Xamis Muradov – 80

Azərbaycan sənədli kinosunun inkişafında xüsusi xidmətləri olan, özünəməxsus dəst-xəttinə görə kinosevərlərin rəğbətini qazanan kinorejissor Xamis Muradovun yubiley ilidir. 18 yaşından etibarən taleyini kino sənətinə bağlayan, ömrünün 40 ildən çoxunu sənədli kinonun inkişafına sərf edən tanınmış kino xadimi ömrünün 80-ci yayını qeyd edir. Fürsətdən istifadə edib həmkarlarımız və kino ictimaiyyəti adından Xamis müəllimə cansağlığı, nailiyyətlər arzulayırıq.

Sənədli və elmi-kütləvi filmləri ilə sənədli kino salnaməmizi zənginləşdirən Xamis Muradov 1943-cü ilin 15 sentyabr tarixində Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Orada yeddiilik məktəbi bitirdikdən sonra 14 saylı sənət məktəbində oxuyub. 14 yaşında Bakıya gələrək 72 nömrəli məktəbdə təhsil alıb.

Kinoya olan marağına görə sənədlərini M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) verib, rejissorluq fakültəsinə daxil olub (1962-1966). 1966-cı ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Görkəmli kinorejissorlardan Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq. Dəniz. Od. Səma” (1967) və Muxtar Dadaşovun çəkdiyi “Qanun naminə” (1968) kinodramlarında rejissor assistenti kimi çalışıb. Bundan sonra Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” (1969) filmində ikinci rejissor kimi işləyib.

Ali təhsilini püxtələşdirmək, kino sənətinin sirlərinə daha dərindən bələd olmaq üçün Moskvada fəaliyyət göstərən Ali rejissorlar və ssenaristlər kursunda təhsilini davam etdirib (1969-1971). Oranı bitirdikdən sonra yenidən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Həmin ildə XIV əsrdə yazıb yaratmış görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr etdiyi “Nəsimi” (1971) qısametrajlı tarixi-bioqrafik sənədli filmi ilə rejisor debütünü edib.

Hürufi təriqətinin carçısı olan mütəfəkkir şəxsiyyətin ideoloji fəaliyyətini, yüksək amalını kadrarxası mətnlərlə, təvirləri tamamlayan bədii elementlərlə işləyən rejissor, orta əsr müasirlərinin həyat tərzini, zülmlə, qəddarlıqla dolu boz mühitin faciəsini emosional ştrixlərlə çatdırıb, mövzunun mahiyyətini sənədli kino estetikasına uyğun təsvir və elementlərlə təqdim edib.

Bu filmdən sonra “Azərbaycanfilm” kinostudiyasında 50-dən artıq sənədli film ekranlaşdırıb, müasirlərinin, zəhmət adamlarının, yaradıcı insanların ömür yolunu, sosial mühitin ab-havasını, ölkənin iqtisadi, mədəni sahəsində baş verən prosesləri yüksək müşahidə qabiliyyəti fonunda izləyib, hadisələri təfəkkürünün  süzgəcindən keçirərək, forma və məzmun baxımından bənzərsizlik təşkil edən real, dolğun ovqat filmləri ərsəyə gətirib, müxtəlif zamanların və məkanların sosial-ictimai proseslərini təhlil obyektinə çevirib. Hadisələrə dəqiq prizmadan yanaşaraq, novator rejissor kimi şərh edib, maraqlı, sanballı filmlər ekranlaşdırıb.

Rejissorun müxtəlif mövzuları əhatə edən filmlərindən “Aşıq Ələsgər”, “Daşkəsən”, “Həmid Sultanov”, “Bahar günəşi”, “Qarabağ bülbülləri”, “Şənlik bizə yaraşır”, “Əbədi qardaşlıq”, “Fransa qəhrəmanı”, “Dünyaya insan gəlir”, “Üzeyir Hacıbəyov”, “Qəhrəmanlara eşq olsun!”, “Bakının işıqları”, “Natəvan”, “Abşeron rəngləri” və digərləri koloritli üslub və priyomlarla lentə alınıb, fərqli  dövrlərin zaman, məkan gerçəklikləri, insan xüsusiyyətləri ön plana çəkilib, filmlərin ideya istiqaməti nəsillərin tərbiyəsində, vətəndaşlıq məsuliyyətinin artmasında mühüm rol oynayıb. “Əks-səda” və “Balaban” filmləri Dövlət mükafatına, “9 dəqiqə” filmi “Humay”, “Qızıl çıraq” mükafatına layiq görülüb.

Filmlərin məzmununu insanların mənəviyyatının zənginləşməsi istiqamətinə yönəldən, cəmiyyəti maarifləndirən rejissor mövzuların fərqliliyi ilə yanaşı məzmun dərinliyinə, ideoloji dolğunluğuna diqqət yetirib. Həmçinin, şəxsiyyət bütövlüyünün, xarakter nəcibliyinin, məslək sevgisinin üstünlüyünü, peşəkarlığı, əmək qabaqcıllığının vacibliyini əsas götürərək 20-yə yaxın filminin ssenarisini (“Məndə sığar iki cahan…” (Əhmədağa Muğanlı ilə birgə), “Xəzər gəmiçiliyi-60”, “Azadlığa gedən yollar”, “Xəzər köməyə çağırır” və s.) yazıb. Eyni zamanda kinonun inkişafı sahəsindəki fəaliyyəti çərçivəsində 10-a yaxın filmdə prodüser kimi (“Ovsunçu”, “Yalan”, “Biz qayıdacağıq”, “Günaydın, mələyim!”, “Əlavə təsir”, “Tərsinə çevrilən dünya” və s.) çalışıb.

İstedad və bacarığı ilə sənədli kino salnaməmizə töhfələr verən Xamis Muradov 1988-2001-ci illərdə “Salnamə” sənədli filmlər studiyasına rəhbərlik edib. Həmin dövrlərdə Azərbaycanda baş verən ictimai-siyasi prosesləri əks etdirən filmlərin ərsəyə gəlməsinə şərait yaradıb, rejissor kimi dövrün gərgin hadisələrindən, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən, 20 yanvar faciəsindən bəhs edən filmlər çəkib (“Şəhidlər və qazilər” (Tofiq Məmmədov və Ramiz Əliyevlə birgə), “9 dəqiqə” (Tofiq Məmmədovla birgə), “Azadlıq elçisi” (Tofiq İmirli ilə birgə),  “Şəhidlik zirvəsi” (Tofiq Məmmədovla birgə), “Haray” (Tofiq Məmmədovla birgə) və s.), hadisələrə müəllif mövqeyindən yanaşaraq əhəmiyyətli ekran əsərləri yaradıb.

Xamis Muradov 2002-2011-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb. Həmin illərdə də bədii və sənədli filmlərin istehsal olunmasına imkan yaradıb. Kinodakı xidmətlərinə görə Əməkdar incəsənət xadimi (2000), Xalq artisti fəxri adlarına layiq görülüb (2005). 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Dövlət Film Fondu