Arif Babayev – 95

Maraqlı və məzmunlu ekran əsərləri ilə Azərbaycan kinosuna dəyərli töhfələr verən görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Arif Babayev kinonu zamanın güzgüsünə, ekran obrazlarını isə müasirimizə, həmsöhbətimizə çevirən sənətkarlarımızdandır. Duyğularını, daxili təlatümünü, hiss və duyğularını, fərqli, önəmli  düşüncələrini filmlərində həssaslıqla tərənnüm edən, səmimi priyomlarla ekranlaşdıran Arif Babayevi sanki doğmamız, yaxınımız qədər yaxından tanıyırıq, sirdaşımız, dostumuz kimi sevirik. Yaradıcılığına yansıyan şəxsiyyət tamlığını aydınlıqla duyuruq, həssaslığının, kövrək hisslərinin haradan qaynaqlandığını anlayırıq. Beləcə, qəlbinin, düşüncələrinin, ruhunun gözəlliyindən pay böldüyü dəyərli ekran əsərləri onu nəsillərə tanıdır, unudulmağa qoymur, xatirəsini ehtiramla xatırlamağımıza imkan yaradır.

Arif Babayevin quruluş verdiyi ekran əsərləri həssas duyğularının, ülvi hisslərinin tərənnümüdür. Belə olmasaydı, çəkdiyi müxtəlif janrlı filmlərdə həyat üçün vacib olan faktorlar, insanlıq meyarı qabarıq şəkildə əksini tapmaz, yüksək mənəvi dəyərləri təbliğ edən kadrlar həyat məktəbinə çevrilməzdi.

Doğmalarının, həmkarlarının xatirələrində müsbət cəhətli insan kimi xatırlanan Arif Babayev şəxsiyyəti sözün əsl mənasında mədəniyyət etalonudur. Belə ki, quruluş verdiyi 9 bədii filmdə xarakterlər toplusu yaratmağa müvəffəq olan rejissor, cəmiyyətin sevərək qəbul etdiyi personajların təfsirində örnək timsallı ömür yolu olan insanların həyat tərzini, yaşam prinsipini ekranlara gətirib, təbliğ edib.

Rejissor filmərinin bir çoxunda həyatında dərin iz buraxan xatirələrinə də yer ayırıb. Müasirlərinin həyatını, davranışlarını, ətrafdakılara münasibətini müxtəlif mövzularda şərh edib, dost və doğmalarına, uşaqlıq və gənclik illərinə aid olan hadisələri dərin hörmət hissi ilə lentlərə köçürüb.  

“Bizi bağışlayın” filminin qəhrəmanı Nərimanın söylədiyi: “Mənim uşaqlıq illərimdən heç nə qalmayıb. Ağırdır, anlaşılmazdır. Sanki məni aldadıb, mənə çox əziz olanları əlimdən alıblar”, – sözlərini də Arif Babayevin illərin axıb getməsi ilə barışmadığını, uşaqlıq dostlarını, dəyərli insanları itirməyi qəbul etmədiyini sübut edir.

Fəlsəfi-estetik prinsiplərə köklənən, kamil düşüncələrini yaradıcılığına yansıdan rejissor, filmlərində detal və xarakterləri səbirlə, aramla izləyir, ekran qəhrəmanlarının həyat tarixçəsini emosionallıqla nəql edir. Onun üçün vacib olan şərtlərdən biri də təsvir və dialoqların, mahnı və melodiyaların, texniki təchizatın hər birinin ayrı-ayrılıqda film qəhrəmanlarının xarakterlərinin açılmasına xidmət etməsi idi. Bu mənada hər bir təsvirin məntiqini çatdıran  kadrlar sözün əsl mənasında vizual tədris vasitəsidir.

İstər televiziya, istərsə də kino fəaliyyətində müxtəlif həyat hekayələrini kameranın  müşayiəti ilə məharətlə təqdim və təhlil edən, münasibət bildirən rejissor qəlblərə toxunmağı, düşüncələrə sirayət etməyi bacarıb. Bu gün də uğurlu ekran taleyini yaşayan filmlərin məzmun və forma zənginliyi, məhz bu mənada müxtəlif həyat hekayələrinin təfsilatını səmimiyyətlə danışır, kinonun ibrətamiz tərəflərini göstərir.

Uzun illər televiziyada çalışmasına, kino texnikasına yaxşı bələd olmasına baxmayaraq Arif Babayev böyük kinoya qısametrajlı filmlə gəldi. 1964-cü ildə yazıçı  İmran Qasımovun ssenarisi əsasında “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Zirvə” novellasına quruluş verdi. Kinonovellada bir qrup alpinistin qarlı dağa çıxmasından və çətin sınaq qarşısında qalmalarından danışılır. Mövzu mahiyyət etibarilə insanın daxili məni ilə çarpışması, şəxsiyyəti, vicdanı qarşısında hesabat verməsi, sərt təbiətə qarşı qalibiyyət iddiası, məqsəd və niyyətinin arxasınca gedərək gücünü təsdiqləməsindən ibarətdir.

