Rejissor Vaqif Behbudov 85 yaşını qeyd edir. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Vaqif müəllimə cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Vaqif Qulam oğlu Behbudov 1938-ci il noyabr ayının 3-də Bakıda anadan olub. Kinoya olan marağına görə Sankt-Peterburq şəhərinə gedib, Dövlət Kino və Televiziya Universitetinə qəbul olunub. Universiteti bitirdikdən sonra (1961) vətənə qayıdan gənc kinematoqrafçı Azərbaycan Televiziyasında çalışıb, burada cizgi filmləri istehsalının təməlini qoyub. Əvvəlcə kinooperator, sonra isə kinorejissor kimi filmlər çəkib.
Operator kimi “Danışan işıqlar”, “Qırmızılar, qaralar və başqaları”, “İlham”, “Yayın bir günündə”, rejissor kimi “Göyçək Fatma”, rejissor-operator kimi “Sağ ol, dostum”, “Ustalar, qızıl əllər”, “Basatın igidliyi”, “Xeyirli nağıl”, “Qız qalası”, “Qurbanəli bəy”, “Qara leylək”, “Sehrli çıraq”, “Başlanğıc”, “Analar və laylalar” animasiya filmlərini ekranlaşdırıb. Müəllifi olduğu animasiya filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında mükafatlara layiq görülüb.
Animasiya filmlərindən başqa operator kimi müxtəlif mövzulu sənədli filmlərdə çalışıb. “Üzeyir Hacıbəyov”, “Bizim Şamama”, “Təsnif”, “Şövkət Ələkbərova” və digər sənədli filmləri ərsəyə gətirib.
Sənədli kinoda əsasən portret janrına üstünlük verən kino xadimi (“Nailə”, “Kamil”, “Özümlə heç nə aparmayacağam” (Əzizə Cəfərzadə), “Əbədi zirvə”, “Müslüm Maqomayev −55”, “Bağlı qapı” (akademik Əziz Əliyev), “Sənsiz” (akademik Zərifə Əliyeva), “İlmələrdə yaşayan həyat” (rəssam Kamil Əliyev) həmçinin, rejissor kimi “Mənlə mən arasında”, “Azərbaycan Respublikasının təhlükəsizlik orqanları”, “Sənsiz”, “Bakı-SOS uşaq kəndi”, “Kərpickəsən kişi”, “Sirli salnamələr”, “Girdman”, “Yeraltı şəhərin izi ilə”, “Lahıc”, “Azərtac-85”, “Bakı SOS uşaq kəndi” və digər sənədli filmləri çəkib.
Uzun illər kino sahəsində çalışan, bacarıq və istedadını sevdiyi sənətin inkişafına sərf edən Vaqif Behbudov kinoda göstərdiyi xidmətlərə görə Azərbaycan Dövlət və “Humay” mükafatlarına layiq görülüb, Xalq artisti fəxri adını alıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Dövlət Film Fondu