiq Nəsirovun doğum günüdür

Kinematoqraf eskizlər və təsviri kadrlar əsasında yaranır. Düşünülmüş və yaxud gerçək həyat hekayələrinə uyğunlaşdırılmış təsvirlər müxtəlif dövrlərin ab-havasını, mikroaləmini göz önündə canlandırır, diqqətimizə çatdırır. Kino təsvir sənəti olduğu üçün də rəssam işi ilə bilavasitə bağlıdır, əlaqəlidir. Danılmaz həqiqətdir ki, rəssamın peşəkarlığı filmin uğurunu təmin edir. Kino rəssamı müvafiq kadrların kompozisiyası üçün lazımi göstərişlər və məsləhətlər verir. Məhz bu mənada ekran hadisələrinin təsvir həllini tapmasında, inandırıcı təsir bağışlamasında, tamaşaçını ekran başına toplamasında kino rəssamlarının rolu böyükdür.

Xalq rəssamı Rafiq Nəsirov da artıq 50 ilə yaxındır ki, kinoda çalışır, kino  rəssamı kimi yaradıclıq qismətinə düşən filmlərin uğura imza atmasına imkan yaradır. Yaradıcılıq filmoqrafiyasına 40-dan artıq film daxil olan kino rəssamı 1980-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dekorativ qurğular şöbəsinə rəhbərlik edir, həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir.

Rafiq Nəsirov 1947-ci il 27 may tarixində Sabirabad şəhərində anadan olub, 1954-cü ildə oradakı orta məktəbə gedib. Orta təhsilini bitirdikdən sonra 1961-ci ildə Politexnik Texnikumunun (indiki Bakı Texniki Kolleci) memarlıq fakültəsinə qəbul olunub. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. 1969-cu ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında memar vəzifəsində çalışıb.

İlk dəfə kinorejissor Rauf Nağıyevin çəkdiyi “Bədbəxtliyin astanasında” (1977) filmində çalışan rəssam bu filmdən sonra kinorejissor Tofiq İsmayılovun quruluş verdiyi “Əzablı yollar” (1982) uşaq filmində quruluşçu rəssam (Elbəy Rzaquliyevlə birgə) kimi fəaliyyət göstərir. Həmin ildə kinorejissor Feliks Slidovkerin çəkdiyi “Yeddi gözəl” (1982) tammetrajlı bədii film-baletində (Elbəy Rzaquliyev, Arif Məhərrəmovla birgə) çalışır.

Peşəkar kino rəssamları ilə çiyin-çiyinə çalışan Rafiq Nəsirovun kino fəaliyyətinin uğurları gənc rəssamı yeni yaradıcılıq nailiyyətlərinə həvəsləndirir, ardıcıl olaraq müxtəlif janrlı ekran əsərlərində çalışmasına imkan yaradır. Kinostudiyadakı fəaliyyəti dövründə peşəkar rəssam “Musiqili xaş”, “Bəyin oğurlanması” (Elbəy Rzaquliyevlə birgə), “Cin mikrorayonda” (Şamil Nəcəfzadə ilə birgə), “Qəm pəncərəsi” (Elbəy Rzaquliyevlə birgə), “Şeytan göz qabağında”  (Elbəy Rzaquliyevlə birgə), “Yaramaz”  (Nazim Hacıyevlə birgə), “Sahilsiz gecə” (Elbəy Rzaquliyevlə birgə), “Qəzəlxan” (Elbəy Rzaquliyevlə birgə), “Bəxt üzüyü”,  “Həm ziyarət, həm ticarət”, “Sarı gəlin”, “Otel otağı” (Rafiz İsmayılovla birgə), “Ovsunçu” (Rafiz İsmayılovla birgə), “Küçələrə su səpmişəm” (Rafiz İsmayılovla birgə), “Biz qayıdacağıq” (Rafiz İsmayılovla birgə), “İstanbul reysi” (Rafiz İsmayılovla birgə), “İlahi məxluq”, “Cavad xan” (Rafiz İsmayılovla birgə) və digər ekran əsərlərində fərdi yaradıcılıq üslubunu təsdiqləyir, yaradıcı heyətlə birlikdə filmlərin uğur qazanması üçün səylə çalışır.

Həyatını kinoya bağlayan, işinə daim məsuliyyətlə yanaşan, seçdiyi məsləyini kinematoqrafiyanın inkişafı prosesinin ayrılmaz hissəsinə çevirən Rafiq müəllim 76 yaşın astanasındadır. Sənətində daim peşəkarlıq nümayiş etdirən kino rəssamını kinosevərlər və əməkdaşlarımız adından təbrik edirik, ona cansağlığı yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Dövlət Film Fondu