Vidadi Həsənov – 65

Sənətdə tanınmaq, sevilmək istedaddan əlavə gərgin yaradıcılıq axtarışları, böyük əmək, zəhmət tələb edir. Bu mənada yalnız sənətin cəfasına qatlaşanlar, dözənlər onun səfasını görə, sevilə, sevdikləri ilə əhatələnə bilərlər.

Tanınmış aktyor Vidadi Həsənov da Azərbaycan teatr, kino sənətində göstərdiyi sənət biliciliyi, peşəkarlığı sayəsində çoxsaylı tamaşaçının rəğbətini qazanıb, irili-xırdalı səhnə, ekran personajları ilə sənətsevərlərin sevimli aktyoruna çevrilib.

Sənət təsadüfləri sevmir. İstedadını təsdiqləyənləri, sənəti ali səviyyədə təqdim edənləri isə yaddaşlara yazır, məşhurlaşdırır. Vidadi Həsənovun sənət biliciliyi də səhnə, ekran rollarının təfsirində əksini tapıb, uğurlarının qaynağını istinad verib.

1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyoru fakültəsinə daxil olan gənc sənətsevər institutun Tədris Teatrında aktyor kimi iştirak edib, bacarığını təsdiqləyib. Sənətini daim yüksək səviyyədə təqdim edən aktyor 1990-cı ildən “YUĞ” teatrında çalışır, maraqlı, məzmunlu rolları ilə teatr sənətinin inkişafına töhfələrini verməkdə davam edir.

Vidadi Həsənovun teatral obrazları hər biri ayrı-ayrılıqda aktyor sənətinə yiyələnmək istəyən gənclər üçün örnəkdir, məktəbdir. 1986-cı ildən universitetdə aktyorluq sənətini böyük təcrübi üsulla tədris edən Vidadi Həsənov bu gün də pedaqoji fəaliyyətini davam etdirir, həmçinin universitetinin “Estrada rejissoru” kafedrasının dosentidir.

Aktyorun yaradıcılıq bioqrafiyasında xüsusi yer tutan kino obrazları da sənətin aliliyini təsdiqləyən, müxtəlif həyat hadisələrinin məzmununu şərh edən personajlardır. Yaddaqalımlı ekran personajları ilə diqqət çəkən aktyor “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın filmdə rol alıb, televiziya tamaşalarında, seriallarda müxtəlif xarakterli obrazlar oynayıb.

Kinoda debüt rolunu (Musa) “Bəyin oğurlanması” (1985) kinokomediyasında oynayan aktyor kiçikplanlı rolun daxili dünyasını, duyğularını, qəliz, susqun, ötkəm cəhətlərini göstərməyə, hadisələrin axıcılığına rəvac verərək obrazın yaddaqalımlı olmasına, aparıcı rollarından biri kimi yadda qalmasına nail olub. Bundan sonra o, kinorejissor Eldar Quliyevin quruluş verdiyi “Burulğan” (1986) macəra dramında Adil roluna çəkilib. Obrazın fərdi keyfiyyətlərini, daxili mənini, məqsəd və niyyətini psixoloji nüanslarla, orijinal,  bənzərsiz jest və mimikalarla çatdırıb.

Azaktyorlu filmdə ziddiyyətlərin kəskinləşməsinə səbəb olan Adil əslində bizə ilk baxışda nümunəvi xüsusiyyətlərə malik kimi görünən dostlarının mənfi cəhətləri ilə tanış olmağımıza səbəb yaradır, gənclərin iç üzünün, mənfi xarakterlərinin açılmasına, xudbin, meşşan cəhətlərinin üzə çıxmasına səbəb olur.

Dövrünün mühüm problemlərinə, ictimai münasibətlərin şəffaflığına, xoş niyyətli olmasının vacibliyinə toxunan kinodramda insanlar arasında baş verən gizli kin-küdurətin davamlılığından, bu kimi xüsusiyyətlərin mürəkkəb münasibətlərə yol açmasından, mənəviyyatsız həyat tərzinin heç kimə xeyir gətirməməsindən, nəticədə isə gənclərin faciə ilə qarşılaşmalarından danışılır.

Vidadi Həsənovun psixoloji, emosional təqdimatda oynadığı Adil obrazı  hadisələrin inkişafına təkan verir, ziddiyyətləri kəskinləşdirir, həmçinin filmin məzmununu təhlil edir. Yoldaşlarının səhv yolda olduqlarını, yanlış düşündüklərini, ətrafdakılara pis örnək olduqlarını vurğulayan Adil insani dəyərləri, yaşam üçün vacib amilləri önə çəkir, hadisələri, personajların xarakterlərini psixoloji nüanslarla çatdırır, nəticə çıxarmağımıza imkan yaradır.

