Azərbaycan teatr, kino sənətinin tanınmış simalarından olan, Əməkdar artist Hamlet Qurbanovun yubiley (13.10.1938) ilidir. 18 yaşından səhnədə olan, 57 illik ömür payının təxminən 36 ilini sənətə həsr edən aktyor, istedad və bacarığı sayəsində neçə-neçə teatr rollarına, ekran personajlarına nəfəs, can verib, bənzərsiz, koloritli personajları teatrın repertuarını, ekranları bəzəyib. Obrazların təfsirində həyat məsələlərinin həllini böyük ustalıqla, zərgər dəqiqliyi ilə cilalayıb, hər bir təqdimatı ilə tamaşaçı auditoriyasını genişləndirib, yüksək keyfiyyətli sənət nümunələri yaradıb.
Görkəmli sənətkarların – teatr, kino aktyoru Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın izdivacından dünyaya gələn Hamlet Qurbanov aktyorluq peşəsinə hələ kiçik yaşlarından maraq göstərib. Ağlı kəsəndən ailəsində, böyüdüyü mühitdə sənət söhbətləri eşidən gələcəyin məşhur aktyoru, hələ tələbəlik illərindən Akademik Milli Dram Teatrında çıxışlar etməyə, filmlərdə çəkilməyə başlayıb (1957-1992). Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) görkəmli rejissor Mehdi Məmmədovdan sənət dərsi alması, onun kursunu bitirməsi (1961) teatr ictimaiyyətində peşəkar kimi tanınıb qəbul olunmasına, aparıcı və baş rollara dəvət almasına səbəb yaradıb.
Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar oynayan Hamlet Qurbanovun yaradıcılıq palitrası rəngarəngdir, zəngindir. Çoxşaxəli yaradıcılığı bu mənada milli teatr və kino sənətimiz üçün böyük əhəmiyyət kəsb edib, sənət xəzinəmizi zənginləşdirib.
Aktyorun istedadından milli kinomuzda geniş istifadə olunmasa da, yaradıcılıq qismətinə 10-dan artıq filmdə müxtəlif xarakterli rol yaratmaq nəsib olub. Kinoda debüt rolunu “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Dağ meşəsindən keçərkən” novellasında oynayıb, baş rollardan biri olan Rizvan roluna çəkilib.
Filmi ekranlaşdıranda kinorejissor Zeynəb Kazımova iddialı, özündən müştəbeh Rizvan obrazını Hamlet Qurbanova həvalə etməkdə yanılmadı. Gənc aktyor da dərin peşə bilgisindən, təcrübəsindən istifadə edərək rolun daxili yaşantılarını, bəzən hiyləgər, bəzən kinli düşüncələrini, qərəzli münasibətlərini, dostları ilə olan məqsədyönlü davranışlarını dəqiqliklə canlandırdı, yadda qalmasına imkan yaratdı. Rolun müvəffəqiyyətli təqdimatından sonra bir-birinin ardınca iri həcmli rollara dəvət aldı.
Maraqlıdır ki, hələ ilk rolundan etibarən qəliz xarakterli personajın daxili keyfiyyətlərini bacarıqla çatdıran aktyora sonrakı fəaliyyətində daha çox mənfi və yaxud qəribə davranışlara malik obrazlar həvalə olundu. Aktyorun məsləyinə böyük məsuliyyətlə, sevgi ilə yanaşması bütün rollarının öhdəsindən bacarıqla gəlməsinə, aparıcı rol səviyyəsində təqdim etməsinə səbəb oldu.
Hamlet Qurbanovun yaddaqalımlı ekran rollarından Əbdüləli bəy (“Sevil”), Qıpçaq Məlik (“Dədə Qorqud”), Məmmədov (”Ürək… Ürək…”,) Qulam (“Bir ailəlik bağ evi”), Fazil (“Anlamaq istəyirəm”), kolxoz sədri (“Babamızın babasının babası”), Səttar (“Bağ mövsümü”), fotoqraf (“Yaramaz”) və digərləri müxtəlif dövrlərin ictimai mühitini, müasirlərinin xarakterini kəşf etməyimizə, müəyyən bilgilər əldə etməyimizə imkan yaradan personajlardır. Aktyorun kinoda oynadığı sonuncu obrazı “O dünyadan salam” filmində oynadığı Mirbağır ağa roludur.
Yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin motivləri əsasında çəkilən filmdə avamlığın, nadanlığın, yalanın insanlara gətirdiyi faciələr qətiyyətlə pislənilir, tənqid olunur.
Müasirlərinin maariflənməsinə, cəmiyyətin inkişafına mane olan, öz mənfəəti üçün yalan danışmaqdan çəkinməyən, ətrafındakıların avamlığından məharətlə istifadə edən şər qüvvələrdən biri də Mirbağır ağadır. O, bəd əməllərinin üzə çıxmaması, insanların ayılmaması üçün Kefli İsgəndəri (aktyor Yılmaz Duru) şərləməkdən, bəzən hay-küy salmaqdan, bəzən də qohum olacağı ailə ilə mübahisə etməkdən çəkinmir, insanların daha böyük yalanlarla qarşılaşmasına səbəb yaradır, fırıldaqçı Şeyx Nəsrullahı (aktyor Məlik Dadaşov) dəstəkləyir. Kiçikplanlı rolun keyfiyyət cılızlığını, düşüncə darlığını maraqdoğuran jestlərlə, mimikalarla göstərir, personajın daha neçə-neçə faciələrə səbəb ola biləcək qəliz xüsusiyyətlərini inandırıcı təqdimatında ifşa edir, mənfi cəhətləri haqqında düşündürməyə nail olur. Bu isə rejissor ideyasını dolğun göstərmək, filmin mahiyyətini fərdi yaradıcılığında sübut etmək deməkdir.
