Mirzə Babayev – 110

İstedadlı insanlar həyatın bəzəyidirlər, zinətidirlər. Onların dünyagörüşündən, yaradıcılığından insanlara həmişə pay düşür. Xalq artisti, Azərbaycan estrada musiqisinin banilərindən olan Mirzə Babayev (1913-2003) də sənətin gözəllikləri fonunda ətrafına daim nur saçan, qəlblərə fərəh gətirən sənətkarlarımızdandır. Tamaşaçıların böyük hörmətini qazanan müğənni-aktyor pərəstişkarlarının yaddaşında duzlu-məzəli söhbətləri ilə qalıb, maraqlı çıxışları ilə düşündürüb, məzmunlu ekran obrazları ilə müxtəlif dövr müasirlərini həmsöhbətimizə çevirib, filmlərin uğuruna uğur qatıb, yaddaşlarda iz salıb.

Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alan, Bakıda və Azərbaycanın digər şəhərlərindəki bir çox binaların, muzeylərin layihə müəllifi olan Mirzə Babayev musiqiyə olan həvəsini daxilində daim cücərdib, böyüdüb.

Özünəməxsus ifası ilə qəlblərə yol tapıb, sevdiyi sənətini püxtələşdirmək üçün   Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub (1948). Həmin vaxtlarda bəstəkar Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxışlar edib. İfa və improvizələrinə, yüksək artistizm keyfiyyətlərinə görə bəstəkarların diqqətini çəkib, özünəməxsus ifa və jestlərinə, obrazlı təqdimatına görə az müddət ərzində tanınıb, tamaşaçıların rəğbətini qazanıb.

Mirzə Babayevin zəngin repertuarının tərkib hissəsi olan, sevə-sevə oxuduğu  mahnılardan “Limanlar”, “Saçlarına gül düzüm, “Uzaq yaşıl ada”, “Kəpənək”, “Bir axşam”, “Dayan, zaman”, “Gəlmədi”, “Kimlər gəldi, kimlər getdi”, “Pəncərəmə qondu çiçək”, “İndi günah nə səndədir, nə məndə”, “Düşürsən yadıma” və digər manhılar bu gün də dillərdən düşməyən, sevərək zümzümə edilən nəğmələrdir.

Azərbaycan kinosunda 40-dan artıq filmdə çəkilən Mirzə Babayev həmçinin bir neçə filmin mahnılarını yüksək peşəkarlıqla (“Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Onu bağışlamaq olarmı?”, “Ulduz”, “İyirmialtılar”, “Dəli Kür”, “Alma almaya bənzər”, “Qayınana” və s.) səsləndirib, ekran personajlarının hiss və duyğularını, niyyət və arzularını obrazlı ifası ilə çatdırıb.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan “O olmasın, bu olsun” filmində Məşədi İbad obrazının musiqi partiyalarını böyük məharətlə ifa edən müğənni bu filmdən sonra daha da məşhurlaşıb, kino personajları üçün yazılan mahnıların mahir ifaçısına çevrilib.

Görkəmli bəstəkarlardan Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Vasif Adıgözəlov və digərlərinin kino bəstələrini böyük məharətlə ifa edən müğənni obrazlı ifası ilə özü, həmçinin digər aktyorların oynadıqları ekran obrazlarının xüsusiyyətlərini dəqiqliklə səciyyələndirib, hadisələr və münasibətlər haqqında təsəvvürlərimizin tamlığına zəmin yaradıb. Kino obrazlarını realist oynayan, filmlərdə səslənən mahnılarla mühitin ab-havasını çatdırmağa nail olan müğənni-aktyoru bəstəkarlar tədricən nəzərə alaraq mahnılar yazmağa başlayırlar.

Mənbələrə istinad edərək Tofiq Quliyevin bu barədə olan fikirlərinə nəzər salırıq: “Əgər filmdə Mirzə çəkilirdisə, ssenari üzrə mahnı nəzərdə tutulmayanda belə, bir mahnı yazırdım ki, onun ifası bu kino lentində qalsın”.

Deyilənlərə görə, “Dərviş Parisi partladır” filmində Dərvişin (aktyor Mirzə Babayev) ekranda göründüyü ilk epizodda oxuduğu mahnı da ssenaridə yox olmayıb, Tofiq Quliyev həmin mahnını Mirzə Babayev üçün yazıb.

Mirzə Babayevin istər musiqi əsərlərinə, istərsə də ədəbi əsərlərə həssaslıqla yanaşması, mövzunu dərindən duyması, ona həvalə olunan personajların daxili mənini hiss edərək yaratması orijinal ekran personajlarının meydana gəlməsinə, xarakterik obrazların təqdimatına səbəb olurdu.

Aktyorun maraqlı, yaddaqalımlı ekran personajlarından olan Cəlil (“Kölgələr sürünür”), Qulam (“Telefonçu qız”), Səlim bəy (“Qaraca qız”), Fərzəli bəy (“Qorxma, mən səninləyəm”), Amanoğlu (“Bəyin oğurlanması”), müsavatçı (“İşarəni dənizdən gözləyin”), Cabbar (“Bağ mövsümü”), Hacı Kərim (“O dünyadan salam”), montajçının atalığı (“Milli bomba”) və başqa rolları fərqli xüsusiyyətləri, jest və mimikaları ilə yaddaşlara hopan personajlardır.

Aktyorun çox sevilən, çöhrələrdə təbəssüm yaradan, bədii əsərin məzmun keyfiyyətinin, dərinliyinin mahiyyətini anladan, mövzunun aktuallığını təsdiqləyən obrazlardan biri də Dərviş Məstəli şah (“Dərviş parisi partladır”) roludur. Rejissor mizanlarını dəqiqliklə yerinə yetirdiyinə görə də filmin uğuruna uğur qatıb, koloritli personajlardan biri kimi yaddaşlarda iz salıb.

Dərviş Məstəli şah obrazı filmdəki hadisələrin məğzini dərin səmimiyyətlə açır, baş verən komik situasiyalar çərçivəsində vacib məqamlara incə yumorla toxunur, qəliz, məkrli xüsusiyyətləri fonunda tamaşaçını gülərək köhnəlikdən, avamlıqdan, savadsızlıqdan uzaqlaşdırmağa sövq edir, maraqlı personaj kimi filmin baxımlılığını artırır.

Filmin rejissorlarının məqsəd və istəyini yaradıcılığının təfsirində aydınlıqla göstərən aktyor sənətdə olmağın üstün cəhətlərini, nümunəvi xüsusiyyətlərini hər bir təqdimatında təsdiqləyib. Böyük şövqlə, yüksək peşəkarlıqla təqdim etdiyi sənətini yaddaşlara, şəxsiyyətini qəlblərə yazmağı bacarıb.

Dövlət Film Fondu