Respublikanın Xalq artisti Səyavuş Aslan Azərbaycan teatr, kino sənətinin inkişafında mühüm xidmətləri olan, məsləyini yüksək səviyyədə cəmiyyətə çatdıran, sevdirən sənətkarlarımızdandır. Komik, faciə və dramatik rolların mahir ifaçısı olan aktyorun sənəti unudulmaz, xatirəsi əzizdir.
Səyavuş Aslanın sənətə vurğunluğu hələ dram dərnəyində (12 yaşında) görkəmli sənətkar Ağadadaş Qurbanovdan sənət dərsi aldığı illərdən başlayıb (1947-1953). Yaradıcılıq prinsiplərini Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri işləyib) reallaşdıran ustad sənətkar ədəbi əsərlərə obyektiv yanaşma metoduna, fərdi dəst-xəttinə görə kinorejissorların diqqətini cəlb edib. “Azərbaycanfilm” kinostudiyasının istehsal olunan 30-a yaxın (həm də “Mozalan” süjetlərində) filmdə müxtəlif xarakterli obrazlar yaradıb.
İstedad və bacarığı sayəsində bənzərsiz rollar ərsəyə gətirən Səyavuş Aslan kinoda ilk dəfə “Romeo mənim qonşumdur” (1963) musiqili kinokomediyasında çəkilib, Səməd obrazını yaradıb. Filmin aparıcı rollarından biri kimi qəbul edilən personaj aktyorun sənət uğuruna uğur qatıb, növbəti filmlərə dəvət almasına səbəb yaradıb. Həmin ildə çəkilişlərinə başlanılan “Əhməd haradadır?” kinokomediyasında oynadığı Ramiz rolu isə aktyoru daha da şöhrətləndirib.
Kiçiplanlı rolun baməzə, tənbəl, bəzi məqamlarda isə mərd, xoşagələn xüsusiyyətlərini səciyyəvi planlarla xarakterizə edən sənət bilicisi, improvizə xüsusiyyətli quruluş, plastika, replika və dialoqları sayəsində rolun daxili mənini açıb, komik situasiyaların mənasını, məzmununu aydın, rəvan, vəziyyət komediyasına uyğun şəkildə şərh edib. Ekran personajlarına fərqli yanaşma tərzinə, xarakterləri ustalıqla çatdırdığına görə də tamaşaçıların rəğbətini qazanıb. “Ulduz” kinokomediyasında yaratdığı Şubay obrazı isə bilavasitə filmin ideya-məzmununun açılmasına, komik hadisələrin məzmununun cilalanmasına xidmət edib.
Rol müxtəlifliyi fonunda yaradıcılıq imkanını daha geniş səpkidə bəyan etmək imkanı əldə edən aktyor ekran obrazlarının təfsirində mühüm nailiyyətlər qazanıb, yaradıcılıq potensialının zənginliyini, genişliyini təsdiqləyib.
Təsvir olunan hadisələrə, xarakterlərə müəllif münasibəti bildirən aktyor, həyat məsələlərinin müəyyən bir hissəsini şərh edən personajların təfsirində realist yaradıcılığı, tipiklik prinsipini əsas götürüb. Obyektiv tərəfdaş olaraq rolun xarakteri fonunda ekran hadisələrinin inikasını yaradıb. Onun parlaq yaradıcılığında müxtəlif dövrlərin real şəraitini təhlil edən ekran obrazlarından Qurban (“Yol əhvalatı”), Hacı Kəmyab (“Evlənmək istəyirəm”), Əflatun (“Cin mikrorayonda”), Hacı Həsən ağa (“O dünyadan salam”), Fərəcov (“Yuxu”), Hacı Qara (“Hacı Qara”) və digər xarakterik rolları aktyorun məharətlə canlandırdığı tipik insan surətlərinin prototipləridir.
