Ötən əsrin birinci və ikinci yarısında çəkilən ekran əsərlərinin ideya-bədii keyfiyyəti, janr və üslubu daha çox realist yaradıcılıq metodu ilə inkişaf etdirilib. Mövzuların səmimi, məntiqli priyomlarla çatdırılması filmlərin baxılmasına, uğur qazanmasına səbəb yaradıb. Ekran əsərlərində rol alan aktyorların ustalıqla oynadıqları dəqiq xarakterlər isə yaddaşlarda iz salıb, filmlərin baxımlılığını artırıb.
Əməkdar artist Fateh Fətullayevin dəvət aldığı ekran əsərlərində oynadığı müxtəlif xarakterli obrazlar da filmlərin uğuruna uğur qatıb, kinonun inikas olaraq qəbul edilməsinə səbəb yaradıb. Məzmunlu oyunu ilə tamaşaçıları müxtəlif həyat faktları qarşısında düşünməyə, nəticə çıxarmağa vadar edib, davamlı yaradıcılıq nailiyyətləri ilə də kinonun mahiyyətini vurğulayıb. Unudulmaz sənətkarın doğum günündə (01.09.1909) əziz xatirəsini dərin ehtiramla yad edirik.
1909-cu il sentyabrın 1-də Lənkəranda Mirzə Möhsün Fətullazadənin ailəsində dünyaya göz açan Fateh Fətullayev ailədə 4 qardaşın böyüyü olub. Ümumiyyətlə, Fətullayev soyadını eşidəndə Azərbaycan mədəniyyətinə böyük töhfələr verən Fətullayevlər sülaləsinin görkəmli nümayəndələri yada düşür. Fateh Fətullayev də sevib-seçdiyi peşəsini ömrü boyu böyük məsuliyyətlə, ali səviyyədə təqdim edən sənətkarlarımızdandır.
Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında sənət fəaliyyətinə başlayan (1932), Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrında işini davam etdirən (1933), bir il sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına daxil olan (10 ilə yaxın bu teatrda aktyor kimi çalışıb), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ifaçı-solist kimi çıxış edən (1944), müxtəlif teatrların səhnəsində koloritli ifası ilə sənətsevərlərin hörmətini qazanan istedadlı aktyorun bir kino obrazı ilə (Arif) məşhurlaşması, yaddaşlarda iz salması rolun təfsirində peşə biliciliyini yaradıcılığının mayakına çevirməsi, xalqının sevimli aktyoru olaraq qəbul edilməsi deməkdir.
Fateh Fətullayevin kino rollarının uğurunun bünövrəsində böyük sənət təcrübəsi dururdu. Buna görə də o, hər bir kino obrazının xarakterini dəqiq ştrixlərlə çatdırmağa müvəffəq olurdu. Dünya klassiklərinin, eləcə də yerli dramaturqların dram, komediya janrlı əsərlərində müxtəlif surətlər yaradan Fateh Fətullayev, əsasən teatr aktyoru kimi fəaliyyət göstərsə də, yüksək mədəni davranışına, intellektual qabiliyyətinə, səhnə yaraşığı verən xarici görünüşünə, şaqraq səsinə, personajların daxili aləmini həssaslıqla duyma bacarığına görə kinorejissorların diqqətindən yayınmırdı.
Azərbaycan kinosunda 10-dan artıq filmdə irili-xırdalı rol oynayan aktyor, “Aygün” bədii-televiziya filmində sovxoz direktoru, “Bir məhəllədən iki nəfər”də usta Əli, “İyirmialtılar” tarixi-inqilabi filmdə həkim, “Görüş” kinokomediyasında Quluzadə, “Qaraca qız” novellasında Hüseyn bəy, “Əsl dost”da müstəntiq, “Xatirələr sahili” sosial dramında vəzifəli şəxs və digər maraqlı rollar oynayıb.
Fateh Fətullayev kinoda digər rolları oynamasaydı belə, “Ögey ana” psixoloji dramındakı Arif surəti ilə kinosevərlərin yaddaşında iz salacaqdı. Personajın vacib cəhətlərini üzə çıxardığına, yüksək-mənəvi dəyərləri (rolun təfsirində) təbliğ etdiyinə görə yenə də milli kinomuzun simalarından biri kimi qəlbləri fəth edəcək, seviləcəkdi.
“Ögey ana” filmi Azərbaycan kino tarixində uğurlu ekran əsərlərindəndir. Ailə-məişət mövzusundan bəhs edən filmdə rolu xarakterik cəhətinə, yüksək mənəvi keyfiyyətinə, daxili mədəniyyətinə görə alqışlayan tamaşaçı üçün personajın nüfuzu sanki film boyu hadisələri müşayiət edir, proseslərin sonluğuna xoşməramlı cığır açır.
Hadisələrin əvvəlindən Arif-Dilarə cütlüyünün qarşılıqlı mədəni ünsiyyəti, hadisələrə intellektual yanaşması filmin ideya-bədii dəyərini artıraraq hər bir kadrına diqqət kəsilməyimizə, dramatik hadisələrin hansı sonluqla nəticələnəcəyini maraqla izləməyimizə zəmin yaradır. Yüksək mənəvi keyfiyyət daşıyıcılarının, formalaşmış şəxsiyyət sahiblərinin (mühəndis və həkim) qarşılaşdığı çətinlikləri necə aradan qaldıracaqlarını, mürəkkəb vəziyyətlərdən hansı yolla çıxacaqalarını diqqətlə izləyən tamaşaçı üçün həyatı dağılmış ortayaşlı insanların ailə xoşbəxtliyini yenidən necə əldə etməsi, çətinliklərə (ailədaxili münaqişələrə) rəğmən qarşılıqlı hörməti qorumaları həyat dərsinə çevrilir. Bütün dövrlər üçün aktual olan mühüm mövzulu ekran əsərinin tamaşaçı qəlbinə yol tapmasının başlıca səbəbi də elə budur. İctimai münasibətlərin fonunda faydalı insan olmaq, gözəl insani cəhətləri təlqin etmək isə əsas rol ifaçılarının (F. Fətullayev, N. Məlikova) üzərinə düşür.
Ariflə Dilarənin mənəvi dünyalarının gözəlliyinin vəhdəti qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına imkan yaradır. Arif xoşbəxtliyin mənbəyini görən, dəyərləndirən, evini, oğlunu sevdiyi müdrik qadına əmanət edən kamil obrazdır. Bu cütlük qarşılıqlı sevgilərinə və inamlarına, mənəvi cəhətlərinin üstünlüyünə, yaranan ziddiyyətlərin öhdəsindən qətiyyətlə gəldiklərinə, dəqiq münasibət, nümunəvi xarakter göstərdiklərinə görə sevilirlər. Yüksək mənəvi dəyərlərə malik olan Arif həm evi, həm eli, həm də ümumiyyətlə, kino üçün vacib personajdır. Fateh Fətullayevin özünəməxsus, orijinal çalarlarla yaratdığı obraz müsbət keyfiyyətlərin daşıyıcısı olduğuna görə aktyora böyük şöhrət qazandırdı.
Fateh Fətullayevin digər filmlərdə oynadığı uğurlu, dolğun personajları haqqında uzun-uzadı danışmaq olar. Ən başlıcası odur ki, aktyor dəvət aldığı hər bir roluna uğur imzasını ataraq ekran obrazlarını peşəkarlığının mayakına çevirib, şəxsiyyətini böyük hörmət və rəğbət hissi ilə xatırlatmağa nail olub.
Dövlət Film Fondu