Kino kollektiv əməyin məhsulu olsa da, fərdi istedadların cəmidir, böyük yaradıcılıq axtarışlarının təntənəsidir. Bilik və bacarığını sevdiyi sənətə həsr edən tanınmış kinooperator, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü Kənan Məmmədov da milli kinomuzda böyük xidməti olan kino xadimlərimizdəndir. Kino veteranı, bu günlərdə (09.10.1946) 77 yaşını qeyd edir. Fürsətdən istifadə edib Kənan müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirik, cansağlığı, sağlam ömür arzylayırıq.
Zəngin peşə təcrübəsinə malik olan Kənan Məmmədov çəkdiyi hər bir filmdə məzmunlu ekran kompozisiyası yaradıb. Yaradıcı heyətin məqsədini, ideyasını aydınlıqla çatdırıb, sevdirməyə nail olub. Operatorun geniş yaradıcılıq potensialı maraqlı sənət nümunələri yaratmasına, çəkdiyi filmlərin ölkədən kənarda sevilməsinə imkan yaradıb.
Kino texnikasına dərindən bələd olan operator, işinə daim məsuliyyətlə yanaşaraq hadisələrin dəqiq şərhini verib, realist yaradıcılıq nümayiş etdirib. İctimai proseslərə, sosial mühitə dəqiq münasibət bildirib, daxili potensialını, düşüncələrini, həyata baxışını orijinal, özünəməxsus tərz və təsvir vasitələri ilə ifadə edib.
Kənan Məmmədov kinoya hələ kiçik yaşlarından həvəs göstərib. Özünün dediyinə görə, tez-tez kinoteatrlara gedib, geniş ekranda baxdığı həyat hekayələrini uzun-uzadı götür-qoy edib. Kinonun insan həyatından, düşüncələrindən təsirsiz ötüşmədiyinin, yaddaşlarda iz saldığının fərqinə vardığına görə, məhz kinematoqrafçı olmağı qarşısına məqsəd qoyub.
Azərbaycan kinosunda fərqli yaradıcılıq üslubuna görə seçilən məşhur kinooperator Xan Babayevin onlara qonşu olması, evlərinə yaxın olan küçələrdə çəkilişlər aparması Kənan Məmmədovu bu sənətə daha da yaxınlaşdırıb, istəyini qətiləşdirib. Tale elə gətirib ki, o, vurğunu olduğu kinooperatorluq sənətinə 25 yaşında gəlib. İmza atdığı hər bir filmin dəqiq kompozisiyasını yaradıb, kino estetikasının ciddi qanunlarına riayət etdiyinə görə kinoda az müddət ərzində ustad sənətkar adı qazanmağa nail olub.
Kənan Əziz oğlu Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi əla qiymətlərlə başa vurub (1965). Azərbaycan Dövlət Politexnik İnstitutunun mexanika şöbəsində təhsil alıb (1966-1971). İnstitutda oxuyarkən orada iki il fotoqraf kimi çalışıb. 5-ci kursda oxuyanda bu sahədə özünü tapa bilməyəcəyini anlayıb, valideynlərinin narazılığına baxmayaraq, uşaqlıq arzusu olan kinooperatorluq sənətinin ardınca gedib. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə qəbul olunub (1971).
İnstitutda sənət müəllimlərindən (A. Qalperin, V. Şumski, V. Naxabsev) peşə sirlərini öyrənən gənc, qısa müddət ərzində peşə istiqamətini müəyyənləşdirib, işinə məsuliyyətli yanaşması ilə diqqət çəkib. Çəkdiyi diplom işi komissiya üzvləri tərəfindən “əla” qiymətləndirilib, sonra isə nümayiş etdirilmək üçün surəti çıxarılıb Daşkənddə keçirilən Beynəlxalq Kinofestivala göndərilib.
Ali kino məktəbini bitirdikdən sonra Bakıya qayıdan gənc kinematoqrafçı, “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb (1976). Kinostudiyada görkəmli sənətkarlarla çiyin-çiyinə çalışması peşə təcrübəsini püxtələşdirib, sənət bilgisini artırıb. Fəaliyyəti dövründə ümumilikdə 80-ə yaxın film ekranlaşdırıb, filmləri müxtəlif kinofestivalların qalibi olub.
