Maraqlı, yaddaqalan obrazlar aktyorlarla yanaşı, filmləri, müəllifləri də xatırladır, yaşadır. Koloritli ekran obrazları ilə çoxsaylı tamaşaçı auditoriyasının sevgisini qazanan istedadlı aktyor Gündüz Abbasov da orijinal, dolğun yaradıcılığı fonunda müxtəlif mövzulu ekran əsərlərinin mahiyyətini dəqiqliklə çatdırıb, məna dəyərini açıqlayıb. Unudulmaz aktyorun anadan olmasının 93-cü ildönmündə əziz xatirəsini dərin ehtiramla yad edirik.
Gündüz Abbasov 1930-cu il noyabr ayının 20-də Bakının məşhur dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya gəlib. Anası musiqiçi, pedaqoq və tibb təhsili olan ziyalı qadın, dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım, atası isə tanınmış yazıçı, jurnalist, Azərbaycan radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasov övladlarını “Sevil” pyesindəki Balaşın oğlu Gündüzün adı ilə adlandırıb. Boy-buxununa, yaraşığına görə yaşıdlarından seçilən Gündüz böyüdükcə istedad və bacarığını çalışqanlığı sayəsində məhsuldar iş əmsalına çevirib, püxtələşdirib, yaşıdları içərisində sayılıb-seçilib. O, hələ kiçik yaşlarından mütaliəni sevib, ədəbiyyata olan həvəsi sonralar ədəbi fəaliyyətlə məşğul olmasına, hekayələr yazmasına, tərcümələr etməsinə səbəb olub. XX əsrin 50-60-cı illərində “Papasının qızı”, “Canlı körpü”, “Qanadlar” adlı üç kitabı nəşr olunub. Yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunub, xarici ölkə yazıçılarının əsərlərini, dublyaj üçün ssenariləri Azərbaycan dilinə tərcümə edib.
Öz üzərində işləyən, bilik və təcrübəsini artıran gənc müxtəlif tədbirlərdə iştirak edib, həmçinin tələbəlik illərində dörd il voleybol üzrə Azərbaycan yığma komandasının üzvü, sonra isə kapitanı olub. SSRİ çempionatında iştirak edib. Bundan əlavə, bir müddət Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri işləyib. Orada çalışarkən bir çox bayram verilişlərinin ssenarilərini yazıb, yeni tipli, orijinal verilişlərin hazırlanmasında yaxından iştirak edib. “Uşaqgəncnəşr”də, “Azərnəşr”də redaktor kimi fəaliyyət göstərib. “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri işləyərkən jurnalist kimi həmin qəzetin daha maraqlı, oxunaqlı olması üçün xeyli zəhmət çəkib.
Gündüz Abbasovu geniş tamaşaçı auditoriyasına sevdirən, ona böyük şöhrət gətirən kino ilə tanışlığı 12 yaşında olub. 1942-ci ildə “Sovet pəhləvanı” adlı qısametrajlı bədii filmdə çəkilib. Film Böyük Vətən müharibəsindəki igidliyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İsrafil Məmmədova həsr olunub. Gündüz Abbasov həmin filmdə İsrafil Məmmədovun kiçik dostu, balaca çoban rolunda çıxış edib. Böyük kinoda debüt rolu isə “Onun böyük ürəyi” filmindəki prokuror Rəcəb obrazıdır.
1958-1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın filmdə irili-xırdalı ekran obrazları yaradan aktyor “Bir qalanın sirri” nağıl-filmində Elşən, “Aygün” bədii televiziya filmində Elyar, “Bizim küçə” kinodramında Rasim, “Leyli və Məcnun” filmində Zeyd, “Telefonçu qız”da Mehribanın atası, “Dədə Qorqud”da Bəybura, “Qərib cinlər diyarında” nağıl filmində İblis, “Babək” tarixi-bioqrafik filmində Pərvinin atası və digər filmlərdə maraqlı, koloritli ekran obrazları yaradıb.
Görkəmli kinorejissor Əlisəttar Atakişiyev “Bir qalanın sirri” (1959) filmini ekranlaşdıranda Elşən roluna dəqiq seçim etməklə Gündüz Abbasovun ekran cəngavərini nəinki filmin, hətta illərin qəhrəmanına çevirdi, aktyoru nəsillərin qəlbində əbədiləşdirdi, obrazın təfsirində qəhrəmanlıq mücəssəməsinin bütünü qoydu.
1960-cı ildə ekranlara çıxan “Aygün” bədii televiziya filmi ideya məzmununa, aktyorların peşəkarlığına, müsbət xarakterləri, nümunəvi cəhətləri təbliğ etdiyinə görə tamaşaçıların sevimli ailə filminə çevrildi. Filmdə uğurlu, yaddaqalan personajlardan biri də Gündüz Abbasovun canlandırdığı Elyar obrazıdır. Rolun təfsirində mərd, düz niyyətli, təmiz vicdanlı orta yaşlı insanın üstün cəhətlərini izləyirik.
Elyar Aygünə olan saf sevgisini etiraf edərkən onun qayğıkeş analıq keyfiyyətini, qadınlıq məlahətini, nəvazişini qiymətləndirdiyini bildirir, ona olan hörmət və ehtiramını yüksək mədəniyyətlə, etiket qaydaları çərçivəsində təqdim edir. Rolun kiçikplanlı olması aktyora yaradıcılıq imkanlarını geniş şərh etməyə imkan verməsə də, rola uyğunlaşdırdığı intellektual davranışları çərçivəsində nəcib keyfiyyətlərini, alicənab cəhətlərini izləyirik. Aktyorun nümunəvi cəhətli personajları sırasında “Bizim küçə” filmində Rasim, “Leyli və Məcnun” filmində Zeyd obrazları da yaddaqalımlıdır, baxımlıdır.
Təəssüflər olsun ki, Gündüz Abbasovun filmlərdə canlandırdığı yaşlı, kədərli ekran personajlarını bir qədər tez izlədik (45 yaşından – “Dədə Qorqud” filmindən) və pessimist rolları gözlənilmədən sıralanmağa başladı. “Dədə Qorqud” filmində Bəybura, “Babək” tarixi-bioqrafik filmində Pərvinin atası, “Telefonçu qız” filmində Mehribanın atası, “İşarəni dənizdən gözləyin” filmində şair, “Yuxu” filmində Hidayət kişi və digər personajlar ekran hadisələrinin məzmununun tam olaraq tamaşaçıya çatdırılmasında əhəmiyyəti olan obrazlardır. Məhz bu mənada Gündüz Abbasovun böyük şövqlə, sevgiylə yaratdığı ekran obrazları şəxsiyyətini, şəxsiyyəti isə yaradıcılığını dönə-dönə, minnətdarlıq hissi ilə xatırlamağımıza səbəb yaradır.
Dövlət Film Fondu