Aktyor Məlik Dadaşovun doğum günüdür

Azərbaycan teatr və kino sənətinin inkişafında xüsusi xidmətləri olan, xarakterik rollar usatası, Xalq artisti Məlik Dadaşovun (07.06.1924) doğum günüdür. Aktyorun zəngin həyat təcrübəsi, çoxillik teatr fəaliyyəti və peşəkar kino yaradıcılığı sənət yoluna bir daha nəzər salmağımıza səbəb yaradır.

Bakıda yüksək mədəniyyətli bir ailədə dünyaya göz açan Məlik Dadaşovun mayası, necə deyərlər, sənətlə yoğrulub. Sənət sevgisi elə doğuşdan qanına, canına hopub. Körpəsinin beşiyi başından həzin laylalarını əskik etməyən anası Xeyransa xanım qarmonda gözəl mahnılar ifa edib, hətta kiçik musiqi əsərləri də yazıb. Xalası Hökumə Nəcəfova isə bəstəkar olub. Atası Yusif kişi Bakının sayılıb-seçilən neft sahiblərindən biri kimi tanınıb. Hacı Zeynalabdin Tağıyevin yaxın dostlarından olub. Daim qonaqlı-qaralı, kübar, mədəni bir ailədə böyüyən Məlik Dadaşovun zəngin dünyagörüşü, yetkin təfəkkürü, sənətə sevgisi onun məhz aktyorluq peşəsini seçməsinə səbəb yaradıb. Çünki həyatı sevən, ona fərqli yanaşan, ətrafdakıların münasibətlərini diqqətlə müşahidə, təhlil edən istedadlı gənc həyat fəlsəfəsini, düşüncələrini yalnız bu sənətdə görüb-duyduğu kimi göstərə, onlarla xarakterləri bir ömrə sığdıra bilərdi.

İkinci Dünya müharibəsindəki (1941-1945) iştirakı həssas, duyumlu qəlbə, fərqli düşüncəyə malik gəncə zamanın gərdişini incəliklə cilalamaq, həyat fəlsəfəsini dərindən anlamaq şansı verdi. Elə buna görə də Məlik Dadaşov imzası sevib-seçdiyi məsləyində çox tez parladı, tanındı, teatr və kino salnaməmizin tarixinə qızıl hərflərlə yazıldı.

1950-ci ildən Akademik Dram Teatrında fəaliyyətə başlayan aktyor teatrın səhnəsində ifa etdiyi rollarını fərdi xarakterik cizgilərə və zəngin ifadə vasitələrinə görə teatrsevərlərə sevdirməyə nail oldu. Aktyorun fərqli teatrlarda (Gənc Tamaşaçılar Teatrı (1945), Zaqatala Dövlət Teatrı (1946), Şəmkir Dövlət Dram Teatrı (1946), Rus Dram Teatrında (1989-1991 – direktor-bədii rəhbər), eləcə də televiziya tamaşalarında oynadığı uğurlu rolları kinematoqrafçıların diqqətindən yayınmadı.

Fərqli xarakterlər üçün səciyyəvi cizgilər tapan, orijinal ifalar nümayiş etdirən istedad sahibi sözün əsl mənasında teatr, kino aləmi üçün bir tapıntı idi. O, teatrda olduğu kimi kinoda da istedadını əhatəli şəkildə təsdiqlədi, rollarının yaşarı, real alınması üçün potensialını tam olaraq səfərbər etdi. Çünki o, yaxşı bilirdi ki, qəlbini, ruhunu dinc buraxmayan sənət düşüncələrini insanlara canlı, emosional çatdırması üçün kino ona daha böyük şans verib. Buna görə də ilk kino obrazından etibarən (“Bir məhəllədən iki nəfər” filmində Nazif) tipik xarakter ustası olduğunu kiçikplanlı rolu ilə bəyan etdi, ekran obrazlarının təfsirində fərdi cizgilər yaradan xarakterlər ustası olaraq milli kinomuzun simasına çevrildi.

Azərbaycan kinosunda 30-dan artıq filmdə irili-xırdalı rol alan aktyorun ekran obrazlarını xatırladıqca obrazlara uyğunlaşdırılmış səsi, xarakterik cizgiləri yada düşür. “Bir qalanın sirri” nağıl filmində dərviş, “Uşaqlığın son gecəsi”ndə Nağıyev, “Bizim küçənin oğlanları” filmində Əbdül, “Təhminə”də Murtuz, “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində sərhədpozan və başqa rolları formaca, məzmunca fərqlidir, bənzərsizdir.

