Aktrisa Nəcibə Məlikovanın doğum günüdür

Xalq artisti, Azərbaycan teatr, kino sənətinin inkişafında müstəsna xidmətləri olan Nəcibə Məlikovanın anadan olmasından (25.10.1921) 102 il  ötür. Unudulmaz aktrisanın xatirəsi sənətsevərlər üçün əzizdir. Sənəti hər zaman ali səviyyədə təqdim edən aktrisanın məzmunlu teatr rolları, kino obrazları bitkinliyinə, dolğunluğuna görə seçilən zəngin sənət nümunələridir.

Aktrisanın yaradıcılığının uğurunu əzmkarlığına, iradəsinə, həmçinin dövrü üçün önəmli olan cəsarətinə hesablamaq olar. Belə ki, həmin illərdə sənət məktəbinə çox az sayda azərbaycanlı xanım üz tutardı. Bunun başlıca səbəbi isə ailələrin qızlarının aktrisa olmasını, sənətə gəlməsini istəməməsi idi. Nəcibə Məlikovanın yüksək sənət təqdimatı, nailiyyətinin ardıcıllığı onlarla qadının sənətə gəlməsinə, milli kadrların çoxalmasına, sənətin inkişafına səbəb olurdu.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində sənət dərsi alan aktrisanın ilk sənət müəllimi Respublikanın Xalq artisti Fatma Qədri olub (1940-1943). Hələ tələbəlik illərində “1905-ci ildə” (C.Cabbarlı), “Dağılan tifaq” (Ə.Haqverdiyev) tamaşalarında oynadığı maraqlı rolları ilə müəllim və tələbə heyətinin hörmətini qazanıb. Texnikumu bitirəndən sonra öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə başlayıb. Bir müddət sonra ali təhsil almaq məqsədilə Bakıya qayıdıb, burada yenicə təşkil olunan Teatr İnstitutuna daxil olub. Görkəmli teatr xadimlərindən Adil İsgəndərovdan, Rza Təhmasibdən, Kazım Ziyadan sənət sirlərini öyrənib. 1952-ci ildən etibarən Milli Dram Teatrında çalışıb, paralel olaraq filmlərə çəkilib. Teatr fəaliyyətində qısa fasilələr yaransa da, ömrünün sonunadək Akademik Teatrda çalışıb. Dramatik obrazlarla yanaşı komediya janrlı tamaşalarda da uğur qazanıb.

Daxili gözəlliyindən, istedad və bacarığından rollarına pay bölən aktrisa teatrda az bir müddət ərzində tanınsa da, kino onu daha çox məşhurlaşdırdı. 10 filmdə irili-xırdalı rol canlandıran Nəcibə xanım kiçikplanlı obrazlarını belə yaddaşlara yazmağa, kino salnaməmizin siması olmağa nail oldu.

Kinoda debüt rolunu “Fətəli xan” filmində edən aktrisa (Xədicə), sonralar bir-birinin ardınca filmlərə dəvət aldı, “Bakının işıqları” filmində Mirvarid, “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Leyli və Məcnun”da Səlimə, “Əhməd haradadır?” kinokomediyasında Nərgiz xala, “Arşın mal alan” musiqili kinokomediyasında Cahan xala, “Qanun naminə” kinodramında Zərrintac, “Üzeyir ömrü” filmində Xurşidbanu Natəvan rollarını yaratdı.

1960-cı ildə görkəmli şair Səməd Vurğunun “Aygün” poeması əsasında kinorejissor Kamil Rüstəmbəyovun çəkdiyi ilk bədii televiziya filmi olan “Aygün” filmi ekranlara çıxanda filmin milyonlar tərəfindən sevilmə səbəblərindən ən başlıcası aktrisanın vəziyyətə uyğunlaşdırdığı məntiqi məqamları emosional ifa ilə yaşarı çatdırması idi. Ekran obrazlarının davranış və düşüncə tərzini peşəkarlıqla duyub milyonlara sevdirmək isə kinoda xarakterlər toplusu yaratmaq deməkdir.

Görkəmli kinorejissor Lətif Səfərov “Leyli və Məcnun” (1961) filmini çəkəndə tərəddüdsüz olaraq Səlimə rolunu Nəcibə xanıma tapşırdı. Səlimə onu heç bir zaman dinləməyən, onunla hesablaşmayan Şeyx Haşiminin həyat yoldaşıdır. Qadın hüquqsuzluğunu anlayan ana qızı Leyliyə zəmanəsinin qanunları ilə (sevgisiz həyat) yaşamağı məsləhət görür. Bununla belə, qızının daxili iztirablarını da anlayır, ana kimi halına acıyır. Ailədaxili dramatizmi nizamlamağa çalışan, mehriban ünsiyyət yaradan, hər bir halda evinin əmin-amanlığını qoruya bilməyən Səlimənin acınacaqlı vəziyyəti, daxili sarsıntıları tamaşaçıya aydınlıqla çatdırılır. Nəcibə Məlikovanın rolun həyat mövqeyini dərindən duyub çatdırma məharəti filmin baxımlılığını artırır, maraqla izləməsinə imkan yaradır.

Aktrisanın Milli Dram Teatrının səhnəsində ifa etdiyi komik rolları, sonralar kinokomediyalarda yaratdığı obrazların yaşarı alınmasına kömək etdi. Belə ki, görkəmli teatr rejissoru, kino aktyoru Adil İsgəndərovun quruluş verdiyi “Əhməd haradadır?” (1963) filmindəki Nərgiz xala obrazı sadə süjetli filmin məzmununun tamlıqla çatdırılmasına səbəb yaratdı.

Əməksevər, ailəsinin daim qayğısını çəkən Nərgiz xala mehriban keyfiyyətləri ilə diqqət çəkir. Lakin evdən qaçan oğlunun (Əhmədin) axtarışına çıxdığı vaxtda qızı Ceyranla bir çox hadisə ilə rastlaşır. Bu kimi məqamlarda da onun bəzən ciddi, bəzən baməzə, bəzən hikkəli, bəzən isə təəssübkeş cəhətləri ilə tanış oluruq. Xarakteri fonunda da komediya-macəra janrlı filmdəki obrazların xarakterini çözürük, hadisələrin şərhini izləyirik.

İstedad və bacarığı ilə bütün rollarına baxımlılıq gətirən aktrisa, sənətdə göstərdiyi xidmətlərə görə 1959-cu ildə Respublikanın Əməkdar, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Zərif davranışı, xəfif gülüşü, insansevər, nəcib xüsusiyyətləri ilə həmkarlarının, dost və doğmalarının rəğbətini qazanan Nəcibə xanımın komik və dramatik rollarının cazibəsi, məzmunu, uğuru haqqında çox danışmaq olar. Ən əsası odur ki, realist yaradıcılığı fonunda müxtəlif dövrlər, canlandırdığı obrazlar haqqında dərin təəssürat yaradıb, düşündürməyə, prinsipial sənətkar mövqeyini təsdiqləməyə nail olub. Qəlblərdə, düşüncələrdə dərin iz salıb, daima hörmətlə xatırlanıb.

Dövlət Film Fondu