Bakıda III “Dədə Qorqud” (“Qorqud Ata”) Türk Dünyası Film Festivalının açılış mərasimi olub

Oktyabrın 8-də Heydər Əliyev Mərkəzində “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023” ili çərçivəsində III “Dədə Qorqud” (“Qorqud Ata”) Türk Dünyası Film Festivalının açılış mərasimi olub.

Oktyabrın 8-11-də keçiriləcək festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Mərasimdən əvvəl tədbir iştirakçıları Azərbaycan Dövlət Film Fondunun və “Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi geniş sərgidə milli kinomuzun 60 illik tarixi dönəmini əks etdirən kinoafişalar və keçmiş dövrlərdə Azərbaycan kinosunda istifadə olunan müxtəlif film avadanlıqları ilə tanış oldular. Eyni zamanda sərgidə Bakı Media Mərkəzinin istehsalı olan müasir filmlərin afişaları da təqdim olundu.

Tədbirdə əvvəlcə Türk dünyasının birliyini əks etdirən videoçarx nümayiş olunub.

Sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov festivalın məqsədinin Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək olduğunu bildirib. Qeyd edib ki, festivalda Türk dünyasının tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslər də iştirak edir.

Tədbirdə digər çıxış edənlər – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Səid Yusif, “Qorqud Ata” Türk Dünyası Film Festivalının direktoru, kino tənqidçisi İhsan Kabil, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev türk xalqları arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr, Azərbaycanın zəngin mədəni irsi, kino ənənələri barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, bu film festivalı bütün Türk dünyasını bir araya gətirən mühüm mədəniyyət layihəsidir.

Sonra tədbirdə müsabiqədə iştirak edən filmlər nümayiş olunub.

Qeyd edək ki, 2021-ci ildən təşkil olunan festivalın birincisi Türkiyənin İstanbul şəhərində, ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib. Bu il isə ölkəmiz III “Qorqud Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir.

Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub. Filmlər oktyabrın 9-dan 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.