Xalq artisti Rasim Balayev adı Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazılan sənətkarlarımızdandır. Görkəmli kinematoqrafçılarla çiyin-çiyinə çalışan aktyor geniş potensialı, istedad və bacarığı sayəsində onlarla maraqlı, məzmunlu ekran personajları ərsəyə gətirib, sənət biliciliyi çərçivəsində filmlərin baxımlılığını artırıb, filmlərin ölkədə və ölkədən kənarda tanınmasına imkan yaradıb. Yaradıcılıq filmoqrafiyasına 200-ə qədər film daxil olan sənətkarın kino fəaliyyəti məhz bu mənada gənc nəsil aktyorlar üçün məktəbdir, örnəkdir.
Hələ tələbəlik illərindən kinoya bağlılığını təsdiqləyən aktyor ilk rolundan etibarən kino sənətinin həyatın inkişafına təkan verdiyini, ictimai təfəkkürün formalaşmasında mühüm rol oynadığını sübut edib.
Rasim Balayevin görkəmli kinorejissor Həsən Seyidbəylinin quruluş verdiyi “Nəsimi” tarixi-bioqrafik filmində baş rolda çəkilməsi tez bir zamanda məşhurlaşmasına, ardıcıl olaraq digər filmlərə dəvət almasına, baş və aparıcı rollar iştirakçısı kimi tanınmasına imkan yaratdı.
Romantik və realist aktyor məktəbinin ənənələrini yaradıcılığında ustalıqla əks etdirən aktyor müxtəlif janrlı filmlərdə fərqli xarakterlər nümayiş etdirdi, sənət texnikasının zənginliyini, peşə sirlərini dərindən duyma, bilmə qabiliyyətini hər bir rolunda əks etdirdi.
Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı İmadəddin Nəsimi insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsüdür. O, hürufilərin amalını, ideyasını fəlsəfi-poetik şeirləri fonunda təlqin edir, müasirləri arasında yayır. Şairin lirik-poetik əsərləri insan övladının ruhunun ənginliklərində gizlətdiyi ülviyyətin insanlığın xilaskarı olduğunu vurğulayır. Lakin bəşər övladının bir-birindən əsirgədiyi nəcib əməllərin yoxluğu, kasadlığı cəmiyyəti, eləcə də bəşəriyyəti boz aləmin sakini olmağa məcbur edir.
Kamil düşüncəsinə, nəcib xüsusiyyətlərinə görə könülləri vəsf edən səma şairinin fəlsəfi-psixoloji şeirləri nəinki müasirlərini, bütünlükdə insanlığı kainatın xilasına, nicatına səsləyir.
Həqiqət carçısının unudulmaz şəxsiyyətini, bütün dövrlər üçün aktual, gərəkli olan yaradıcılığını milyonlara ustalıqla çatdıran novator aktyor kinonun cəmiyyətin maariflənməsi istiqamətindəki rolunu, üstünlüyünü sənəti vasitəsi ilə təsdiqləyir, sənət biliciliyini sübut edir.
Sənət sevgisini və məsuliyyətli yanaşmasını digər ekran personajları vasitəsilə də təsdiqləyən aktyor bu filmdən sonra ardıcıl olaraq müxtəlif janrlı filmlərə dəvət alır, bir-birindən maraqlı, məzmunlu rollara imza atır.
Rasim Balayevin digər baxımlı ekran obrazlarından olan Azər (“Ömrün ilk saatı”), Beyrək (“Dədə Qorqud”), Cəbi (“Arxadan vurulan zərbə”), Babək (“Babək”), Sənan (“Xoşbəxtlik qayğıları”), Nicat (“Gözlə məni”), polkovnik Həbibi (“Doğma sahillər”), Elmar (“İstintaq”), Mirzə Fətəli Axundzadə (“Sübhün səfiri”) və digər rolları müxtəlif dövr müasirlərinin xarakterlərini, cəmiyyətdəki rolunu, ideya və amalını tərənnüm edir, çatdırır.
Sənətin sirlərini dərindən duyan, bilən aktyor yaradıcılığına məxsus psixoloji təhlil, obrazların forma və məzmun zənginliyi, ideya və mesajların ciddi təqdimatı, ədəbi əsərlərin, ekran hadisələrinin konsepsiyasını açmağa, həmçinin müxtəlif dövr müasirlərinin davranış və düşüncələrini dəqiqliklə çatdırmağa imkan yaradıb. Personajların təfsirində əksini tapan niyyət və məqsədlər aktyorun çoxplanlı yaradıcılığında, geniş potensialında təsdiqini tapıb, müxtəlif dövrlərin, sosial mühitin ab-havası dəqiq prizmadan çatdırılıb.
Kino istedaddan, yaraşıqlı xarici görünüşdən əlavə daxili zənginliyi, intuitiv yanaşmanı sevir. Rasim Balayevin ekran personajlarının xarakterlərinin dəqiqliklə cilalanması aktyorun ekran personajlarının daxili məninə nüfuz etməsindən, hadisələri dərindən qavramasından, sənətkar ziyasından, zəkasından, hadisələrə intuitiv yanaşmasından qaynaqlanır, mövzulara olan dəqiq münasibətini göstərir.
