Görkəmli kinorejissor Vaqif Mustafayevin 70 illik yubiley mərasimi keçirildi

Avqustun 28-də Nizami Kino Mərkəzində milli kinematoqrafiyamızda dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi təşkil edilib.

Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə keçirilən yubiley mərasimində dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevlə bağlı filmlərindən kadrlar nümayiş olunub.

Sonra dünyanın tanınmış kino və incəsənət xadimlərinin yubilyara təbrik videomüraciətləri təqdim edilib.

Rusiyanın Xalq artisti, “Oskar” mükafatı laureatı, məşhur kinorejissor və aktyor Nikita Mixalkov, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur aktyoru, Gürcüstanın Xalq artisti Avtandil Maxaradze, rejissor Timur Babluani, İrakli Kvirikadze, rusiyalı aktyor Viktor Suxorukov və başqalarının təbriki səsləndirilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova mərasimdə çıxış edərək, Vaqif Mustafayevə təbriklərini və xoş arzularını çatdırıb. Nazir müavini Xalq artisti, kinorejissor Vaqif Mustafayevin Azərbaycan mədəniyyətinin inkişafında və dünyaya tanıdılmasında xidmətlərini xüsusi qeyd edərək, onun məhsuldar yaradıcılıq yolu barədə məlumat verib.

Xalq artisti Şəfiqə Məmmədova rejissor Vaqif Mustafayevi bu gözəl gün münasibətilə təbrik edərək, ona gələcək yaradıcılığında uğurlar arzulayıb.

Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin yubiley mərasimində iştirakından məmnunluğunu bildirərək deyib: “Onun ən uğurlu işlərindən biri də ölkə rəhbəri haqqında çəkdiyi film olub. Bu işin öhdəsindən hər rejissor gələ bilməzdi, Vaqif bunu bacardı və film çox uğurlu alındı. Bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm”.

Gürcüstanın Xalq artisti Avtandil Maxaradze görkəmli rejissoru yubileyi münasibətilə tədbir edərək onunla illərin dostu olduğunu, 33 il birlikdə çalışaraq yaradıcılıq mübadiləsi etdiyini dedi.

Vaqif Mustafayev mərasimdə çıxış edərək, yaradıcılığına göstərilən yüksək diqqətə, fəaliyyətinə verilən ali qiymətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, həmçinin tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Sonda görkəmli rejissorun “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunub.

Filmin nümayişdən sonra Vaqif Mustafayev ekran əsərinin yaradıcı kollektivini tamaşaçılara təqdim edib.