Səyavuş Aslanı bədii kinoda,“Mozalan” satirik kinosüjetlərində və televiziya tamaşalarında görəndə ciddi sənətdən söhbət getdiyini anlayır, kadrlara diqqət kəsilir, hadisələrin mahiyyətinin, ciddiliyinin fərqinə varırıq. Aktyorun bir çox televiziya tamaşalarında (“Adı sənin, dadı mənim”, “Sabiqlər”, “Yaşıl eynəkli adam”, “Evləri köndələn yar” və s.) yaratdığı yaddaqalan obrazlar müəyyən dövrlərin reallığını, hadisələrin məzmununu şərh edən personajlardır. Aktyorun təkcə “Evləri köndələn yar” film-tamaşasındakı rolunu xatırlamaq kifayət edir ki, sənətkarlıq keyfiyyətinin üstünlüyünü bir daha xatırlayaq, göz önündə canlandıraq.
Sevgililərin elçiliyinin səhv salınmasından bəhs edən, qəribə və məzəli əhvalatlardan söhbət açan televiziya tamaşasında hadisələrin məzmununa diqqət kəsilməyimizə səbəb yaradan əsas amillərdən ən başlıcası tamaşada rol alan peşəkar aktyor heyətinin olmasıdır. Yaddaqalan rollardan birini canlandıran Səyavuş Aslanın ifasında izlədiyimiz Nadir obrazı adı kimi nadir, məzəli, baməzə, bəzən də gülüş doğuran cəhətləri ilə diqqət çəkir. Aktyorun özünəməxsus üslubda satirik boyalarla təqdim etdiyi obrazın amalı, həyat tərzi, məramı incə yumorla komizmin hədəfinə çevrilir, tənqid olunur, qınanılır.
Bazar müdiri olan Nadir pula həris, sadə insanlarla dostluğu özünə rəva görməyən ticarət işçisidir. O, nadir əldə olunan ərzaq məhsullarını baha qiymətə satmaqla daha çox gəlir əldə edir. Əlavə qazancla ətrafındakılardan daha üstün, daha yaxşı yaşamağı həyat devizinə çevirən Nadirin başı qazanc əldə etməyə o qədər qarışıb ki, dost-tanışdan uzaqlaşdığının fərqinə varmır. Bir gün oğlu üçün elçi getmək lazım gələndə isə təsadüfi insanları dost və doğma qismində özü ilə elçi aparır.
Nadirin nəinki elçilikdə, hər bir yerdə, hətta ailəsi ilə olan söhbətlərində belə qazancını düşündüyünü, hər məqamda xeyir axtardığını görürük. Zəngin yaşamaq sevdası onu rahat buraxmır, meşşanlığa meyilli düşüncələri onun daim səksəkədə, narahat yaşamasına səbəb yaradır.
Səyavuş Aslanın orijinal, bənzərsiz cizgilərlə canlandırdığı obrazın jest və xarakterini tamaşaçılar böyük heyranlıqla, rəğbətlə qarşıladı, fikir və ifadələrini zərb-məsəl kimi gündəmə gətirdi. Bu isə sənətkarın hadisələrin mahiyyətinin dərinliyinə varması, mahiyyəti dolğunluqla çatdırması, düşündürməyi, nəticə çıxarmağı yaradıcılıq məqsədinə çevriməsi, personajı dövrlərin müasirinə çevirməsi, əbədiləşdirməsi deməkdir.
Müxtəlif zamanların inikası olan bu və ya digər ekran əsərlərində Səyavuş Aslanın yaradıcılıq qismətinə daha çox komik situasiyaları yaradan, hadisələrin komizmini, personajların baməzə cəhətlərini təhlil edən, davranışı, düşüncəsi ilə gülüş doğuran obrazlar düşüb. Xarakterik ekran personajlarını ironik replikalarla, maraqlı priyomlarla təqdim edən aktyor fərdi yanaşma tərzi ilə hadisələrə, janrın təbiətinə uyğun gülüş doğuran vəziyyətləri dəqiq ştrixlərlə göstərməyə nail olub, ədəbi materialdan irəli gələn xarakterlər və vəziyyətlər komediyasının ustası olaraq da tamaşaçıların sevimlisinə çevrilib.
Sənəti Dövlət tərəfindən yüksək qiymətləndirilən unudulmaz sənətkar 1974-cü ildə Əməkdar, 1982-ci ildə Xalq artisti fəxri adlarını alıb. 1995-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.
Dövlət Film Fondu