Aktyorun müsbət ekran personajları qədər sevərək təqdim etdiyi mənfi rolları da xarakter səviyyəsində çatdırılıb, ekran hadisələrinin mahiyyəti açıqlanıb. Aktyorun “Bir ailəlik bağ evi” filmində oynadığı mürəkkəb xarakterli Əli surəti, “Həm ziyarət, həm ticarət” kinokomediyasındakı fırıldaqçı Davud rolu, “Küçələrə su səpmişəm” kinodramındakı Bəhmən, “Qanlı zəmi” tarixi-bioqrafik filmindəki Səlim bəy obrazı, “Qatır Məmməd” filmindəki Əziz rolu, “Tənha narın nağılı” kinodramındakı Yaqub və digər mənfi xarakterli rolları dövrlərin qarışıq hadisələrinin, sosial durumunun çətinləşməsində, ziddiyyətlərin kəskinləşməsində, mühitin dramatizminin artmasında rolu olan personajlardır.
Aktyor texnikasının mahir biliciliyi, novator yanaşması, xarakterlərin dəqiq prizmadan çatdırılması – hadisələrin mürəkkəbliyinin qaynağının, böhranının haradan yaranması səbəbini açıqlayır, ədəbi əsərin məzmun dərinliyini, kinodakı rolunu təsdiqləyir.
Rasim Balayevin sənətinə olan böyük hörməti çəkildiyi filmlərlə yanaşı, səsləndirdiyi ekran əsərlərinə də böyük uğur qazandırıb. Aktyor müxtəlif janrlı filmlərdə fərqli xarakterli rolları məxməri, ahəngdar səsi ilə təqdim edib. “Tütək səsi”ndə Nuru (Ötkəm İsgəndərov), “Bizim küçənin oğlanları”nda İbrahim (Şahmar Ələkbərov), “Əzablı yollar”da Məlikməmməd (Ötkəm İsgəndərov), “Qara gölün cəngavərləri”ndə Fəttahov (Hacımurad Yagizarov), “Mən mahnı qoşuram”da sədr (Eldəniz Zeynalov), “Üzeyir ömrü”ndə Üzeyir Hacıbəyov (Hüseynağa Atakişiyev), “Nizami”də Nizami (Müslüm Maqomayev), “Bəyin oğurlanması”nda Elxan (Füzuli Hüseynov), “Bağ mövsümü”ndə Kələntər (Hacımurad Yagizarov), “Burulğan”da Murad (Məmməd Məmmədov), “İşarəni dənizdən gözləyin”də komandan (Fuad Poladov) və s. obrazlara ifaçılar qədər uğur gətirib. Həmçinin “Mozalan” satirik kinojurnalında bədii və sənədli süjetlərdə müəlliflərin niyyət və məqsədini səslə görüntünün sintezində ustalıqla təqdim edib (“Akt və fakt”, “Astarı üzündən baha” və s.), əsl sənətkarlıq mövqeyindən çıxış edərək maarifçilik mövqeyində dayanıb.
Kinoya lazım olan vacib xüsusiyyətlərə malik sənətkar, fərdi istedadı sayəsində bir çox filmdə çəkilməklə yanaşı, həm də digər personajları səsləndirib (“Cavid ömrü”: rol – Hüseyn Cavid; səs – Cavidin gəncliyi (İman Məcidov), “Köhnə bərə”: rol – Salman, səs – Eldar (Fəxrəddin Manafov) və s.
Müxtəlif dövrlərin həyat tərzi, mühitin özündən gələn mürəkkəb situasiyalara olan yanaşmalar, davranışlar, xarakterlərin müxtəlifliyi aktyorun dərin sənət bilgisi və zəngin təcrübəsi sayəsində əksini tapıb, rolların yüksək təqdimatı filmlərin obrazları deyil, obrazların filmlərin xatırlanmasına, baxımlılığının artmasına səbəb olub. Əsl sənətkar qüdrəti də elə budur.
Rasim Balayevin nümunəvi kino yaradıcılığı özü bir məktəbdir, tədqiqat obyektidir. Sənətə gələn gənclər ustad sənətkarın yaradıcılıq əzmindən hələ çox ruhlanacaq, istedadlarını doğru səmtə təlimatlandıraraq sənətin keşiyində duracaqlar.
Sənətkarın çəkildiyi və səsləndirdiyi obrazlar haqqında uzun-uzadı danışmaq mümkündür. Azərbaycan kinosunun inkişafına canla-başla xidmət edən, həyatını bütünlüklə sənətinə həsr edən sənətkarımızın varlığı Azərbaycan kinosu üçün bir tapıntıdır. Aktyorun vətəndaşlıq və sənətkarlıq mövqeyindən çıxış edərək yaratdığı rolları əsl sənət nümunələridir. Yaradıcılığı fonunda böyük bir kino tarixini xatırladan, kino ailəsini göz önündə canlandıran, ömrünün 75-ci yayını yaşayan ustad sənətkarımıza: “Nə yaxşı ki, varsınız”, – deyirik, bir daha cansağlığı, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Dövlət Film Fondu