Kinonu tarixin salnaməsi və müxtəlif zamanların inikası kimi qəbul edirik. Bu salnamədə iz qoyan sənət xadimləri isə yaradıcılıqlarını təsdiqləyib, yaddaşlarda iz qoyduqlarına görə unudulmazdırlar, əzizdirlər.
Sənət onu sevənləri sevdirir, zəhməti, istedadı sayəsində yüksək səviyyədə tanıdanları tanıdır, yaşadanları qəlblərdə yaşadır. Xalq artisti, görkəmli teatr, kino aktyoru Yaşar Nuri də ömrü boyu sadiq qaldığı məsləyini milyonlara sevdirməyə, yaddaşlara həkk etməyə nail oldu, sənətin əsas missiyası olan maarifçilik ideyalarının tərəqqisində mühüm rol oynadı.
Məsləyi alın yazısı olan gələcəyin tanınmış sənətkarı səhnəyə ilk dəfə 11 yaşında çıxıb. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxış edib. Orta məktəbdə təhsil alarkən Dövlət Televiziyasının “Yelkən” verilişinin aparıcılarından biri kimi tanınıb. Bundan başqa “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinin fəalı olub, Mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib. Göründüyü kimi uşaq yaşlarından sənət mühitində formalaşan, bilik və potensialını sevdiyi məsləyinə həsr edən aktyor üçün sənətdə tanınmaq, məşhurlaşmaq, geniş tamaşaçı auditoriyasının diqqətini cəlb etmək bu mənada çətin olmayıb.
Görkəmli sənətkar, xarakterik rollar ifaçısı Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açan, canı-qanı ilə sənətə bağlı olan Yaşar Nuri teatr fəaliyyətinin ilkin mərhələsində görkəmli sənətkarlar Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu ilə birgə səhnəyə çıxıb, tərəf-müqabillərinin sənət bilgisindən bəhrələnib.
Çoxşaxəli yaradıcılığa malik olan sənətkar teatrla yanaşı, televiziya tamaşalarında və kinoda fərdi dəst-xəttini təsdiqləməyə, tamaşaçıların rəğbətini qazanmağa müvəffəq olub.
İstedad və bacarığına görə kinorejissorların diqqətini çəkən gənc aktyor görkəmli kinorejissor Şamil Mahmudbəyovun quruluş verdiyi “Dörd bazar günü” bədii televiziya filmində (1975) debüt (Seyran) rolunu oynayıb. Bundan sonra isə “Mezozoy əhvalatı” filmində Rauf obrazını canlandırıb.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan müxtəlif janrlı filmlərdə yaradıcılıq üslubunu təsdiqləyən Yaşar Nuri sənətdə sayılıb-seçilən aktyor kimi bir-birinin ardınca 50-yə yaxın filmdə, o cümlədən “Şir evdən getdi” macəra filmində Səməd, “Bayquş gələndə” filmində həkim, “Od içində”də Əjdər, “Yol əhvalatı” kinokomediyasında Makintoş, “Üzeyir ömrü” bioqrafik musiqili filmində bəstəkar Zülfüqar Hacıbəyov, “Əzablı yollar” musiqili-nağıl-macəra filmində kiçik div, “Tənha narın nağılı” kinodramında Qubad və başqa xarakterik rollar yaradıb.
Yumorun mahiyyətini dərindən bilən, məna və məzmunu ekran personajlarının təfsirində göstərən, rəftar və münasibətlərində ciddi təqdimatı əsas götürən, yumorun koloritini artıran, gülüş doğuran nüansları xarakterlərin təbiətinə uyğun şəkildə tənqid edən sənətkar fərqli kino personajlarını yaradıcılığının hədəfinə çevirib.
Realist yaradıcılıq üslubuna malik sənətkar bir sıra tragikomik rollarının təfsirində əsərin məzmunundan qidalanaraq vəziyyət komediyası yaratmağa, gülüş doğuracaq hadisələrdəki komizmi janrın təbiətinə uyğun, qrotesk boyalarla çatdırmağa nail olub.
“Bəyin oğurlanması” kinokomediyasında İsrafil, “Cin mikrorayonda” macəra filmində Azər, “Lətifə” filmində Məmməd, “O dünyadan salam” faciəvi komediyasında Məşədi Oruc, “Nə gözəldir bu dünya” sosial dramında Asim Əliyeviç, “Yaramaz”da Maşallah, “Hər şey yaxşılığa doğru”da Əbdülqəni, “Fransız”da ata və digər ekran personajları fərqli, orijinal tərzdə təqdim olunan yaddaqalımlı obrazlardır.
Musiqili Komediya Teatrı və Akademik Milli Dram Teatrında müxtəlif obrazlar oynayan Yaşar Nuri yaradıcılıq potensialını günü-gündən genişləndirərək müxtəlif janrlı ekran əsərlərindəki xarakterik rollarını fərqli çalarlarla təqdim edib, komik nüanslarla yanaşı, dramatik məqamları, əsərin mahiyyətini diqqətə çatdıran incəlikləri qabartmağı, təlqin etməyi məslək borcuna çevirib. “Xüsusi vəziyyət” filmində yaratdığı Samson, “İşarəni dənizdən gözləyin” filmində kapitan, “Qəm pəncərəsi” bioqrafik-faciəvi komediyasındakı Kərbəlayı Cəfər, “Şeytan göz qabağında” kinodramındakı Nazimzadə, “Yay gününün xəzan yarpaqları”nda Rizvan, “Zirzəmi” filmində mağaza müdiri, “Qəzəlxan” dramında müdir, “Mənim ağ şəhərim” dramında Mirzəbala, “Yuxu” kinokomediyasında Xəlil və digər rolları ilə müxtəlif həyat hekayələrindəki personajların münasibətini öz dövrlərinin çıxışçısı, hadisələrin bələdçisi kimi təqdim edib. Bütün dövrlər üçün aktual, baxımlı sənətinin təsiri altında nəsillər tərbiyələnib, məntiqli, məzmunlu yaradıcılığı cəmiyyətin düşüncə tərzinin formalaşmasında, yüksək amillərin təbliğ olunmasında mühüm rol oynayıb. Səmərəli, məhsuldar yaradıcılığına görə də qəlblərdə, düşüncələrdə iz salıb, unudulmayıb.
Dövlət Film Fondu