Xalq artisti Amaliya Pənahovanın doğum günüdür

Xalq artisti, Azərbaycan teatr və kino sənətində özünəməxsus rollarını məntiqi cəhətdən mənalandıran, təsvir olunan hadisələrə yaradıcılığı vasitəsilə estetik münasibət bildirən, “istedada zaval yoxdur” prinsipini əsas tutaraq, sənətini daim zirvələrə doğru yönəldən unudulmaz aktrisa Amaliya Pənahovanın anadan olmasının 78 illiyidir. Lirik-psixoloji aktyor məktəbinin yaradıcılarından olan aktrisanın sənəti gənc nəsillər üçün  məktəbdir, şəxsiyyəti unudulmazdır.

Amaliya Pənahovanın adı çəkiləndə Azərbaycan teatr, kino sənətinin ən yaddaqalımlı, bədii cəhətdən yüksək keyfiyyətli səhnə və ekran əsərləri yada düşür. Ömrü boyu sənətinin fövqündə duran, yüksək səviyyədə təqdim edən aktrisa Azərbaycan mədəniyyətini bütün qüvvəsi ilə ölkədə və xaricdə layiqincə təmsil edirdi. Onun sənətə gəlişi, ələlxüsus da milli kinomuzda rol alması tamaşaçılar üçün bir ərmağan, töhfə idi.

Sənət hiss edilərək yaradılır, yaşadılır, sevilir. Hisslərlə dolu, məntiqlə bol olan yaradıcılığa isə cəmiyyət həmişə hörmət və ehtiramla yanaşır, pərəstiş edir. Çünki ibrətamiz sənət mühüm həyat məsələlərinin həllini bilavasitə təhlil vasitəsinə çevirir, həmçinin ictimaiyyətin mühakiməsinə verir. İbrətamiz yaradıcılığı rəğbətlə izlənilən sənət fədailəri isə tamaşaçıların unudulmaz sənətkarına çevrilir, qəlblərdə əbədiləşir.

XX əsrin ikinci yarısında Azərbaycan dramaturgiyasında yeni tipli, müxtəlif xarakterli, müasir dövrün qadın obrazları (əsasən də romantik-poetik üslubda) yaradılırdı. Tamaşaçılar tərəfindən maraqla izlənilən, həyat eşqi güclü olan, arzularını, xəyallarını böyük coşqu ilə dilə gətirən həyatsevər, əməlpərvər personajların bir çoxu məhz Amaliya Pənahovanın ifasında sevilirdi, rəğbətlə qarşılanırdı. Anşlaqla izlənilən (“Təhminə və Zaur”, “Nişanlı qız”, “Unuda bilmirəm”, “Mənim günahım”, “Büllur sarayda” və digər) tamaşaların uğurunda 60-cı illərdən etibarən səhnə ulduzuna çevrilən Amaliya xanımın rolu danılmazdır, əvəzsizdir.

Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində sənət sirlərinə (1962-1966) yiyələnən aktrisa “Əhməd haradadır?” filmində debüt kino (Məsmə) obrazı ilə kinosevərlərin görüşünə gəldi. Bundan sonra “Cazibə qüvvəsi” (idmançı) və “Sən niyə susursan?” (uşaqlı qadın) filmlərində kiçikplanlı rollara dəvət aldı. “Həyat bizi sınayır” (1972) ekran əsərində geniş planlı Münəvvər rolu ilə kinonun arzulanan sakini olacağını bir daha vurğuladı. Bu filmdən sonra teatral yaradıcılığı ilə tamaşaçıların qəlbini fəth edən sənət kraliçası kinosevərlərin də könlündə taxt qurmuş oldu.

Azərbaycan kino salnaməsinə adını qızıl hərflərlə yazan Amaliya Pənahova kino fəaliyyəti dövründə yaradıcılıq filmoqrafiyasına 50-dən artıq film daxil edib. Aktrisanın ekranda canlandırdığı rollarını göz önünə gətirdikcə tamamilə orijinal ekran obrazlarının fərqliliyinə heyran qalırsan. Rollar təkcə formaca yox, məzmun və təqdimat baxımından  cəzbedici, real təsir bağışlayır. Bu isə aktrisanın sənətin dərinliklərinə, texnikasına yaxşı bələd olmasından, düşüncələrini tamamilə sənətinə sərf etməsindən irəli gəlirdi.

