Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, məzmunlu ssenariləri ilə kinomuza uğur gətirən ədiblərimizdən biri də Xalq yazıçısı İmran Qasımovdur. Dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malik olan nasir bir sıra mühüm mövzulu ekran əsərlərinin yaranmasında, sevilməsində, ekran taleyini uğurla yaşamasında mühüm rol oynayıb.
Bacarıqlı ssenarist kimi milli kinomuzun inkişafına təkan verən yazıçının görkəmli kinorejissor, ssenarist Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” povesti əsasında kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı eyniadlı müharibə dramını xatırlamaq kifayət edir ki, yazıçının həyat hadisələrinə həssaslıqla diqqət yetirib təhlil etmə bacarığını, insanların xarakter üstünlüklərini, mənəvi-əxlaqi keyfiyyətlərini yüksək sənətkarlıqla təhlil etmə qabiliyyətinə malik olduğunu görəsən.
Yaradıcılığında dəniz mövzusu (“Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə birlikdə), “İnsan məskən salır” , “Arzu”, “Xəzər üzərində şəfəq” və s.) xüsusi yer tutan nasir, ssenarist kimi 40-dan çox (bədii-sənədli) filmin ərsəyə gəlməsində mühüm rol oynayıb, filmlərin məna dəyərinin, baxımlılığının artmasını təmin edib.
İmran Haşım oğlu Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Haşım Qasımov əsrin əvvəllərində Sankt-Peterburqda ali təhsil alıb, anası Mələk xanım Azərbaycanın ilk qadın mühəndislərindən biri olub. 1934-cü ildə orta məktəbi bitirdikdən sonra o, əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda təhsil alıb.
Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Dövlət mükafatına layiq görülüb, “Lenin”, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri ilə təltif olunub.
Ekran əsərlərinin uğurunun ssenaridən başladığı şərtdir. Bu mənada yazıçının ssenariləri əsasında çəkilən filmlər bu gün də maraqla izlənilməkdədir. İmran Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərinin hiss və duyğuları aydın şəkildə təsvir olunub. Ssenarisi əsasında çəkilən “Onun böyük ürəyi”, “İnsan məskən salır” və digər filmlər bu gün də maraqla, sevilərək izlənilməkdədir.
Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən, səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə çox bağlı olduğunu parlaq şəkildə göstərir. Yazıçı qəhrəmanlarının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi. Buna görə də yaradıcılığında əsasən, müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirirdi.
Ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olan İmran Qasımov tez-tez xarici ölkələrdə səfərdə olub, müxtəlif görüşlər, böyük xalqlar, maraqlı adamlar haqqında xatirələr yazıb. Taleyinə yazılan 63 illik ömür payında zəngin, maraqlı, mənalı ömür yaşayıb, nümunəvi yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub.
Dövlət Film Fondu