Məlik Dadaşovun müdrik və amiranə səsi, zəngin plastikası, aktyor texnikasını dərindən bilməsi müxtəlif janrlı filmlərdə fərqli rollar yaratmasına imkan verib. Onun “Birisigün gecəyarısı” filmindəki N. Nərimanov rolu tamaşaçını vadar edir ki, mürəkkəb və ziddiyətli həyata dərindən nəzər salsın, həyat həqiqətlərini saf-çürük etsin. “Bizim küçənin oğlanları” filmindəki zəhmətkeş, mərd, xeyirxah xüsusiyyətli Əbdül isə, həyatın mənasını ailə tamlığında, uşaqların sevincində, doğmaların əhatəsində görməyi nəsihət edir.  “Uşaqlığın son gecəsi” filmindəki Nağıyev obrazının təfsirində də işgüzar, peşəkar və bacarıqlı kadrların önəmli, lazımlı olduğu fikri vurğulanır. Göründüyü kimi aktyorun kinoda yaratdığı bu və ya digər rollarının həyat mövqeyini xatırladıqca ekran əsərlərinin mənası, mahiyyəti yada düşür, məzmunlu filmlərin həyatımızdakı rolu müəyyənləşdikcə  ustad sənətkara minnətdarlıq hissi ünvanlanır.

Sənəti daim yüksək səviyyədə təqdim edən Məlik Dadaşovun dublyaj sahəsində də xidmətləri böyükdür. Cingiltili, amiranə səs tembrinə malik olan sənətkar digər yerli və xarici ekran qəhrəmanlarının səsləndirməsində də iştirak edib, “Mozalan” satirik kinojurnalının bir çox bədii süjetlərində müxtəlif rollar oynayıb.

Ömrünün sonuna qədər sənətinə sadiq qalan, bir müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) aktyorluq sənətinin sirlərini tələbələrə tədris edən aktyor təpədən dırnağadək sənətə məxsus idi və ömrünü, varlığını sənətin aliliyinə,  yüksəlişinə təslim etmişdi. Bunu isə sənətkarın həyat tarixçəsi, sənət yolu diktə edir.

Məlik Dadaşov kino fəaliyyətinə 1947-ci ildə başlayıb. “Fətəli xan” tarixi-bioqrafik filmində Həmzə rolunu səsləndirib. Aktyor kimi kinoda debütü isə “Bir məhəllədən iki nəfər” (1957) filmində Nazif roludur. Filmdəki hadisələrin gərginləşməsində ekran əsərinin dramatik yükünün artmasında əsas rol oynayan Nazif mənfi obrazdır. Rol konfliktləri kəskinləşdirir, hər hansı bir dövrün düşünülmüş həyat hekayəsini ekran vasitəsilə bədii həqiqətə çevirir. Göründüyü kimi aktyorun kinoda yaradıcılıq qismətinə ilk olaraq mənfi rol yazılıb.

Aktyorun ekranda canlandırdığı kiçikplanlı rolu belə filmin aparıcı qüvvəsinə çevrilir, filmin məzmun yükünü tamlıqla anlamağımıza zəmin yaradırdı. Aktyor mənfi obrazların ekran hadisələrinin ardıcıllığını, ziddiyyətlərin kəskinləşməsini təşkil etdiyini, bu kimi xarakterlərin daha çox ehtiras, bacarıq, istedad tələb etdiyini yaxşı bilirdi. Bu mənada yaradıcılığında ardıcıllıq təşkil edən mənfi personajlara daha maraqlı, fərdi yaradıclıq ştrixləri axtarıb tapır, böyük coşqu və həvəslə onlara nəfəs, can verirdi.

Aktyor özü mənfi cəhətli insanları ictimai qınaq obyektinə çevirdiyinə görə bunu sənət nailiyyəti hesab edirdi. Hətta “Axırıncı aşırım” filmində yaratdığı əzazil, qəddar Qəmlo obrazına ünvanlanan qəzəbli, tənəli baxışları sənətinin uğuru adlandırırdı,  müsahibələrində isə bildirirdi: “Mən öz ünvanıma deyilən xoşagəlməz replikaları alqış kimi qəbul edirəm”.

Məlik Dadaşovun “Dəli Kür” filmində oynadığı molla Sadıq, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Fəryad”da Armen Xaçaturyans, “Güllələnmə təxirə salınır”da müstəntiq və digər mürəkkəb xarakterli rolları tamaşaçı yaddaşında kök salan həyat məsələlərinin həllində maneə və nifaq yaradan qəliz cəhətli prototiplərdir. Aktyorun mənfi rolların təfsirində kino nailiyyətlərini izləyəndə olduqca ehtiyatlı və tələbkar taktikası olduğu görünür. Kamera qarşısında həddən artıq qaynar və coşqu yaradan aktyor tərəf-müqabilindən də eyni coşqunu, təqdimatı tələb edir. Bu isə çəkiliş məqamında tərəfdaşından yüksək peşəkarlıq tələb etmək, kamera qarşısındakı enerji və emosiyalarının qarşılığını almaq deməkdir.

Məlik Dadaşovun ifası və imzası hər hansı bir uğurlu filmin dəqiq ünvanıdır. Sənətkarın əldə etdiyi ən böyük mükafat da elə budur. Sənətin fövqündə minnətdarlıqla xatırlanmaq, sevilmək, unudulmamaq.

Dövlət Film Fondu