Aktyorun diqqət çəkən kino obrazlarından adyutant (“İşarəni dənizdən gözləyin”), brakonyer (“Şeytan göz qabağında”), polis mayoru (“Təxribat”),  Əbil müəllim (“ Qala”), Yavər (“Yalan”), Cavad xan (“Hökmdarın taleyi”) və digər rolları hadisələrinin şərhini verən, tamaşaçı diqqətini cəlb edən personajlardır.

Aktyorun uğurlu ekran personajlarından biri də kinorejissor Şamil Əliyevin quruluş verdiyi “Çölçü” (2012) kinodramındakı Ulu obrazıdır. Şamil Əliyevin  fikirləri aktyor haqqındakı düşüncələrimizi zənginləşdirir: “Vidadi Həsənovla ilk dəfə idi ki, “Çölçü” filmində birlikdə çalışırdıq. Buna qədər o, “YUĞ” teatrında və Akademik Dram Teatrında çalışırdı, bir sıra filmlərdə artıq öz sözünü demişdi, kifayət qədər tanınmışdı.

Onu da qeyd edim ki, Vidadi Həsənov ssenarini yazanda Ulu çölçü obrazını özü üçün yazmışdı. Çəkilişlər başlayana qədər onu sınaq çəkilişlərinə dəvət etmədim. Hətta Vidadi Həsənov: “Şamildən nə əcəb, məni sınaq çəkilişlərinə dəvət etməyib?”, – deyə maraqlanmışdı.

Mən düşündüm ki, ssenarini Vidadi yazıb, çəkiləcəyinə əmin olacaq, onda  arxayınlıq hissi yaranacaq. Məndən yaşca böyük olan kino işçiləri də dedilər ki, Vidadinin həmişə öz yanaşması, öz fikri olur. O, asanlıqla tabe olan adam deyil. Onu faktlarla, sübutlarla inandırmasan, sənin ardınca gəlməyəcək. Buna görə də Ulu çölçü roluna başqa aktyorlar dəvət edirdim. Hətta bir fikir də yaratdıq ki, artıq bu rol təsdiqlənib.

Vidadi bir gün gəldi ki, Şamil, nə əcəb məni rol üçün sınaq çəkilişinə dəvət etmirsən? Mən özümü elə göstərdim ki, guya onun çəkilmək istədiyini bilmirəm. Dedim, bəyəm sən çəkilmək istəyirsən? Gördüm, bu sözümdən incidi. “Sabah gəl, sınaq çəkilişi edək”, – dedim. Dedi: “Bəs mənimlə məşq etmirsən?” Dedim: “Vidadi, səninlə də məşq edim? Sabah çəkiliş meydanında mən özüm səndən çox şeylər öyrənəcəyəm”. Ertəsi günü o, çəkiliş meydançasına gəldi. Üç kamera qurulmuşdu.  Onu çəkdik. Çəkilişdən sonra ona: “Vidadi, get, sabah gəlmə, amma birisigün sənə verilən səhnəni hazırla, səni çəkəcəyik”, – dedim. Ertəsi gün Vidadi saat 9-da kinostudiyada idi. Dedim: “Axı sən sabah gəlməli idin?” Dedi: “Gəl ey, Şamil, sənə sözüm var”.

Biz otağa keçəndə dedi: “Şamil mən dünən niyə pis oynadım?” Mənə də elə bu lazım idi. Onda qətiyyən özündən razılıq hissi yox idi. Dünənki çəkiliş zamanı mənim baxışlarımdan, hərəkətlərimdən istədiyimi ondan ala bilmədiyimi anlamışdı. Bunu da hər aktyor etiraf etmir. Gəlib, mən yaxşı oynamadım, məni bir də çək demir. Belə aktyorlarla işləməyi daha çox sevirəm və üstünlük verirəm.

Biz həmin günün sonuna qədər rol üzərində çalışdıq, müzakirələr apardıq. Ertəsi gün çəkiliş meydançasında Vidadi bir tüğyan elədi ki, oyununa heyran qaldıq. Beləliklə də Ulu çölçü obrazını yaratdıq.

Onu da deyim ki, Ulu rolu onun yaradıcılığında yeni bir mərhələ, yeni bir çalar idi. Bu obraza görə 5 dəfə xarici festivallarda mükafatlar alıb.

Vidadinin ədəbi fəaliyyəti də maraqlıdır. Fəlsəfi şeirlərini oxumuşam. Həmçinin müstəqil teatr yaradıb, ətrafına gəncləri, həmkarlarını toplayıb. Maraqlı tamaşalar hazırlayırlar. Bu isə böyük enerji, intellekt tələb edir. Bir sənətkar kimi Vidadinin yaradıcılıq diapazonu genişdir və əsl sənət adamıdır”.

Dövlət Film Fondu