Şərif Şərifov – 85

Kino istehsalı prosesinin icrasına bilavasitə cavabdeh olan təsvir sənəti xüsusi qabiliyyət, istedad tələb edir. Geniş yaradıcılıq potensialına malik olan kinooperatorların bilik və bacarığı filmlərin keyfiyyətinin yüksək olmasını, ideya məzmununun bədii həllini tapmasını, dərindən qavranılmasını təmin edir, baxımlılığını artırır.

Azərbaycan kinosunda 50-yə yaxın (bədii, sənədli) filmdə operator kimi çalışan, məsləyində daima yüksək peşəkarlıq nümayiş etdirən kinooperator, Əməkdar incəsənət xadimi Şərif Şərifov da kino texnikasının bilicisi kimi zəngin yaradıcılığı fonunda dolğun, maraqlı kadrlar ərsəyə gətirib, filmlərin ekran həllini tapmasına nail olub.

Kinooperatorluq sənətinin mahir bilicisi olduğunu üslub zənginliyi, tərz dəyişikliyi, dəqiq mizanlanmış müxtəlif rakurslu çəkiliş texnikası ilə təsdiqləyən Şərif Şərifovun ekranlaşdırdığı filmlər də təfəkkürünün, dünyagörüşünün əksi kimi sənət istiqamətini müəyyənləşdirib, mühüm nailiyyətlərə imza atmasına səbəb olub. 69 illik ömrünün 40 ildən çoxunu kino sənətimizin inkişafına həsr edən kinooperatorun yubiley (12.10.1938) ilində əziz xatirəsini dərin ehtiramla yad edirik.

Şərif Şərifov hələ uşaq yaşlarından foto sənətinə maraq göstərib. Fotoqrafiyaya, kinoya olan sevgisi onu “Azərbaycanfilm” kinostudiyasına gətirib. Burada ilk vaxtlar operator assistenti kimi çalışıb. 20 yaşlı gənc kino aşiqinin bəxti onda gətirib ki, təcrübə mərhələsini görkəmli kinooperatorların, kinorejissorların əhatəsində keçib, peşə sirlərini öyrənib. Məsləyini püxtələşdirmək, ali kino təhsili almaq üçün Moskvaya, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna gedib (1964-1970), orada kinooperatorluq fakültəsini bitirib.

İnstitutu bitirdikdən sonra Bakıya qayıdan gənc kinooperator 60-dan çox filmdə işləyib. Operator assistenti kimi iki sənədli (“Azərbaycan  mədəniyyətinin baharı”, “Bizim Azərbaycan”), üç bədii (“Koroğlu”, “Böyük dayaq”, “Yenilməz batalyon”) filmdə, sonra isə ikinci operator kimi bir sıra bədii (“Uşaqlığın son gecəsi”, “Şərikli çörək”, “O qızı tapın”, “Ən vacib müsahibə”) və sənədli filmdə (“Azərbaycanın xoşbəxt torpağı”) çalışıb. “Var olun, qızlar…” bədii filmində quraşdırılmış səhnələrin operatoru olub. Rejissor-operator kimi “Anam Kür” (1993) qısametrajlı sənədli filmini çəkib.

“Solmaz bir bahar kimi” filmi Azərbaycan komsomolu mükafatına, “Anam Kür” filmi akademik Həsən Əliyev adına mükafata, “Əsrin müqaviləsi” filmi “Humay” mükafatına layiq görülüb.

On beş ilə yaxın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyət göstərən sənətkar dərs vəsaiti kimi “Kino çəkilişi  texnikası”, “Televiziya və onun texnologiyası”, “Kinofilm və televiziya proqramlarının istehsalında kompüter texnologiyasının tətbiqi” adlı kitablar yazıb.

