Aktyorluq sənəti istedaddan, bacarıqdan əlavə böyük cəsarət tələb edir. Milyonların qarşısında başqalaşmaq, dəyişmək, tamamilə sənə yad olan ömürləri, obrazları özününküləşdirib, nəfəs, can vermək, tamaşaçıların müasirinə çevirmək, səhnədə və ekranda ikinci bir ömrü yaşamaq, fərqli dünya yaratmaq, rolların fövqündə düşündürmək, inandırmaq, həyatın nizamında bilavasitə iştirak etmək deməkdir.
Xalq artisti Elmira Şabanova da maraqlı, yaddaqalımlı ana, nənə rollarının təfsirində etik dəyərlərin vacibliyini, önəmli amillərin (ailə dəyərləri, xeyirxah əməllərin üstünlüyü və s.) aliliyini açıqlayıb, təhlil edib. Özünəməxsus yaradıcılıq üslubu ilə yaddaşlarda iz salan, sevilən aktrisa 83 yaşın astanasındadır. Çoxsaylı tamaşaçı və Dövlət Film Fondunun əməkdaşları adından sevimli aktrisamızı səmimi qəlbdən təbrik edirik, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Elmira Şabanova 1940-cı ildə Bakıda, ziyalı ailəsində dünyaya göz açıb. Atası əvvəl zavod direktoru, sonra isə Ali Sovetin deputatı olub. Sənətə, ədəbiyyata böyük maraq olan ailədə elm və mədəniyyət aləmi haqqında söhbətlər, müzakirələr içərisində böyüyən gələcəyin məşhur aktrisası özü də sənət aləminin bir üzvü, təqdimatçısı, yüksək mənəvi dəyərlərin təbliğatçısı olmağı qarşısına məqsəd qoyaraq aktyorluq sənətini seçir. 1958-1962-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda əvvəlcə aktyorluq, sonra isə rejissorluq fakültəsini bitirir. İnstitutda pedaqoji fəaliyyət göstərir və paralel olaraq “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə çəkilir. 20-dən artıq filmdə rol alan aktrisa maraqlı, diqqət çəkən bitkin, dolğun ekran obrazları yaradır.
Aktrisanın kinodü debüt rolu görkəmli kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Əsl dost” filmindəki Leyla obrazıdır. Bundan sonra o, “Səhər” kinodramında aparıcı rollardan biri olan Sevda rolunu canlandırır. Tarixi-inqilabi dramda Aslanın nişanlısı obrazını realist səpkidə, səmimi ifada təqdim edir. XX əsrin əvvəllərində ölkədə baş verən tarixi-inqilabi proseslərdə, qarışıq, gərgin dövrlərdə qadın hüquqsuzluğunu, sevgisini pünhan saxlamaq məcburiyyətini, cəmiyyətdən qorumaq cəhdini, gərgin hadisələr fonundakı çıxılmazlığını, faciəsini rolun xarakterini aydınlaşdıran cəhətləri dram janrının şərtlərinə, rolun mövqeyinə uyğun təbii boyalarla canlandırıb, filmin yadda qalan obrazları səviyyəsində təqdim edib. Rolun aktrisaya qazandırdığı böyük müvəffəqiyyət onun digər filmlərə dəvət almasına, yaradıcılıq potensialını geniş səpkidə çatdırmasına səbəb olub. Aktrisa “Gəmi saatının sirri” filmində Əlinin anası, “Ötən ilin son gecəsi”ndə Həmidə, “Avqust gələndə” filmində Xumar, “Şahid qız”da Rənanın anası, “Fəryad” müharibə dramında İsmayılın anası, “Təhminə”də Aliyə, “40-cı qapı” kinodramında Fatma xala və digər rollarda, həmçinin bir neçə serialda, televiziya tamaşasında xarakterik personajlar təqdim edib, ekran hadisələrinin inandırıcı təsir bağışlamasına, uğur qazanmasına nail olub.
Sözügedən filmlərdən də göründüyü kimi Elmira xanım yaradıcılıq imkanlarını əsasən dramatik rollar üzərində püxtələşdirib, təsdiq edib. Müxtəlif həyat hadisələrini tamaşaçını düşündürən, həyəcanlandıran səpkidə çatdırıb.
