Dövlət Film Fondunun direktoru Cəmil Quliyev “YAŞAT” düşərgəsinin qonağı oldu

“YAŞAT” Fondunun və “ASAN könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi maraqlı və əyləncəli anlarla yadda qalmışdır.

Şamaxı şəhərində keçirilən dördüncü həftənin ən yaddaqalan hadisəsi olan film saatında maraqlı anlar yaşanıb. Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşü təşkil olunub.

İki hissədən ibarət görüşün birinci hissəsində qonağın uşaqkən çəkildiyi “Alma almaya bənzər” filmindən hazırlanmış videoçarx nümayiş etdirildi. Sonra Cəmil Quliyev iştirakçıların suallarını cavablandırdı. Görüşün ikinci hissəsində isə tanınmış pedaqoq müxtəlif tapşırıqlarla uşaqların rejissorluq və aktyorluq bacarıqlarını yoxladı. Düşərgə iştirakçıları arasından seçilən münsiflər heyətinin qərarı ilə qaliblər “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” nominasiyalarında diplomlara layiq görüldülər, müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.