Aktrisanın Azərbaycan kinosunda yaratdığı “Xatirələr sahili” filmində Xalidə, “Qərib cinlər diyarında” nağıl filmində Zərri, “Arxadan vurulan zərbə” detektiv filmində Ziba, “Babək” tarixi-bioqrafik filmində Zərnisə, “Qəribə adam”da Fəridə, “Mən mahnı qoşuram”da Sonanın anası, “Gözlə məni” tarixi-inqilabi filmində Fəxrəndə, “Cavad xan” tarixi-bioqrafik filmində knyaginya Darya və başqa rolları bu gün də kinosevərlər tərəfindən böyük maraqla izlənilən dolğun, koloritli ekran personajlarıdır. Janr müxtəlifliyi fonunda mürəkkəb xarakterlərin öhdəsindən ustalıqla gələn aktrisanın zəngin kino yaradıcılığını kinorejissorlarının ona olan inamı, rəğbəti  ilə əlaqələndirmək olar.

Kinorejissor Xəyyam Abdullayev quruluş verdiyi (rejissor Elməddin Alıyevlə birgə, 2007) “Nəfəs” filmində Amaliya xanımın canlandırdığı Ağabəyim rolunu və sənət sevgisini dərin rəğbət hissi ilə xatırlayaraq qeyd etdi: “Nəfəs” filmi debüt filmimiz idi. Yaradıcılığımızın başlanğıcında o, bizə çox dəstək oldu. Onun bu filmdə çəkilməsi, bizimlə olması bizə onu öyrətdi ki, növbəti işlərimizdə də hansı insanlarla çalışmaq lazımdır ki, nəticəsi gözəl olsun. Biz ondan çox şey öyrəndik. Çəkilişlərdə yaradıcılıq baxımından elə maraqlı hadisələr baş verirdi ki, bu sonrakı işlərim üzərində necə ciddi məşğul olmağımı mənə öyrətdi.

Amaliya xanım yaxşı xüsusiyyətləri ilə bizi çox təəccübləndirirdi. Filmdə belə bir epizod var ki, o, (Ağabəyim) əlində dəhrə ilə gəlinini (aktrisa Vəfa Zeynalova) təqib edir. Yer xəzəllə örtülmüşdü, təbii ki, hamar deyildi. Birdən Amaliya xanım yıxıldı. Biz tez hamımız onu qaldırmaq üçün qaçdıq, ancaq biz çatana kimi o, özü qalxdı. Çatanda soruşdum ki, nəsə olub? Dedi, yox, heç nə olmayıb. Amma gördüm ki, əlini sıxıb. Biz həmin epizodu çəkib bitirdik. Mən epizod çəkildikdən sonra yenə ona yaxınlaşdım ki, Amaliya xanım, əlinizə, deyəsən, nəsə olub. O, yavaş səslə bildirdi ki, Xəyyam ciddi bir şey yoxdur, amma çağıraq, əlimə bir baxsınlar. O, əlini açdıqda gördüm ki, dəhrənin uc hissəsi əlində çox dərin bir yara açıb. Biz tez lazımi tibbi yardımı göstərdik”.

Kinonun ayrılmaz hissəsi olan dublyaj sənətinin filmlərin bədii keyfiyyətini,  uğurunu artırması faktdır. Bu mənada dublyaj fəaliyyəti ilə kinoya dolğunluq gətirən aktyorların zəhməti əvəzsizdir. Görkəmli aktrisa Amaliya Pənahovanın yerli və xarici filmlərin səsləndirilməsində, eləcə də xarici filmləri doğma dilimizdə geniş tamaşaçı auditoriyasına sevdirməsində rolu böyükdür.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “İstintaq davam edir” detektiv filmində Tatyana Ostapenko (aktrisa Lüdmila Şlyaxtur), “Gün keçdi”də Əsmər (aktrisa Leyla Şıxlinskaya), “Var olun, qızlar”da Sona (aktrisa Alyona Çuxray), “Bizim küçənin oğlanları” filmində Elmira (aktrisa Sədaqət Dadaşova), “Dədə Qorqud”da Selcan (aktrisa İnarə Quliyeva), “Alma almaya bənzər”də Aişə (aktrisa İnarə Quliyeva), “Qızıl uçurum”da Ağbəniz (aktrisa Yelena Qabets) və digər kino obrazlarının hiss və həyəcanlarını, məqsəd və məramlarını, tərəfdaşlarına olan münasibətlərini aktrisa səsindəki özünəməxsus coşqu və canlı, emosional ifa ilə təqdim edib.

Sözügedən rolların bəzən titrək, bəzən mülayim, bəzən həyəcanlı, bəzənsə həzin səs tonlarını yada saldıqca onların xarakterinə uyğunlaşdırılmış intonasiyaların sehrinin və ekran personajlarının uğur səbəbini bir daha anlayırsan.

Bəli, məhz bu mənada kino kollektiv əməyin məhsuludur. Amaliya Pənahova kimi sənət aşiqləri isə sənətin bütün sahələrinə yüksəliş, keyfiyyət, alilik gətirən korifeylərdir.

Dövlət Film Fondu