Şahmar Ələkbərov – 80

Böyük məsuliyyət və zəhmət, dərin yaradıcılıq axtarışları tələb edən kino əslində elə sənət cəbhəsidir. Yaradıcılıq uğurlarına görə diqqət çəkən sənətkarların qazandıqları nailiyyətlər məsləklərinə olan hörmətin, rəğbətin bariz nümunəsidir. Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) bütün dövrlər üçün aktual, qəbuledilən yaradıcılığı vətəninə, elinə  sevgisindən, insanlara olan hörmətindən qaynaqlanıb.

Hələ tələbəlik illərindən müəllim heyətinin, tələbə yoldaşlarının hörmətini qazanan Şahmar Ələkbərovun Azərbaycan İncəsənət İnstitutunda (indiki ADMİU) müəllim assistenti kimi saxlanılması heç də təsadüfi deyildi. Bu faktın özü böyük  potensiala sahib olan gəncin elə həmin illərdən auditoriyanı ələ almaq bacarığının göstəricisi idi.

Aktyor sənətindən dərs deyən (1965-1986) istedadlı gənc, paralel olaraq Azərbaycan Dövlət Dram Teatrının aktyoru kimi çalışıb (qısa fasilələrlə, 1963-1972), kinoda maraqlı, koloritli obrazlar yaradıb, ölkəmizdə və ümumittifaq məkanda daha geniş auditoriyanın sevgisi ilə əhatələnməyi, rəğbətini qazanmağı bacarıb.

Şahmar Ələkbərovun ümumi yaradıcılığının fonunda daxili təlatümü, insanlar üçün olan nigarançılığı hiss olunur. Xarakterlərin daxilinə nüfuz etmə cəhdi, obrazları yaşayaraqdan canlandırma bacarığı aktyorun həyata olan dəqiq münasibətinin, insanlara olan ürək sözlərinin təzahürüdür.

Azərbaycan kinosunda 30-a yaxın filmdə bir-birindən maraqlı ekran obrazları yaradan aktyorun kinoda debüt rolu “Dağlarda döyüş” (1967) hərbi-vətənpərvərlik dramındakı Fərrux obrazıdır. Xarakter tamlığını, rolun mövqeyini səmimi, inandırıcı üslubda təqdim edən aktyor ilk təqdimatdan başlayaraq,  kinorejissorların diqqətini çəkir, ardıcıl olaraq filmlərə dəvət alır.

Orijinal, koloritli ekran personajlarını filmlərin aparıcı qüvvəsinə çevirir, ekran hadisələrini, müxtəlif dövrlərin müasirlərinin düşüncə və xarakterini, mühitin ab-havasını, əhval-ruhiyyəsini incəliklə şərh edir.

Yaradıcılıq qismətinə daha çox insanların xoşbəxtliyi, əmin-amanlığı naminə mübarizə aparan cəsur, vətənpərvər, əzmkar xarakterli rollar düşən aktyorun yaddaqalımlı obrazlarından olan oğul (“İntizar”), Qəzənfər (“Yeddi oğul istərəm”), İman (“Axırıncı aşırım”), Davud (“Skripkanın sərgüzəşti”),  Qatır Məmməd (“Qatır Məmməd”), Azad (“Bakıda küləklər əsir”), Gündüz Kərimbəyli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Məzahir (“Mən ki gözəl deyildim”) və digərləri müxtəlif dövr hadisələrinə fərdi münasibət bildirən, mühit və zaman haqqında təsəvvürlərimizi zənginləşdirən obrazlardır.

Aktyor istər sosial, istərsə də tarixi-inqilabi mövzulu filmlərdə canlandırdığı personajlarla hadisələrin mahiyyətini aydınlıqla çatdırıb, həyat həqiqətlərinin bədii inikasını yaradıb, özünəməxsus üslubda təqdim etdiyi yaddaqalımlı personajların  öhdəsindən bacarıqla gəlib.

Vətənpərvərlik prinsipi Şahmar Ələkbərov yaradıcılığının ana xəttini təşkil edir. Rollarının həyat mövqeyinə uyğunlaşdırdığı mizanlarda nəzərəçarpan kamillik zirvəsi tamaşaçını sözün əsl mənasında valeh edir, insanlıq üçün mühüm faktorlar ekran əsərlərinin mahiyyətini, dəyərini atrır.

