Rasim Ocaqov – 90

Maraqlı, orijinal yaradıcılıq üslubu, sənət taktikası ilə aktyorların ekranda səciyyəvi, fərdi cizgilərini yaradan, xarakterlərini açan, ədəbi əsərlərə uğurlu ekran taleyi bəxş edən, mövzunun mahiyyətini dəqiqliklə çatdıran istedadlı kinorejissorlarımızdan biri də Respublikanın Xalq artisti, Dövlət mükafatı laureatı görkəmli kinorejissor Rasim Ocaqovdur. Ömrü boyu sənətinə sadiq qalan rejissor kinomuzun intibah və tənəzzül dövrlərində dərin məzmunlu, maraqlı filmlər ekranlaşdırıb, adı dillərdə, xatirəsi qəlblərdə əbədiləşib. Ustad sənətkarın anadan olmasının 90-cı ildönümündə (22.11.1933) fəaliyyət dövrünə qısa nəzər salırıq, əziz xatirəsini dərin ehtiramla yad edirik.

Rasim Mirqasım oğlu Ocaqov 1933-cü il noyabrın 22-də Azərbaycanın gözəl guşələrindən olan Şəkidə anadan olub. Hələ orta məktəbdə oxuyarkən geoloq olmağı qarşısına məqsəd qoyub. Lakin bir qrup kinematoqrafçının Şəkidə çəkiliş aparması onu bu fikrindən daşındırıb. Onların böyük həvəslə film çəkdiklərini seyr edən yeniyetmə həmin andan etibarən kinoya vurulub, həyatını sevdiyi sənətə həsr edib. Bundan sonra o, özünə bir fotoaparat alıb və şəkil çəkməyə başlayıb. Orta məktəbi bitirdikdən sonra ailəsinin narazılığına baxmayaraq, sənədlərini Moskva Dövlət Kinematoqrafiya İnstitutuna verib və kinooperatorluq fakültəsinə daxil olub (1951).

Ali kino məktəbində dövrün görkəmli kinooperatorlardan olan Aleksandr Qolovnya, Leonid Kosmatovdan sənətin sirlərini öyrənib. 1956-cı ildə institutu bitirib böyük yaradıcılıq eşqi ilə vətənə qayıdıb. Kinoda ilk dəfə kinorejissor Əjdər İbrahimovun çəkdiyi “Bir məhəllədən iki nəfər” (1957) filmində ikinci operator kimi işləyib, tanınmış rus operatoru Pilixina ilə birgə çalışıb.

Rus kinosunda peşəkar yaradıcılıq nümayiş etdirən Pilixinanın fərqli yaradıcılıq manerası Ocaqovun operator kimi püxtələşməsinə təkan verib. Bu filmdən sonra  rejissor-operator kimi bir neçə sənədli film çəkib. Əjdər İbrahimovla yaradıcılıq tandemini davam etdirən gənc operator “Onun böyük ürəyi” bədii filminə operator kimi quruluş verib. Bu imkandan böyük məharətlə istifadə edərək müharibədən sonrakı quruculuq illərinin qaynar həyatını, insanların sosial mövqelərini, psixoloji durumlarını müxtəlif planlarla, yüksək sənətkarlıq üslubunda göstərməyə nail olub.

Rasim Ocaqovun bəxti onda gətirib ki, kinostudiyaya gəldiyi illərdə peşəkar sənətkarlarla çiyin-çiyinə çalışıb. Yuxarıda sözügedən filmlərdən sonra görkəmli kinorejissor Tofiq Tağızadənin “Əsl dost” və “Matteo Falkone” filmlərində quruluşçu operator kimi işləyib.

1961-ci ildə kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “Bizim küçə” filminə dəvət alıb. Bundan sonra ardıcıl olaraq kinorejissor Həsən Seyidbəyli ilə “Cazibə qüvvəsi”, “Sən niyə susursan?” filmlərində, həmçinin, kinorejissor Eldar Quliyevin quruluş verdiyi bir neçə ekran əsərində çalışıb, 10-dan çox bədii filmə operator kimi quruluş verib.