İstedadlı rejissorun digər ekran əsərlərindən olan “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi” kinopovestlərində, “Ömrün ilk saatı” bioqrafik filmində, “Alma almaya bənzər” lirik ekran əsərində, “Arxadan vurulan zərbə” detektiv filmində, “Bizi bağışlayın” bədii televiziya filmində, “Birisigün, gecəyarısı…” sənədli-macəra filmində də mühüm mesajları ötürən maraqlı nüanslar, xarakterik obrazlar var. Mövzusu, janrı müxtəlif olan ekran əsərlərində ali ideyaları təbliğ edən qəhrəmanların fərdi cəhətləri mütləq şəkildə diqqət çəkir, düşündürür.

Nümunəvi xarakterə malik ekran obrazlarının həyat missiyası ictimaiyyətin düşüncə mənbəyi, həyat istiqamətidir. Belə ki, insanlıq və mərdlik müccəsəməsi olan ekran qəhrəmanları (Ramiz, Qurban, Nəriman, Baba Əliyev, Rüstəm və s.) seçdikləri çətin və şərəfli məsləklərinin mühafizəkarıdırlar, müdafiəçisidirlər.

Filmlərin dolğun və bitkin fikri ifadə edən ekran həllinə nəzər saldıqda rejissorun mövzulara böyük diqqətlə, məsuliyyətlə yanaşdığını görürük. Belə ki, dəniz neftçilərinin çətin həyat şəraitini əks etdirən “İnsan məskən salır” kinodramında dəmir estakadalar üzərində çalışan insanların əmək fəaliyyətinin çətinliyi ilə yanaşı, onların ülvi hisslərinə, mənəvi dünyalarının zənginliyinə, mətin və kövrəkliyi mövzusuna toxunulub. Axı qurudan kilometrlərcə uzaqda salınan qəsəbədə yaşayan, fırtınalı dənizin qadası-qovğası ilə çarpışan insanların da məqsədi-məramı var. Bəs görəsən uzaqdan görünüşü ilə belə insanı vahiməyə salan qasırğalı-fırtınalı dənizin dəli dalğaları ilə vuruşmağa, çətin neftçi peşəsini seçməyə onları nə vadar edib? Niyə bu insanlar daimi məskən kimi məhz dənizin ortasını, dəmir estakadaları seçiblər?  Cavab ekrandadır, obrazların əməlindədir, amalındadır, filmin ümumi mənzərəsindədir.

Cəmiyyətdəki vacib, maraqlı faktları yaradıcılığında təhlil edən Arif Babayevin ekran qəhrəmanlarının çoxu vacib peşə sahibləri, müsbət keyfiyyət daşıyıcılarıdır. Bu mənada, həyatın qəliz hadisələri içərisindən alnı açıq çıxan, ictimai fikri, davranışı, münasibəti təmsil edən obrazlar rejissorun işıqlı təfəkkürünün məhsuludur, müsbət xarakterləri təbliğ edən filmləri yüksək səviyyəli sənət nümunələridir.

Doğru sənət seçimi etdiyini yaradıcılığında dəfələrlə təsdiqləyən Arif Babayevin ömür yolu sözün əsl mənasında örnəkdir. Sevdiyi peşəsinə böyük hörmətlə yanaşan, hər bir filmində bunu sübut edən, daha çox romantik-poetik üsluba köklənən rejissor tarixi-bioqrafik və detektiv janra müraciət etməklə ampluasız rejissor olduğunu təsdiqləyib.

Filmlərində doğru aktyor seçimi edən Arif Babayev sənətinə böyük hörmət etdiyi aktyorları filmlərinə təkrar-təkrar dəvət edir, onların yaradıcılıq potensialının genişlənməsinə, təsdiqlənməsinə imkan yaradırdı. Onun sevimli aktyorlarından biri də görkəmli kinoaktyor Həsən Məmmədov idi. Rejissorun çəkdiyi 6 filmdə rol alan aktyor “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Zirvə” novellasında Kamil, “Gün keçdi” poetik ekran əsərində Oqtay, “Alma almaya bənzər” musiqili kinokomediyasında Qurban, “Arxadan vurulan zərbə” detektiv dramında  Qəmərli, “Bizi bağışlayın” kinodramında  Nəriman, “Birisigün, gecəyarısı…” tarixi-bioqrafik dramında Baba Əliyev rollarını canlandırıb, rejissorla olan yaradıcılıq tandeminin uğurunu təsdiqləyib.   

Yaradıcılıq prosesində kompozisiya tamlığına, bədii keyfiyyətin üstünlüyünə diqqət yetirən Arif Babayev üçün filmlərinin hər bir kadrının daxili dinamikasının, emosional təsir gücünün olması mütləq idi. Kadrların dolğunluğunun təminatı üçünsə yaradıcı və texniki heyətin potensialından, operator işindən, aktyor peşəkarlığından, hadisələrin emosionallığını, baxımlılığını artıran musiqilərdən, mahnılardan məharətlə istifadə edirdi. İstək və məqsədini ustalıqla lentlərə köçürürdü. Peşə bilgisinin dərinliyinə, nümunəvi yaradıcılığına görə də sevdiyi məsləyinin fonunda insanlara böyük sevinc, gözəllik bəxş edirdi. Həmin gözəllikləri təkrar-təkrar izləyənlərin gözündə də əbədiyyən ucalır, qəlblərdə iz salırdı.

Dövlət Film Fondu