Aktrisaya uğur gətirən uğurlu ekran rollarından biri də “Qəm pəncərəsi” filmində canlandırdığı Həmidə obrazıdır. Xalq yazıçısı Anarın yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin müəllimi” əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq həm də çəkdiyi filmdə Elmira xanım Cəlil Məmmədquluzadənin (aktyor Həsən Turabov) həyat yoldaşı Həmidə xanım rolunu oynayıb. Müasirlərinin maariflənməsi, tərəqqisi üçün əlindən gələni əsirgəməyən ziyalı, maarifpərvər xanımın təmkinli, dövrün ağrılı, gərgin hadisələrinə biganə yanaşmayan müdrik obrazını yaradıb. Cəlil Məmmədquluzadənin daim uşaqlığını xatırlaması, gərgin, acınacaqlı situasiyalarla dolu məqamları göz önündə canlandırması, insanların avamlığını daxili hüznünə, kədərinə, dərdinə çevrilməsi, yaradıcılığında cəhalət buxovlarından azad etməyə çalışması, əzab çəkməsi tərəf-müqabillərinin yaradıcılıq sazişində yüksək peşəkarlıqla, dolğun, təsirli şəkildə əksini tapıb. İctimai bəlalara yol açan avamlıq, köləlik kimi amillər psixoloji priyomlarla tənqid hədəfinə çevrilib, qınanılıb.
Ətalət dolu mühitin gərgin hadisələrinin şərhçisi olan hər iki personajın bəzən sükut, bəzən qısa dialoqları, dərin xəyallara dalması, kədərə qərq olması yaxın keçmişə keçid alan kadrlardakı dramatik konfliktləri kəskinləşdirib, mühitin ağrılı yükünü tam dərinliyi ilə izah edib.
Elmira Şabanovanın mühitə və rola uyğunlaşdırdığı mizanları, daxili təlatümünü gizlədən müdrikliyi, səbrli, təmkinli davranışları, dövrə və rola uyğunlaşdırdığı fərdi keyfiyyətləri filmin əsas ideyasını, süjet xəttini müəyyənləşdirib, inandırıcı şəkildə çatdırıb. Obrazın şəxsində üstün fərdi keyfiyyətlərin ictimai mühitə təsirini və yaxud avam mühitin kamil insanlara zərbəsini, lakin bütün çətinliklərə baxmayaraq, ləyaqət üstünlüyünün labüdlüyünü səciyyəvi cizgilərlə göstərməyə nail olub. Aktrisanın rolun daxili mənini dərindən duyması, intuitiv yaratması yaxın keçmişin həyat həqiqətlərinin yalnız ekranda deyil, düşüncələrdə belə kök salmasına, nəticə çıxarmağımıza səbəb yaradıb.
Daha çox mülayim, nəcib xüsusiyyətlərə malik ana rollarını ifa edən aktrisa kinorejissor Rasim Ocaqovun 1993-cü ildə ekranlaşdırdığı “Təhminə” filmində Aliyə obrazının təfsirində tamamilə fərqli, özündən müştəbeh, var-dövləti, ətrafındakılardan üstünlüyü ilə qürrələnən meşşan bir qadın olan Aliyə rolunu canlandırıb.
Aliyə qızı Firəngizin Zaurla ailə qurmasına çalışır və buna da nail olur. Qonşu qadın Zivərlə (Zərnigar Ağakişiyeva) qohumluq əlaqələrinin möhkəmlənməsi üçün dostluq edən, lüks həyat şəraitləri ilə öyünən Aliyə filmin baş qəhrəmanlarının (Təhminə ilə Zaurun) ayrılmasına səbəb yaradan personajdır.
Qızının Zaurla tez bir zamanda izdivaca girməsini arzulayan Aliyənin təbliğatları və yersiz tənələri Zivərin Zaurla Təhminənin sevgi münasibətlərinə son qoymasını tezləşdirir, konfliktləri kəskinləşdirir. Böyük səbirlə şəxsi maraqlarını reallaşdıran Aliyə qonşusunun ailədaxili münasibətlərini kəskinləşdirməklə hadisələrin axıcılığını təmin edir, tezləşdirir, həmçinin tərəf-müqabillərinə (filmin iştrakçılarına) fərdi xüsusiyyətlərini, əsl simalarını göstərməyə meydan açır. Dramatik konflikti taktiki müdaxilələri ilə gərginləşdirən, iddialı, nigaran qız anası rolunu məharətlə canlandıran aktrisa bir neçə kadrda görünsə də, Zaurla Təhminənin həyatındakı rolunu təsdiqləmiş, nakam gənclərin və filmin taleyini həll etmiş olur. Bu mənada aktrisanın ustalıqla təqdim etdiyi bu və ya digər yaddaqalımlı rolları filmlərin əsas personajı, hadisələrin axıcılığına rəvac verən xarakterlər kimi yüksək qiymətləndirilir, baxılır, sevilir.
Elmira Şabanovanın kino və televiziya tamaşalarında oynadığı məzmunlu obrazları haqqında çox danışmaq olar. Ən əsası isə aktrisanın Azərbaycan kino sənətində, korifey rejissorların filmlərində rol alması, onlarla çiyin-çiyinə çalışması, həyat eşqini, ürək sözünü rolları vasitəsi ilə bildirməsi, sənətin ucalığını baxımlı rolları ilə təsdiqləməsi, qəbul edilməsi, sevilməsidir.
Dövlət Film Fondu