Kinoya olan məhəbbətini, biliyini, bacarığını hələ ilk dövrdən təsdiqləyən Ocaqov bir müddət sonra kinorejissor kimi fəaliyyət göstərmək qərarına gəlib, 1974-cü “Qatır Məmməd” filminə rejissor kimi quruluş verib.

Yaradıcılığında mövzu məhdudiyyəti olmayan kinematoqrafçı istər tarixi, istərsə də psixoloji dram janrında çəkdiyi mövzulara eyni ciddiyyətlə yanaşıb, ədəbi əsərləri uğurla ekranlaşdırıb. Bir il sonra yazıçı, dramaturq İsa Hüseynovun “Saz” və “Tütək səsi” povestlərinin motivləri əsasında çəkdiyi “Tütək səsi” filmi ilə rejissor kimi bir daha tamaşaçı rəğbəti qazanmağa müvəffəq olub. İkinci Dünya müharibəsi illərində Azərbaycanda arxa cəbhədəki insanların maddi və mənəvi durumlarını əks etdirən filmi psixoloji həssaslıqla işləyib. Fəaliyyəti boyunca rejissor kimi ümumilikdə 12 bədii film ekranlaşdırıb.

Yüksək mənəvi dəyərləri, insani cəhətləri qiymətləndirən Rasim Ocaqov həmişə deyərdi: “İş yalnız onda deyil ki, yaxşı film çəkəsən. Biz elə işləməliyik ki, sonra bütün ömrümüz boyu bir-birimizin gözünə hörmətlə və dik baxa bilək”. Ümumiyyətlə, Rasim müəllim insanlarının sosial mövqelərini, şəraitlərini dərindən öyrənər, onların mənəvi aləmlərinə nüfuz edər, personajları tədqiqat mənbəyinə, kinonu ibrətamiz insan həyatını, ideyalarını əbədiyyətə qovuşduracaq, nəsillərin illər sonra belə baxıb örnək götürəcəyi, pisi qınayacağı bir vasitəyə çevirərdi. Elə buna görə də çəkdiyi mövzular təsadüfi, personajlar mənasız təsir bağışlamazdı.

Yaradıcılıq filmoqrafiyasına 70-ə yaxın film daxil olan sənətkar bədii filmlərlə yanaşı, sənədli, sənədli-televiziya filmləri ekranlaşdırırb, həmçinin (20-yə yaxın) “Mozalan” satirik kinojurnalına ssenarilər yazıb, rejissor kimi quruluş verib.

Yaradıcı heyətin bacarığını doğru istiqamətə yönəldən, onları şöhrətləndirən, maraqlı sənət nümunələri yaradan Rasim Ocaqovun hər bir filmi onunla çalışanlar üçün məktəbə çevrilirdi. Sevdiyi, filmlərinə dəvət etdiyi aktyor heyəti (Xalq artistləri Fəxrəddin Manafov, Hacı İsmayılov, Nuriyyə Əhmədova, Həsən Məmmədov, Zərnigar Ağakişiyeva) rejissorun istək və məqsədini dolğun, aydın, yüksək peşəkarlıqla çatdırır, filmlərinə uğurlu ekran taleyi bəxş etməyə nail olurdular.

Rasim Ocaqovun kinodakı yüksək xidmətləri Dövlət tərəfindən layiqincə qiymətləndirilib, yüksək mükafatlara layiq görülüb. İstedadlı kinorejissor Azərbaycan kinosunda göstərdiyi xidmətlərə görə 1980-ci ildə Azərbaycan Dövlət mükafatı, 1981-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub, 1982-ci ildə Respublikanın Xalq artisti fəxri adını alıb.

Azərbaycan kinosunun inkişafında böyük xidmətləri olan Rasim Ocaqovun filmləri mədəniyyətimizin bir parçası kimi bütün dövr tamaşaçılarını düşündürür, zövqünü formalaşdırır, onlara yüksək mənəvi-estetik zövq verir. Kinonu ali səviyyədə təbliğ etdiyinə görə də xatirəsi daim əziz tutulur, unudulmur.

Dövlət Film Fondu