Kinorejissor, Əməkdar incəsənət xadimi Yavər Rzayev 67 yaşını qeyd edir. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Yavər müəllimi səmimi qəlbdən təbrik edirik, ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Yavər Maarif oğlu Rzayev 1956-cı il noyabr ayının 1-də Bakıda anadan olub. 1975-1980-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr rejissorluğu fakültəsini bitirib. Ali kino təhsilini daha da püxtələşdirmək məqsədi ilə Moskvaya gedib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1985-1990). V.Lisakoviçin emalatxanasında sənətin sirlərinə dərindən bələd olub.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 1980-ci ildən çalışan Yavər Rzayev kinoda ilk dəfə rejissor Nicat Bəkirzadənin çəkdiyi “Əlavə iz” detektiv filmində Vaqif roluna çəkilib. Filmin aparıcı rollarından biri kimi yaddaqalan personajın xarakter və həyat mövqeyini məqsəd və niyyətini kifayət qədər aydınlıqla ifa edib. Bundan sonra “Bəyin oğurlanması”, “Qəm pəncərəsi” filmlərində rejissor assistenti kimi çalışıb. Bilik və bacarığına, sənət sevgisinə, kino təcrübəsinə arxalanaraq bir sıra sənədli filmlər ərsəyə gətirib, ümumilikdə 20-dən artıq (bədii, sənədli) filmdə işləyib.
Kinoda özünəməxsus dəst-xətti ilə seçilən rejissor “Axırıncı addım”, “Avtoportret”, “Biri var idi, biri yox idi” sənədli filmlərinin rejissoru və ssenari müəllifidir. “Dözümlü minarələr”, “Haray”, “Şərəf və ləyaqət”, “Vətəni ucaldan əməlin”, “Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” qısametrajlı sənədli filmlərinin rejissorudur. Həmçinin, “Fövqəldünya və ya qəsdsiz məntiqi səhv”, “Bizim Həsən müəllim”, “Millət naminə. Əbdülkərim bəy Mehmandarov” tammetrajlı sənədli filmlərinin rejissoru, ssenari müəllifidir. Eyni zamanda “Müstəqillik yollarında” sənədli serialını çəkib, “Keçid” sənədli filminin ssenarisini yazıb.
Rejissorun 1998-ci ildə ekranlaşdırdığı ilk tammetrajlı bədii “Sarı gəlin” filmi psixoloji dramları dərindən təhlil etmə imkanına malik olduğunu təsdiqləyib. Qəliz, mürəkkəb insan xüsusiyyətlərini tədqiq etmə, düşündürmə, həyat, insaniyyət üçün mühüm mesajları ötürmə qabiliyyətinə malik rejissor digər filmlərində də insan amilini ön plana çəkərək ekran qəhrəmanlarını daxili mənini psixoloji tədqiqat obyektinə çevirib mürəkkəb münasibətlərə, qəliz xüsusiyyətlərə aydınlıq gətirməyə çalışıb.
Həyatın nizamını, axıcılığını, rəvanlığını insan xüsusiyyətlərinin aliliyinə, müsbət cəhətlərin mövcudluğuna bağlayan, filmlərinin leytmotivinə çevirən rejissor, ziddiyyətlər, anlaşılmaz xüsusiyyətlər fonunda nəcib cəhətlərin, xoş münasibətlərin üstünlüyünü əsas götürür, sülhün pərvərişini mehriban davranışlara, insanlığa yaraşan xüsusiyyətlərə ünvanlayır.
“Sarı gəlin”, “İlahi məxluq”, “Xeyirlə şərin rəqsi” filmlərinə, “Bakı, mən səni sevirəm” kinoalmanaxına daxil olan “Aziya” filminə quruluş verən (həm də ssenari müəllifi) Yavər Rzayev həmçinin “Yarımçıq xatirələr” filminin ssenari müəllifidir.
Rejissor 2015-ci ildə “İlahi məxluq” filminə görə “Ən yaxşı orijinal ssenari” nominasiyasında və 2018-ci ildə “Xeyirlə şərin rəqsi” filminə görə “Ən yaxşı rejissor işi” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb.
Dövlət Film Fondu