Şərif Şərifovun filmoqrafiyasını əsasən sənədli filmlər (operator kimi) təşkil etsə də, yaradıcılıq üslubunun zənginliyini, parlaq çalarlarını daha çox bədii ekran əsərlərində təsdiqləyib. Müxtəlif mövzuları əhatə edən filmlərdə janrın xüsusiyyətinə müvafiq təsvir növü fonunda məzmunun mahiyyətini əhatəli çatdırıb, personajların xüsusiyyətini dəqiq xarakterizə edib, maraqlı, obrazlı yaradıcılıq nümayiş etdirib.

Quruluşçu operator kimi “Qərib cinlər diyarında”, “Qatır Məmməd” (Teyyub Axundovla birgə), “Yol əhvalatı” (Ələsgər Ələkbərovla birgə), “Əzablı yollar” (Vladimir Sapojnikovla birgə), “Şir evdən getdi” (Rasim İsmayılovla birgə) və digər filmlərdə çalışıb. Filmlərin süjet xəttinə, stilinə uyğun bədii təsvir mədəniyyəti yaradıb, maraqlı priyomlardan, effektlərdən, rənglərdən istifadə edərək baxımlı kompozisiyalar qurub. Ekran əsərlərinin dramaturji xəttini dərindən duyaraq işıq-kölgə sistemlərindən dəqiq istifadə edib, məzmunlu təsvir fonları yaradıb, təbiət, dekor, detal və digər  təsvirləri məzmuna uyğun təqdim edib. Ekran obrazlarının xarakter və düşüncəsini, psixologiyasını bəyan edən mimika cizgilərini dəqiq prizmadan canlandırıb, dolğun, maraqlı təsvir növləri ilə məzmun tamlığını, ideya bütövlüyünü təmin edib. Janrların bədii xüsusiyyətini ustalıqla səciyyələndirib, filmlərin təsvir həllini dəqiqliklə çatdırıb.

Şərif Şərifovun müsbət şəxsi keyfiyyətləri haqqında həmkarları və yaxınları böyük məmnunluq hiss ilə danışırlar. Bundan da belə qənaətə gəlmək olur ki, operatorun sənət biliciliyi ilə yanaşı, yüksək mənəvi dəyərlərə malik olması, nümunəvi şəxsi keyfiyyətləri ətrafdakılarla münasibətini daha da asanlaşdırıb və ekran obrazlarının fərdi keyfiyyətlərini duyaraq lentə köçürməsinə imkan yaradıb. Janrlara müvafiq ekran poetikasını, təsvir mədəniyyətini dəqiqliklə yaradan operatorun filmoqrafiyasındakı janr (bioqrafik, tarixi-müharibə, dram, idman, nağıl və s.) müxtəlifliyinin və sənət uğurunun əsas səbəblərindən biri də ətrafındakılarla xoş ünsiyyət yaratması, yüksək insani keyfiyyətlərə malik olması idi.

Ekran əsərlərinin hər bir kadrının təsvir həlli, məzmun tamlığı operatordan peşəkarlıqla yanaşı çeviklik tələb edir. Şərif Şərifovun da təsvir quruluşlarındakı dəqiqliyi, məqsədin və vəziyyətin həllinə yönələn rakursların məzmunu şərh edən obrazlılığı, dinamikliyi diqqət çəkir, hadisələrin inandırıcılığını təmin edir.

Kinonu həyatın əksi kimi qəbul etməyimizə səbəb yaradanlardan olan, yüksək mədəniyyəti, mənəvi keyfiyyətləri, nümunəvi yaradıcılığı ilə örnək ömür yaşayan, həyatı gözəl bilən, insan psixologiyasını, xarakterini kameranın gözü ilə dəqiq göstərən  Şərif müəllimin hadisələrə, obrazlara fərdi münasibəti, şərhi kadrların dolğun alınmasına, hadisələrin gerçəkliyinə zəmin yaradır, ekran əsərlərinin baxımlılığını artırırdı. Elə buna görə də, milli kinomuzun dirçəlişi, inkişafı istiqamətində mühüm xidmətləri olan Şərif Şərifovun kinodakı xidmətləri unudulmazdır, xatirəsi əzizdir.

Dövlət Film Fondu