Həyat motivləri əsasında təşəkkül tapan rolların dolğun, bitkin xarakter olaraq çatdırılmasında sənət biliciliyi ilə yanaşı, aktyorun bənzərsiz səsi də mühüm rol oynayır.

Əsl sənət adamı olan Şahmar Ələkbərovun məxməri, məlahətli səsinin xüsusi bir sehri, qəlbəyatımlığı vardı. Dublyaj sənətinin üstünlüklərini, incəliklərini  dərindən bilən sənətkar diksiyasının qüsursuzluğu, sözlərin səlis təqdimatı sayəsində obrazların hiss və duyğularını aydın çatdırıb, səsinin sehrində sözün məntiqini, sənətin dəyərini bir daha ucaldıb.

Dublyaj sənətinin kinonun ayrılmaz qolu olduğunu səsləndirdiyi hər bir rolda sübut edən sənətkar (“O qızı tapın” – Rüstəm (Tofiq Mirzəyev), “İstintaq davam edir” – Səlim (Fuad Poladov), “Var olun, qızlar” – İsa (Rafael Dadaşov) və s.) bədii filmlərlə yanaşı, sənədli filmlərə (“Əcəmi Naxçıvani”, “Dağlarda ada” və s.) və “Mozalan” süjetlərinə (“Baş tutmayan ziyafət”, “Çıxılmaz vəziyyət” və s.) dəvət alıb, istinad etdiyi kadrarxası mətnlərlə yaradıcı heyətin məqsəd və məramını çatdırıb.

Rolların xarakterləri cilalandıqca vətənpərvərlik hissini bütün hiss və duyğulardan öndə tutan personajların təsir gücü, səmimiyyəti insanlığa və ali ideyalara zidd gedən ədalətsizliyi, özbaşınalığı aradan qaldırmağa qadir olan qəhrəmanlara çevrilir, tarixi-ictimai səbəblər aktyor yaradıcılığında əksini tapır.

Aktyorun ədəbi əsərlərin ideyasını dərindən qavraması, izahı (rolun təfsirində), hadisələri və personajları müxtəlif dövrlərin məhsulu kimi qiymətləndirməsi hər hansı bir prototipin neytral mövqedə qalmamasına səbəb yaradır, təqdimatı mühüm mərhələyə çevrilirdi. Məhz buna görə də aktyorun  müsbət rolları qədər məharətlə təqdim etdiyi mənfi obrazları da (Feyzi – “Firəngiz”, İbrahim – “Atları yəhərləyin”, Saleh – “Sevinc buxtası”) filmlərin aparıcı qüvvəsi olaraq kinoya uğur qazandırırdı, inikasa çevrildi.

Rejissor kimi də cəmiyyətə olan ürək sözünü, fikirlərini əks etdirməyə çalışan Şahmar Ələkbərov kinoda debütünü “İmtahan” (kinorejissor Gülbəniz Əzimzadə ilə birgə) bədii televiziya filmi ilə etdi. Rejissorluq fəaliyyətində də cəmiyyəti narahat edən məsələlərə toxundu, müxtəlif dövrlərin hadisələrinə qurban gedən ekran personajlarının mənəvi əxlaqi iflasını şəxsi prizmadan təhlil etdi, mənalandırdı. Müstəqil olaraq quruluş verdiyi “Sahilsiz gecə” və “Qəzəlxan” (həm də ssenari müəllifi) kinodramları tamaşaçılar tərəfindən birmənalı qarşılanmasa da, sosial problemlərin kökünü mümkün qədər üzə çıxaran, mühakimə edən ciddi ekran əsərləri olaraq diqqət çəkdi.

49 illik ömür payının 25 ilini milli kinomuzun inkişafına həsr edən sənətkar  kinostudiyaya ayaq basdığı gündən fədakar, məsuliyyətli kino işçisi kimi həmkarlarının hörmətini qazandı. Fərqli düşüncəsini, zəhmət və fəaliyyətini cəmiyyətə gərəkli məhsula çevirdi. Böyük maraqla izlənilən yaradıcılığına görə də yoxluğunda belə sevildi, unudulmadı, hörmətlə xatırlandı.

Dövlət Film Fondu