Məmməd Əlili – 125

Filmlərin hazırlıq mərhələsində, çəkiliş prosesində böyük əmək sərf edən, lakin kadr arxasında qalan elə kino işçiləri var ki, onların peşələrinə məsuliyyətli yanaşması ekran əsərlərinin maneəsiz ərsəyə gəlməsinə təkan verib, adları daim böyük hörmət və ehtiramla anılıb. Azərbaycan kinosunda ikinci rejissor kimi fəaliyyət göstərən, bir sıra filmdə irili-xırdalı rolda çəkilən Məmməd Əlili də fəaliyyəti dövründə böyük peşəkarlıq nümayiş etdirib, bacarıq və çevikliyinə görə kino kollektivinin hörmətini qazanıb.

“Kino Məmməd Əlilinin həyatının mənası olub, nicatına çevrilib” desək, yanılmarıq. Əlilinin də kinonun hərtərəfli inkişafı üçün əlindən gələni əsirgəmədiyi bir sıra mənbələrdə əksini tapıb. 1898-ci il noyabrın 7-də İçərişəhərdə, kasıb bir ailədə doğulan Əlilinin uşaqlıq illəri ağır keçib. Ailənin dolanışığına erkən yaşlarından kömək etməli olan Əlili güzəranlarının yaxşılaşması üçün müxtəlif işlərdə çalışıb. Görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlı ilə tanışlığı onun həyatında böyük dönüş yaradıb. Onların tanışlığı sonralar möhkəm dostluğa çevrilib. Cabbarlı əvvəlcə Əlilini məktəbə, sonra isə teatra, kinoya cəlb edib.

Əlilinin kino ilə bağlılığı Bakıda çəkilən “Neft və milyonlar səltənətində” filminin tarixi ilə başlayıb (1916). Həmin vaxtlarda mollaxanada oxuyan Məmməd filmin mollaxana ilə bağlı səhnəsində şagirdlər arasında kütləvi səhnədə çəkilib. Bir müddət sonra teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti, rejissor kimi işləyib. 1932-ci ildə Moskvada Malı Teatrın yardım heyətində çalışıb, rejissorluq sənətinin sirlərini daha dərindən öyrənib. Az müddət ərzində bacarıqlı təşkilatçı, istedadlı aktyor kimi tanınıb. Buna görə də Çeçen-İnquş MSSR-ə peşəkar teatr yaratmaq məqsədilə ezam olunub və ona göstərilən etimadı layiqincə doğruldub. Bir müddət sonra Cəfər Cabbarlının dəvəti ilə yenidən Bakıya qayıdıb. Cabbarlının bütün tamaşalarının ərsəyə gəlməsində böyük rol oynayıb.

Kinoda çalışdığı bütün vəzifələrdə ona tapşırılan işin öhdəsindən bacarıqla gələn Əlili film çəkilişləri zamanı lazım olan, tapılmayan rekvizit və avadanlıqların əldə edilməsində xüsusi rol oynayıb, filmlərin vaxtında təhvil verilməsinə imkan yaradıb.

30-dan çox filmdə işləyən Əlili məşhur kino rejissorlarından Rza Təhmasib, Tofiq Tağızadə, Lətif Səfərov, Boris Barnet, İosif Xeyfits, Aleksandr Zarxi, Qriqori Aleksandrov, Əjdər İbrahimov, Hüseyn Seyidzadə və başqaları ilə çiyin-çiyinə işləyib, təcrübi biliklərini artırmaqla sənətinin sirlərinə daha yaxından bələd olub.

“Doğma xalqımıza” bədii-sənədli (Əlisəttar Məlikovla birgə), “Qız qalası”, “Kəndlilər” (A.Popov, A.İslamzadə, Ə.Məlikovla birgə), “Mavi dənizin sahilində”, “Yeni horizont” (Lətif Səfərovla birgə), “Fətəli xan” və digər bədii filmlərdə rejissor assistenti kimi çalışıb. “Ögey ana”, “Ulduzlar sönmür”, “Leyli və Məcnun” (Rəşid Atamalıbəyovla birgə), “Arşın mal alan” (1965), “Dağlarda döyüş” və digər ekran əsərlərində ikinci rejissor kimi fəaliyyət göstərib.

Sovet kinooperatoru və rejissoru Roman Karmenin 1959-cu ildə çəkdiyi “Dənizi fəth edənlər” filmində ikinci rejissor kimi işləyən Əlili böyük şücaət göstərərək çəkilişlər zamanı yanğının içərisinə girib, bəzi təbii kadrların əldə olunmasına imkan yaradıb. Neft Daşlarında çalışan dəniz fatehlərinin şücaətindən bəhs edən sənədli filmin daha emosional alınmasına, nadir kadrların əldə olunmasına zəmin yaradıb. Neft Daşlarının fəxri vətəndaşı olan Əlili, heç kəsə 10 gündən artıq qalmağa icazə verilmədiyi halda orada 9 ay qalmaq imkanı əldə edib.

Əlilinin film çəkilişləri zamanı həyatını riskə atması heç də təsadüfi deyildi. Çünki o, Bakı neftçiləri tərəfindən Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında ekranlaşdırılan poetik hekayənin birinci hissəsi olan “Xəzər neftçiləri haqqında dastan” (1953) bədii-sənədli filmində ikinci rejissor kimi çalışmışdı. Dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan əmək bahadırlarının qəhrəmanlığının lentlərin yaddaşına köçürülməsində böyük zəhmət sərf etmişdi. Rejissorların istək və məqsədinin həyata keçirilməsini zəruri hesab edən kino fədaisi bu mənada çəkiliş prosesi zamanı bütün çətinliklərin aradan qaldırılmasında əlindən gələn köməyi əsirgəməmişdi.

Rejissorluq fəaliyyəti ilə paralel olaraq bir sıra filmdə rol alan Əlilinin aktyorluq bacarığı da diqqətçəkəndir. Filmlərdə canlandırdığı əyan (“Koroğlu”), molla Səfi (“Dəli Kür”), çayçı (“Xoşbəxtlik qayğıları”), Dadaş (“Üzeyir ömrü”), Ağarəfi (“Gənc qadının kişisi”), saray əyanı (“Qətl günü”), mirzə (“Nəsimi”), İbrahim (“Vah”), “Mozalan” kino süjetində oynadığı baba (“Nəvəmin nəvəsinin nəvəsi”) və digər irili-xırdalı rolları xarakterikdir, baxımlıdır.

Əlilinin zəhmətkeşliyi, işinə olduqca məsuliyyətli yanaşması, kinorejissorların etimadını dəfələrlə doğrultması haqqında həmkarları, dostları böyük fəxarət hissi ilə danışıblar, xatirəsini əziz tutublar. Bu da onun məsləyinə olan sevgisinin, həmkarlarına bəslədiyi dərin ehtiramın, tamaşaçılara, kinosevərlərə olan böyük sevgisinin təzahürüdür.

Zəhmətkeş xüsusiyyətinə, mehriban, insansevər keyfiyyətlərinə görə kino ailəsinin sevimlisinə çevrilən, haqqında maraqlı, duzlu-məzəli əhvalatlar söylənilən kino aşiqinin əziz xatirəsi daim ehtiramla yad edilir, hörmətlə anılır.

Azərbaycan kinosunda nümunəvi fəaliyyətinə görə seçilən, görkəmli rejissorların böyük rəğbətini qazanan Məmməd Əlili kinodakı xidmətlərinə görə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Dövlət Film Fondu