Zəhmət adamı həmişə seçilib, hörmət sahibi olub. Çalışqanlığına, əməyinə görə cəmiyyətdə özünə yer tapanlar məsləyini həyatının nicatına çevirənlər, ömrünə yol yoldaşı edənlərdir. Kinomuzun seçilən veteranlarından olan Əməkdar artist Əliqulu Səmədov (19.08.1953) da çoxşaxəli kino fəaliyyətində daim peşəkarlıq nümayiş etdirib, imza atdığı hər bir işinə böyük məsuliyyətlə yanaşıb. 70-ə yaxın filmdə müxtəlif vəzifələrdə çalışan kino zəhmətkeşi bu gün yubiley yaşını qeyd edir. Fürsətdən istifadə edib kinosevərlər və əməkdaşlarımız adından kino cəfakeşinə möhkəm cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
Hələ kiçik yaşlarından incəsənətə maraq göstərən Əliqulu Səmədov Astarada 1 nömrəli orta məktəbdə təhsil alıb. Rəqs sənətinə maraq göstərib. Məktəbdə oxuyarkən müxtəlif tədbirlərin fəal iştrakçısı olub, hətta respublika üzrə keçirilən yarışlarda çıxış edib. Qəlbində sənət sevgisini bəsləyən, cücərdən gənc kinoya olan böyük sevgisinə görə Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almaq qərarına gəlib. Beləliklə də, institutun aktyorluq fakültəsinə daxil olub. Sovet aktyoru, SSRİ Xalq artisti Yevgeni Matveyevin kursunda sənət sirlərinə yiyələnib. Bakıya qayıtdıqdan sonra isə müxtəlif janrlı ekran əsərlərində aktyor, ikinci rejissor, dublyaj rejissoru kimi çalışıb.
Əliqulu Səmədov kinoda ilk dəfə görkəmli kinorejissor Əjdər İbrahimovun quruluş verdiyi “Qəribə adam” (1979) filmində çəkilib, kafeyə gələn müştəri rolunda çıxış edib. Epizodik rolla kamera qarşısında sərbəst, səmimi davranşını, tamaşaçını inandırmaq bacarığını sübut edən aktyor bundan sonra “Nizami” filmində Bəşir rolunu oynayıb. Rejissorların sənət istiqamətini dərinliklə duyan, qavrayan, ona incəliklə əməl edən aktyor, irili-xırdalı rollarının təfsirində ekran personajlarının istək və məqsədini dolğunluqla təqdim edib, kinonun inikas kimi qəbul olunmasına (tərəf-müqabilləri ilə birgə), maraqla izlənilməsinə nail olub.
Dəvət aldığı hər bir rolun öhdəsindən bacarıqla gələn Əliqulu Səmədov aktyorluqdan əlavə, çəkiliş proseslərində müxtəlif işlərdə həmkarlarına kömək edib, yaranan çətinliklərin aradan qaldırılmasına dəstək olub, həmkarlarının hörmətini, sevgisini qazanıb.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərə ardıcıl olaraq dəvət alan aktyor “Evlənmək istəyirəm” kinokomediyasında musiqiçi, “Yol əhvalatı” kinokomediyasında alıcı, “Qara gölün cəngavəri” filmində Səməd, “Bircəciyim”də Sərvər, “Xüsusi vəziyyət” kinodramında sürücü, “Həm ziyarət, həm ticarət” kinokomediyasında satıcı, “Cavid ömrü” tarixi-bioqrafik filmində MİS müdiri, “İstanbul reysi”ndə sürücü, “Cavad xan” tarixi-bioqrafik filmində Murad və digər filmlərdə yaddaqalan obrazlar canlandırıb. Həmçinin, xarici kinostudiyaların istehsalı olan (Türkiyədə “Onlar da insandır”, “57 nömrəli qatar”, Rusiyada “Kişilər də ağlayır”, “SSRİ-də doğulmuş”, “Sui-qəsd”, Ukraynada “Bizi gənclik aparırdı”, “Alfa” layihəsi”, “Sıçrayış” və s.) filmlərdə müxtəlif xarakterli rollar oynayıb.
Peşə sirlərini dərindən bilən, sevdiyi sənətdə çalışmaqdan zövq alan Əliqulu Səmədov bir neçə filmdə ikinci rejissor kimi işləyib (“Lal çinar”, “Cavid ömrü”, “Niyyət”, “Əlavə təsir”, “Dolu”, “Seçilən”, “Xoca”, “4.1. Şəhər motivləri” kinoalmanaxına daxil olan “Dmitrov küçəsi 86”, “Qonşu qadın”, “Kədərim” novellalarında, “Fədakar” və s.), istedadı, bacarığı ilə ekran əsərlərinin ərsəyə gəlməsində mühüm rol oynayıb.
Filmlərin səsləndirilməsində yaxından iştirak edən aktyor-rejissor (“Cavanşir” – həkim, “Kitabi Dədə Qorqud. Basat və Təpəgöz” – aşpaz və s.), paralel olaraq dublyaj rejissoru kimi də fəaliyyət göstərib (“İmam Əli” (rejissor Arif Həbibi ilə birgə), “Eşq vilayəti” və s.), filmlərin yüksək səviyyədə doğma dilimizdə təqdimatına nail olub.
Məlumdur ki, bir çox filmdə iştirakçıların səsləri ilə yanaşı, məişət əşyalarının, hərəkətlərin, təbiət hadisələrinin, avtomobillərin və digər səslərin yazılışı yenidən həyata keçirilir. Təsvirləri təsdiqləyən səslərin yazılışı heç də asan əldə edilmir. Əliqulu Səmədov kinoda səs effektçisi kimi çalışmaqla da böyük səbir, təcrübə tələb edən kinonun bu vacib sahəsinə də öz töhfələrini verib. Sinxron səslərin yazılışını peşəkarlıqla yerinə yetirməklə filmlərdəki səs effektinin yüksək səviyyədə yaradılmasına, hadisələrin real həyat faktı kimi qəbul edilməsinə şərait yaradıb.
1980-ci illərin əvvəllərindən başlayaraq (“Güllələnmə təxirə salınır!…”, “Yalan”, “Məhkumlar”, “Əlavə təsir”, “Çölçü”, “Sübhün səfiri”, “Dərvişin qeydləri” və s.) filmlərdə sinxron səslərinin yazılışı prosesində yaxından iştirak edən kino aşiqi hər bir işin incəliklərinə dərindən bələd olmaqla, filmlərin inikas olaraq qəbul edilməsində, ekran əsərlərinin inandırıcı qəbul edilməsində, sevilməsində, baxılmasında mühüm rol oynayıb. Həmçinin kino çəkilişləri üçün lazım olan insanların fotolarını və onlar haqqında olan məlumatları toplayıb, kinonun yararlana biləcəyi lazımlı kartoteka yaradıb. Kinonun inkişafı yolunda əməyini, zəhmətini, yaradıcılıq töhfələrini verməkdən usanmayıb, bezməyib.
Əliqulu Səmədov bu gün də müxtəlif reklam çarxlarında, seriallarda çəkilir, mövzuların mahiyyətini, rejissorların istəyini sevdiyi peşəsində böyük şövqlə təqdim edir. Kino fədaisinə bir daha cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
Dövlət Film Fondu