Bakıda III “Qorqud Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi olub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə 8-11 oktyabr tarixlərində paytaxtımızda keçirilən III “Qorqud Ata” (“Dədə Qorqud”) Türk Dünyası Film Festivalı başa çatıb.

Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində festivalın bağlanış mərasimi keçirilib.

Mərasimdə rəsmi şəxslər, türk dünyasının tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə dörd gün davam edən festivala həsr olunan videoçarx nümayiş olunub.

Açılış nitqi söyləyən TÜRKSOY-un baş katibi Sultan Rayev qonaqları salamlayıb. Festival barədə təəssüratlarını bildirən S.Rayev Azərbaycanda olmağından məmnunluğunu ifadə edib: “III “Qorqud Ata” Türk Dünyası Film Festivalı türk dünyası filmlərini tanıtmaq üçün böyük bir fürsətdir. Bu festivala gələcəkdə də dəstək olmağa davam edəcəyik”.

Sultan Rayev çıxışının sonunda TÜRKSOY-un xüsusi mükafatını Xalq artisti Fəxrəddin Manafova təqdim edib.

Münsiflər heyətinin sədri Xalq artisti Vaqif Mustafayev festivalın əhəmiyyətindən bəhs edib.

Daha sonra sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər heyəti qonaqlara təqdim olunub.

Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan), Sərdar Gökhan, Mətin Günay (hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağası Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Əzəmət Satıbaldı (Qazaxıstan) fəxri mükafatlarla təltif olunub.

“Jambıl” filminə görə qazaxıstanlı aktyor Dosjan Janbotayev, “Həmişə 33 yaşında” filminə görə türkiyəli rejissor Murad Pay münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

“Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Əhməd Amandurdiyev (“Qızıl alma”, Türkmənistan), “Ən yaxşı aktrisa” nominasiya üzrə mükafatı isə Təhminə Rafaella (“Məryəm”, Azərbaycan) qazanıb.

“Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” (Özbəkistan) filmi layiq görülüb.

“Ən yaxşı rejissor” nominasiyasında Jurayeva Asel Talibcanova (“Tanrıverdi”, Qırğızıstan) qalib olub.

“Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafata “Mənim dairəm” (Özbəkistan), 2-ci mükafata “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb.

“Ən yaxşı bədii film” nominasiyasında “Ulduz tozu” (Türkiyə, rejissor Əhməd Sönməz) filmi qalib olub. Mükafat Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyeva tərəfindən təqdim edilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli növbəti “Qorqud Ata” festivalının Türkmənistanın Anev şəhərinə ötürülməsini və orada keçiriləcəyini simvolizə edən “Durna quşu” mükafatını Türkmənistan Respublikasının nümayəndəsinə təqdim edib.

Adil Kərimli çıxışında III “Qorqud Ata” (“Dədə Qorqud”) Türk Dünyası Film Festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Festivalın təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.

Daha sonra “Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.