“Azərbaycan sənədli kino salnaməsi” retrospektivinin növbəti tədbiri Teyyub Axundova həsr olundu

İyunun 9-da Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, təsvir rejissoru Teyyub Axundovun yaradıcılığına həsr olunub.

Şair Mikayıl Müşfiqin 115 illik yubileyi münasibətilə keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Teyyub Axundovun təsvir rejissoru kimi lentə aldığı bədii və rejissor kimi çəkdiyi bir neçə sənədli film haqqında məlumat verdi, onun Böyük Vətən müharibəsi iştirakçısı olduğunu vurğuladı. Sonra Əməkdar incəsənət xadimləri Rafiq Qəmbərov və Aydın Kazımzadə çıxış edərək, görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər.

Çıxışların ardınca Teyyub Axundovun şair Mikayıl Müşfiqə həsr edilmiş “Kainat olduqca şeir olacaq…” filmi tamaşaçılara təqdim olundu.

Filmin nümayişindən sonra professor Abbasqulu Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və Mikayıl Müşfiq irsinin təbliğatçısı Sənan Talıbov tədbirin əhəmiyyətindən bəhs etdilər.