“Ovçu, vurma məni” sənədli filmi ilə kinoda (1977) ilk uğurunu qazanan operator, çox sayda bədii, sənədli filmlər, “Mozalan” satirik kino süjetləri çəkib. Bədii kinoda ilk dəfə “Ad günü” filminin yaradıcı qrupuna (quruluşçu operator: Zaur Məhərrəmov) ikinci operator kimi təyin edilib. Eləcə də, həmin filmdə epizodik rolda (Namiq) çəkilib.
İnsan psixologiyasını tədqiq, yüksək mənəvi dəyərləri təbliğ edən filmdə baş qəhrəman Əlinin gündəlik həyat qayğılarından danışan lirik-psixoloji film Kənan Məmmədova böyük sənət stimulu verib. Operatorun çəkilişlərə həvəslə yanaşması, kino texnikasından məharətlə istifadə etməsi, rejissor ideyalarını dəqiq, məzmunlu təsvirlərlə təsdiqləməsi görkəmli kinorejissor Rasim Ocaqovun diqqətindən yayınmayıb. Bu filmdən sonra onların yaradıcılıq tandemi yaranıb. Zəngin sənət təcrübəsinə malik kinorejissorla çalışması Kənan Məmmədova ardıcıl uğurlar gətirib. Maraqlı ekran nümunələri ilə milli kinomuzun simasına çevrilən Rasim Ocaqovla birlikdə texniki və bədii cəhətdən dəyərli filmlər (“Özgə ömür”, “Təhminə”, ”Qətldən yeddi gün sonra”, “Otel otağı”) ərsəyə gətirib.
Kənan müəllimin yaradıcılığında lirik-psixoloji filmlər çoxluq təşkil etsə də, mövzulara həmişə realist yanaşıb, ekran əsərlərinin ideyasını maraqlı priyomlarla çatdırıb. “Atları yəhərləyin”, “Ovsunçu”, “Fəryad”, “Küçələrə su səpmişəm”, “İstanbul reysi” və başqa filmlər müxtəlif aspektli çəkiliş texnikasına, məzmun tamlığına, fikir aydınlığına görə maraqlıdır, dəyərlidir. Operatorun qurduğu hər hansı bir plan çəkilişi bilavasitə, məkanın mahiyyətini, hadisələrin məzmununu, personajların məqsəd və istəyini çatdırmağa fokuslanıb.
“İnsan faktoru mənim üçün əsasdır. Mən aktyorları çəkəndə həmişə çalışmışam ki, fonun təsvirini söndürüm. İşığı elə qururdum ki, aktyor ifası qabarıq görünsün. Dialoqa, monoloqa uyğun olaraq hərdən aktyorun sifətini yox, əllərini, mimika cizgilərini göstərmək daha vacibdir. Bunlar hamısı sənətlə bağlı əsas məsələlərdir”, – deyən kinooperatorun çəkdiyi filmlərin ümumi kompozisiyası tamaşaçını (peşəkar çəkiliş texnikasına görə) əsərin mahiyyətinə biganə qalmağa qoymur, hadisələrin iştirakçısına çevirir.
“Azərbaycanfilm” kinostudiyasındakı fəaliyyəti dövründə bir-birindən maraqlı, məzmunlu filmlər çəkən, yaradıcılığında milli kino ənənələrini yaşadan Kənan Məmmədovun daha çox bədii filmlər üstünlük təşkil edən yaradıcılığına “Qızıl uçurum” (Valeri Kərimovla birgə), “Qara gölün cəngavərləri”, “Doğma sahillər”, “Tərsinə çevriən dünya”, “Sübhün səfiri” və başqa filmlər daxildir.
Sosial-mənəvi-psixoloji məsələlərə peşəkar yanaşan, qəliz hadisələri, mürəkkəb münasibətləri əhatəli təsvirləri ilə təhlil edən, aydınlıq gətirən operator, “Yapon” və yaponiyalı” (Fikrət Əsgərovla birgə), “Gecə qatarında qətl”, “Qətldən yeddi gün sonra”, “Fəryad”, “Təhminə”, “Son döyüş” (Amin Novruzov və Yuri Varnovski ilə birgə), “Otel otağı”, “Təsadüfi görüş” və başqa filmlərin bədii həllini açmağa, mövzunu tamlıqla çatdırmağa müvəffəq olub.
Kənan Məmmədovun quruluş verdiyi (operator kimi) filmlərin bu gün də maraqla, sevilərək izlənilməsi peşə uğurunun başlıca təsdiqidir. Kinosevərlərin könlünü fəth edən, həmkarlarının rəğbətini qazanan operatorun kinodakı xidmətləri Dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. 1986-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olub, 2000-ci ildə isə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Dövlət Film Fondu