Avqustun 23-də Xalq artisti Şahmar Ələkbərovun anadan olmasının 80 illiyi münasibətilə kino ictimaiyyətinin nümayəndələri, sənət dostları, ailə üzvləri İkinci Fəxri Xiyabana gələrək görkəmli rejissor və aktyorun xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, ötən əsrin 70-80-ci illərdə Azərbaycan kinosunun inkişafında Şahmar Ələkbərovun xüsusi rolunu qeyd etdi.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov görkəmli sənətkar haqqında fikirlərini bölüşdü: “Şahmar Ələkbərov böyük aktyor, rejissor olmaqla yanaşı, həm də xoşbəxt insan idi. Onun sənəti bizim qəlbimizdə, kinomuzda, incəsənətimizin tarixində əbədi yaşayacaq”.
Ardınca çıxış edən Xalq artistləri Oqtay Mirqasımov, Vaqif Mustafayev, Şəfiqə Məmmədova, Rafiq Əzimov, Əbdül Mahmudov, Xalidə Quliyeva, Həmidə Ömərova, Əməkdar incəsənət xadimi Kənan Məmmədov, Əməkdar artist Loğman Kərimov Şahmar Ələkbərov haqqında xatirələrini bölüşdülər, onu işıqlı insan kimi yada saldılar.
Sonda sənətkarın ailəsi adından həyat yoldaşı Kamilla Ələkbərova tədbir iştirakçılarına təşəkkürünü bildirdi.