Ekran əsərlərində müqtədir sənətkarlarla tərəf-müqabili olan Hamlet Qurbanovun zəngin sənət təcrübəsi hər bir rolun təfsirində fərdi dəst-xəttini, yaradıcılıq üslubunu təsdiqləməyə, izləyici auditoriyasını genişləndirməyə imkan yaradıb. İstər komik, istərsə də dramatik rollarını hadisələrin axıcılığına rəvac verəcək həddə canlandırıb.
“Müqəddəs oda yanaram” filmində həyatı kədərlə yüklənən Sadıq dayının daxili tənhalığı, yalnızlığı tamaşaçını düşündürməklə yanaşı, insanların bir-birinə olan biganəliyinə qarşı qınaq yaradır. Uğursuz ömür sahibi olan obrazın təfsirində həyatını doğru istiqamətə yönəltməyə, vacib olan ali dəyərlərə (ailəyə, övlada dəyər, sevgiyə hörmət, ocağına sədaqət və s.) sahib çıxmağa dəvət edir.
Əməkdar artist Füzuli Hüseynovun xatirələri yerinə düşür: “Hamlet Qurbanov orijinal yaradıcılığa, özünəməxsus dəst-xəttə malik aktyor, maraqlı insan idi. Heç vaxt heç kimə qoşulmazdı. Əgər bu dünyanı okeana bənzətsək, Hamlet Qurbanovu həmin okeanın gözəl bir guşəsində olan adaya oxşamaq olardı. Heç kimə bənzəməyən insan, böyük aktyor idi. Özünəməxsus fəlsəfəsi vardı. Hərdən dediyi sözləri hər adam başa düşə bilmirdi. Amma mən onu çox gözəl də anlayırdım. Çünki xətrini çox istəyirdim, yaxşı münasibətimiz vardı. Çox dəyərli, potensiallı sənətkar idi. Allah ona rəhmət eləsin”.
Aktyorun yaradıcılığında mürəkkəb xarakterli rollar üstünlük təşkil edir. Bu isə ekran personajlarının fərdi cəhətlərini nəinki məharətlə təqdim etmək, düşüncələrə həkk etmək, zəngin həyat müşahidəsi, sənət biliciliyi fonunda xarakterləri dərindən mənimsəyərək yaratmaq, fərqli, bənzərsiz tipləri tanıtmaq, düşündürmək, sənətin mahiyyətini anlatmaq, sənətkarlıq xüsusiyyətinin böyüklüyünü hər dəfəsində sübut etmək deməkdir.
Tanınmış rus ədəbi tənqidçisi Vissarion Belinski: “Mənəvi eybəcərliyin dəqiq təsviri, bu eybəcərliyə qarşı olan bütün hücumlardan daha möhtəşəm və təsirlidir”, – deyir. Hamlet Qurbanovun nəzəri və təcrübi bilgisi də mənfi xarakterli personajlarını (Qıpçaq Məlik, Səttar, Mirbağır ağa, Sadıqov və s.) içdən təqdim etməsinə, dolğun çatdırmasına, qeyri-normal cəhətlərinə qarşı nifrət yaratmasına səbəb yaradıb.
Aktyorun “Mozalan” satirik kinosüjetlərində canlandırdığı (“Axırıncı maqın sonu”, “Fənd”, “Təşəkkür”, “Gözbağlıcı”, “Sübut” və s.) müxtəlif xarakterli personajların ünvanlı təqdimatı da sosial-mənəvi problemləri yaradan məsələlərin şərhinə, həllinə yönəlib.
Hər bir rolun xarakterini, daxili təlatümünü, həyəcanını və yaxud bu kimi keyfiyyətlərin tam əksini məharətlə çatdıran aktyor Azərbaycan Televiziyasının hazırladığı tamaşalarda müxtəlif dövr müasirlərinin düşüncə və psixologiyasını məharətlə oynayıb, hadisələrin inandırıcılığına zəmin yaradıb.
Televiziya tamaşalarının baxımlı, hadisələrin inandırıcı olmasını təmin edən rollardan Sadıqov (“Atayevlər ailəsi”), müəllif (“Yollar görüşəndə…”), Süleyman (“Ötən ilin son gecəsi”), hakim (“Günahsız Abdulla”), Tahir Mahirov (“Evləri köndələn yar”), Çingiz (“Ömrün yolları”), Tahir (“Mənim günahım”), İldırım Bəyazid (“Topal Teymur”) və digər prototiplər nəsillərin yaddaşında iz salan, müxtəlif dövrlər haqqında məlumatlanmağımıza səbəb yaradan, münasibətlər barədə düşündürən personajlardır.
Sənətinə sonsuz sevgi ilə sarılan, hər bir təqdimatında orijinal xarakter nümayiş etdirən, sənətin yüksəlişinə canla-başla xidmət etdiyini bütün rollarında sübut edən Hamlet Qurbanov 1995-ci ilin noyabr ayının 16-da dünyasını dəyişdi. Maraqla izlənilən ekran personajlarının fonunda isə sənətini, şəxsiyyətini əbədiləşdirdi.
Dövlət Film Fondu